Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2025, Şənbə
İlkin Rəfail oğlu Quliyev
(15.04.2002-10.10.2020)
İlkin 2008-ci ildə Bakı şəhərinin Sabunçu rayonundakı 310 nömrəli tam orta məktəbdə təhsil almağa başlamışdı. Oxuduğu müddətdə digər şagirdlərdən savadı ilə seçilirdi. Onun söylədiyi şeirlər, oxuduğu mahnılar hamısı Vətənə aid idi. Çox vətənpərvər idi İlkin. Arzusu o idi ki, torpaqlarımız işğaldan azad olunsun. Dostları ilə birlikdə Qarabağda yaşayıb işləsinlər. Amma İlkin heç vaxt düşünməzdi ki, yaşamaq istədiyi torpaqların özümüzə qaytarılmasında o da iştirak edəcək, şəhid olacaq.
İkinci Qarabağ müharibəsinin başlandığı gündən döyüşlərdə iştirak edib. Ancaq bizə heç vaxt bu barədə bildirmirdi. Yalnız deyirdi ki, qorxmayın, hər şey yaxşı olacaq, qələbə bizimlədir. Sonuncu dəfə Füzuli istiqamətində gedən döyüşlərdə vuruşub. Həmin döyüşdə ağır yaralanmışdı. Yaralandığı zaman əlcəklərini çıxarıb əsgər yoldaşına əmanət edib ki, bunu ailəmə çatdırarsan. Onu dərhal Bakıya hərbi hospitala aparırlar. Orada komandiri İlkinin alnından öpür, “Qorxma, hər şey yaxşı olacaq”, – deyir. İlkin də “Qorxmuram, komandir. Məndən hamıya salam söyləyin”, – deyə cavab verir. Hərbi hospitalda da dünyasını dəyişir...
İlkinimin otağını təmizləyirdim. Bir də gördüm ki, həyətdə polislər, təcili yardım maşını dayandı. Demə, yoldaşım, qohumlar bilirlər. Amma mənə heç nə deməyiblər. Gəlib həyətdə gözləyirlər. O anda hiss etdim ki, artıq balam yoxdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. O günə qədər İlkin bizim oğlumuz idi. Həmin gündən bütün Azərbaycanın balasıdır. Çox ağırdır mənə bunları demək. Hələ də balamın yolunu gözləyirəm. Gözüm hər yerdə onu axtarır. İnşallah, cənnətdə balama qovuşaram.
Mən qəhrəmanımla qürur duyuram. Ona görə ki, belə cəsur oğulun anası olmağı mənə Allah nəsib edib. İlkin deyirdi ki, ana, mən sənə elə oğul olacağam ki, səsim daim ucalardan gələcək. Elə bil ki, hiss edirmiş şəhid olacağını, ona görə belə deyirmiş. Şəhid balamla bağlı çox arzularım, istəklərim var idi. Amma hamısı yarımçıq qaldı. Balam on səkkiz yaşında şəhidlik zirvəsinə ucaldı. Vətən uğrunda canından keçdi. Bizi gözüyaşlı qoydu. Təsəllim isə odur ki, oğlum Vətən yolunda canını fəda edib. Onların uğrunda həlak olduqları torpaqlarımızda ayaq izləri var. Bilirəm ki, oğlumun ruhu şaddır. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində qazanılan Zəfərimiz isə əbədidir.
Digər xəbərlər