Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşl...
17:02 20.07.2026
0
0
0
NAXÇIVAN :
20 Iyul 2026, Bazar ertəsi
Ölkəmizdə qədim tariximizin yadigarı olan bir çox tarixi-memarlıq abidələri keçmişimizin şahidi kimi günümüzədək gəlib çıxmışdır. Əcdadlarımızın bu qədim yadigarlarına diqqət və qayğını daha da artırmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etmişdir. Ölkə başçısı, eyni zamanda Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd olunması və Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında Sərəncam imzalamışdır. Bəzən insan yalnız gördüklərini deyil, hiss etdiklərini də yaratmaq istəyir. Mən bir rəssam olaraq rənglərlə danışmağı öyrəndim, amma düşünürəm ki, əgər memar olsaydım, bu rəngləri daşlara köçürərdim. Əcəmi Naxçıvani kimi dahilərin izi ilə gedərək daşda donan ruhu rənglə yaşadar, səssiz divarlara həyat verərdim. Mənim üçün memarlıq, sadəcə, qurmaq deyil, hissləri əbədiləşdirməkdir həm də. Mən rəngkaram. Dünyaya xətt, rəng və işıq-kölgə vasitəsilə baxıram. Fırçamın ucundan çıxan hər bir zərbə mənim üçün, sadəcə, boya deyil, bir hissin, bir düşüncənin ifadəsidir. Bu baxış məni sənətin digər qollarına, xüsusilə də memarlığa fərqli gözlə yanaşmağa vadar edir. Memarlıq mənim üçün donmuş musiqi, daşlaşmış poeziyadır. Əgər mən memar olsaydım, ilhamımı, ilk növbədə, doğulduğum torpağın dahisi, daşa ruh verən sənətkar Əcəmi Əbubəkr oğlu Naxçıvanidən alardım. Onun əsərləri qarşısında dayananda başa düşürsən ki, memarlıq yalnız texniki hesablama, divar və günbəz deyil. Memarlıq fəlsəfədir, dünyagörüşüdür, əbədiyyətə göndərilən mesajdır.
Dövrün və dahinin portreti: Əcəmi Əbubəkr oğlu Naxçıvani
XII əsr Azərbaycan intibahının qızıl dövrüdür. Məhz bu dövrdə, Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin və onun xanımı Möminə xatunun himayəsi ilə Naxçıvanda böyük bir memarlıq məktəbi formalaşır. Bu məktəbin zirvəsində isə bir ad dayanır: Əcəmi Əbubəkr oğlu Naxçıvani. Təəssüf ki, orta əsr memarları çox vaxt adsız qəhrəmanlar kimi tarixdə itib-batırlar. Lakin Əcəmi Əbubəkr oğlu bu taleyi yaşamadı. Bunun iki səbəbi var. Birincisi, yaratdığı əsərlərin misilsiz bədii və konstruktiv keyfiyyəti. İkincisi isə özünə və sənətinə olan hörməti. O, yaratdığı bir çox qiymətli abidənin, xüsusilə iki şah əsərin – Yusif Küseyir oğlu və Möminə xatun türbələrinin üzərinə qürurla imzasını həkk etmişdir: “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir”. Bu sadə cümlə, əslində, böyük bir bəyanatdır. Sənətkar öz əsərinə imza atmaqla onun üçün məsuliyyət daşıdığını, onu gələcək nəsillərə əmanət etdiyini bildirir. Əcəmi Naxçıvani Azərbaycan memarlıq tarixində yeni bir üslubun, Naxçıvan-Marağa memarlıq məktəbinin banisidir. Bu üslubun əsas xüsusiyyətləri qülləvari türbələr, zəngin həndəsi naxışlar, kərpic hörgüsünün virtuoz səviyyəyə çatdırılması və kaşı bəzəklərindən məharətlə istifadə olunmasıdır. Lakin Əcəminin dühası bu texniki məqamlardan daha dərindədir. O, formaya məna yükləməyi, daşı danışdırmağı bacarırdı. Onun üçün hər naxış bir ayə, hər günbəz səmaya ucalan bir dua idi.
