NAXÇIVAN :

27 Yanvar 2025, Bazar ertəsi

Mən həm həkiməm, həm də döyüşçü

...

Turqut Nadir oğlu Xəlilbəyli
(04.07.1993-07.10.2020)

Turqut Şərur rayonunun Yengicə kəndində anadan olub.  Balaca vaxtından mehriban, istiqanlı, deyən-gülən uşaq idi. Müəllimləri Turqutdan razılıq edirdilər. VI sinfi bitirdikdən sonra Turqut təhsilini Şərur şəhərində yerləşən liseydə davam etdirdi. Liseydə oxuyan zaman həftəsonları evə gəlirdi. Deyirdi ki, həkim olacağam. Mənə həkim Turqut Xəlilbəyli deyəcəklər. Mən də bir ana kimi övladımı həkim görmək istəyirdim. Bu arzuya çatdıq. Turqut Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul oldu. Universiteti bitirdikdən sonra Turqutun təyinatını Beyləqan rayonundakı “N” hərbi hissəyə verdilər.
Beyləqanda 2 il idi ki, məntəqə rəisi işləyirdi. Xoş sorağını eşidib sevinirdik. Həkim işlədiyi müddətdə hər kəs ondan razılıq edirdi. Ara-sıra məzuniyyət götürüb gəlirdi. Bəzən Bakıda bir-birimizi görürdük. Son dəfə görüşəndə bir az şikayətləndim. Dedim ki, oğul, heç mənimlə vaxt keçirmirsən. Turqut da gülə-gülə dedi ki, mən gedirəm. Məzuniyyət götürüb gələndə səninlə çox vaxt keçirəcəyəm. Ancaq mən bilməzdim, bu onunla son görüşüm olacaq. Heç ağlıma da gətirməzdim. 
Müharibə başlayan zaman Turqut könüllü yazılmışdı. Bundan bizim xəbərimiz yox idi. Deyirlər ki, o, müharibəyə gedən ilk gündən yaralı əsgər və zabitlərimizi döyüş zonasından çıxarırmış. Yaralı əsgərlər olmadığı vaxtlarda isə müharibədə iştirak edirmiş. Döyüş yoldaşları Turquta “Sən həkimsən, irəli getmə”, – deyirmişlər. O isə bununla razılaşmırmış. Deyirmiş ki, mən həm həkiməm, həm də döyüşçü. Turqut bizimlə danışan zaman müharibədə olduğunu deməmişdi. Biz onun müharibəyə könüllü yazıldığını şəhid olandan sonra bildik. Ok­tyabrın 7-də şəhidlik zirvəsinə ucaldı. 2-ci Fəxri xiyabanda dəfn edilib. Prezidentimizin Sərəncamı ilə orden və medallarla təltif olunub. 

Turqut şəhid olandan sonra vaxtilə kömək etdiyi insanlar bizim evimizi ziyarət edirlər. Onun yardımsevərliyindən, qəhrəmanlığından ağızdolusu danışırlar. Mən bir ana olaraq oğlumla fəxr etmişəm. İndi də fəxr edirəm ki, mənim Turqut kimi övladım var. Mən Turqutumu hər zaman ağxalatlı həkim kimi görmək istəyirdim. Amma bu mənə qismət olmadı. Oğlum cismən yanımızda deyil. O, daim bizim qəlbimizdədir. Vətən sağ olsun! Allah bütün şəhidlərimizin məkanını cənnət etsin!

Nəşr edilib : 26.01.2025 19:19