Daş üzərində çəkilən rəsm: Möminə xatun türbəsi
Əcəminin sənət fəlsəfəsini anlamaq üçün onun şah əsəri olan Möminə xatun türbəsinə rəssam gözü ilə baxmaq kifayətdir. İlk baxışdan onguşəli qülləvari quruluşu ilə diqqəti cəlb edir. Lakin onun əsl möcüzəsi detallardadır. Türbənin səthini bəzəyən həndəsi ornamentlər sanki sonsuzluğa doğru uzanan bir musiqini xatırladır. Kərpiclərin müxtəlif vəziyyətlərdə düzülməsi ilə yaradılan işıq-kölgə oyunu səthə dinamika verir. Günəşin hərəkətindən asılı olaraq türbənin görünüşü dəyişir. Səhər bir cür, günorta başqa cür, axşam isə tamamilə fərqli görünür. Bu, donmuş bir daş parçası deyil, yaşayan, nəfəs alan bir orqanizmdir. Səth boyunca uzanan həndəsi naxışlar təkrarlanan fırça zərbələrini xatırladır. Hər bir kərpic, hər bir oyma naxış bütöv bir kompozisiyanın elementidir. Burada təsadüfi heç nə yoxdur. Hər naxışın bir nəfəsi, hər səthin bir sükutu var. Bu, miniatür sənətində gördüyümüz dəqiqlik və harmoniyadır: detallarda bütövü görmək, xırda elementlərlə böyük fəlsəfə yaratmaq. Türbənin üzərindəki kufi xətti ilə yazılmış kitabələr isə kompozisiyanı tamamlayır. Mavi kaşılarla işlənmiş bu yazılar qırmızı kərpic fonunda bir tablo kimi seçilir. Bu, rəngkarlıqda istifadə edilən kontrast prinsipidir. İsti və soyuq rənglərin, düz xətt ilə əyri xəttin, dolu ilə boşluğun vəhdəti. Əcəmi rəngdən az istifadə edib, lakin istifadə etdiyi hər rəngi məna yüklü edib. Mavi səmanın, əbədiyyətin rəmzidir. Kərpicin qırmızısı isə torpağın, həyatın rəngidir. Bu iki rəngin qovuşuğu ilə Əcəmi yerlə göyün vəhdətini yaradır.
Sükutun memarlığı: Yusif Küseyir oğlu türbəsi
Əcəminin yaratdığı çoxsaylı əsərlərdən biri də günümüzə qədər gəlib çatmış Yusif Küseyir oğlu türbəsidir. Bu səkkizguşəli türbə Möminə xatun türbəsi ilə müqayisədə daha sadə və təvazökardır. Lakin bu sadəlikdə böyük bir dərinlik gizlənir. Əgər Möminə xatun türbəsi bir dastandırsa, Yusif Küseyir oğlu türbəsi bir rübai, bir fəlsəfi düşüncədir. Burada bəzək ünsürləri daha azdır. Əsas diqqət formanın saflığına, proporsiyaların mükəmməlliyinə yönəlib. Türbənin tillərindəki sütunçalar və yuxarı hissədəki naxış qurşağı abidəyə zəriflik verir. Bu abidəyə baxanda qələmlə çəkilmiş incə eskizlər göz önündə canlanır. Sanki Əcəmi burada tişəni bir kənara qoyub, qələmlə işləyib. Xətlərin dəqiqliyi, formaların lakonikliyi heyrətamizdir. Bu türbə insana sükutun gücünü öyrədir. Hər zaman qışqırmağa, özünü göstərməyə ehtiyac yoxdur. Bəzən bir sükut, bir boşluq cild-cild kitabdan daha çox məna ifadə edə bilər. Əcəmi bu əsəri ilə sübut edir ki, o həm təmtəraqlı, həm də minimalist üslubda şah əsərlər yaratmağa qadir bir sənətkardır. Bu iki əsərdən çıxarılan dərs unudulmazdır: yerinə görə danışmaq, yerinə görə susmaq lazımdır. Memarlıq da insan kimidir – onun da danışan vaxtı, susan vaxtı olmalıdır.
Mən memar olsaydım: Əcəminin prinsipləri ilə müasirlik
Memar Əcəminin izi ilə getmək köhnəni təkrarlamaq deyil. Əksinə, onun fəlsəfəsini anlayıb müasir materiallarla, müasir texnologiyalarla yeni bir dil yaratmaqdır. Əcəmidən “məna” dərsini almaq lazımdır. Tikilən bir çox bina funksionaldır, lakin ruhsuzdur. Əcəmi isə hər daşa bir məna yükləyirdi.
Miniatür sənətinin əsas prinsipi ən xırda detala qədər dəqiqlik və bütün elementlər arasında harmoniya yaratmaqdır. Əcəminin əsərlərində də bu var. Nəhəng bir türbənin üzərindəki xırda bir kərpic belə ümumi ahəngi pozmur, əksinə, tamamlayır. Bu prinsip unudulmazdır. Qapının dəstəyindən tutmuş tavandakı naxışa qədər hər bir detal bütövün bir parçasıdır. Çünki böyük sənət xırda detallardan doğulur.
Rəng, işıq və daxili azadlıq: zirvə anlayışı
Zirvə yalnız əldə olunan nəticə deyil, zirvə insanın özünü tapdığı, sevdiyi işi gördüyü və daxili azadlıq hiss etdiyi məqamdır. Bu fikir memarlığa da birbaşa aiddir. Əcəmi üçün zirvə, yəqin ki, Möminə xatun türbəsinin inşasını başa vurduğu an deyildi. Zirvə o idi ki, hər səhər gün doğanda əsərinin üzərində oynayan işığı görürdü. Zirvə o idi ki, yaratdığı naxışların əsrlər sonra da insanları heyran edəcəyini bilirdi. Zirvə daxili azadlıq idi – heç bir qanuna, heç bir şablona sığmadan, ürəyinin hökmü ilə daşa forma vermək azadlığı.
Sifarişçinin tələbləri, texniki normalar, büdcə – bunların hamısı vacibdir. Lakin bunların əsirinə çevrilsən, sənətkarlıq ölər. Əcəmi Atabəylər kimi qüdrətli bir dövlətin sifarişlərini yerinə yetirirdi, amma öz dəst-xətini, öz azadlığını qoruyub saxlamağı bacardı.
Daşa yazılmış vəsiyyət
Əcəmi Əbubəkr oğlu Naxçıvani bizə, sadəcə, iki türbə miras qoymadı. O bizə bir məktəb, bir fəlsəfə, bir vəsiyyət miras qoydu. Onun vəsiyyəti daşın üzərində həkk olunub: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”. Bu iki misra hər bir sənətkar üçün, xüsusilə də memar üçün həyat kredosu olmalıdır. Biz bu dünyada müvəqqətiyik. Bizim dərdlərimiz, sevinclərimiz, arzularımız bizimlə birgə torpağa qarışacaq. Lakin yaratdığımız əsərlər qalacaq. Onlar bizim səsimiz, bizim nəfəsimiz, bizim ruhumuz olacaq. 900 il əvvəl Əcəminin yonduğu daş bu gün onunla bizim aramızda körpü yaradır. Biz onunla danışırıq, o bizimlə. Çünki əsl memarlıq yalnız bu günü deyil, gələcəyi də düşünməkdir. Əsl memarlıq sabahın adamlarına “Mən də var idim” deməkdir. Əcəmi Naxçıvaninin izində getmək – keçmişlə gələcək arasında körpü olmaq deməkdir, ulu keçmişimizdən xəbər verən tarixi abidələrə sonsuz sevgi ilə baxıb, onlardan güc alaraq yeni zirvələrə can atmaq deməkdir.
Memarlıq irsi, sadəcə, daşdan ucaldılmış abidələr deyil, xalqın yaddaşı, kimliyi və ruhudur. Əcəminin yaratdığı əsərlər isə bizə sübut edir ki, sənət zamanın fövqündə dayanır və onu yaşatmaq insanlığın borcudur. “Əcəminin izi ilə: qur, qoru və gələcəyə ötür”.
Ülviyyə QƏHRƏMANOVA
Naxçıvan Dövlət Universitetinin tələbəsi
Digər xəbərlər