Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Məmmədhəsən Meydan oğlu Sadıqlı
(21.02.1992-27.10.2020)
Məmmədhəsən haqqında çox danışmaq olar. Oğlum ata-anasına bağlı bir övlad idi. Yəqin ki, Vətən sevgisi bu bağlılıqdan irəli gəlirmiş. Çox qoçaq idi. İdmana hədsiz maraq göstərirdi. Bütün yarışlardan qalib çıxardı. O idman yarışı yox idi ki, oradan təltifsiz qayıtsın.
Ən böyük arzusu idi hərbçi olmaq. Bunun üçün ciddi çalışırdı. Arzusuna çatdı, hərbi liseyə qəbul oldu. Orada da çox yaxşı oxuyurdu. Müəllimləri Məmmədhəsəndən çox razı idilər. Həm savadı, həm tərbiyəsi, həm də idmana olan həvəsi ilə fərqlənirdi.
Hərbi liseyi uğurla bitirdi. Sonra AHM-ə daxil oldu. Məmmədhəsən orada da fərqlənirdi. Komandirləri razılıq edirdilər. Deyirdilər ki, belə kursantlarımızla fəxr edirik.
Məmmədhəsən Günnüt əməliyyatında yaxından iştirak etdi. Bayrağa çox bağlı idi. İstəyirdi ki, hər getdiyi yerdə bayraq olsun. Onu yüksəklərdə dalğalandırsın. Günnütdəki şücaətinə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif olunub.
Balamın Uğur adında bir övladı var. Hər dəfə Allaha şükür edirəm ki, Məmmədhəsənin nişanəsi qalıb. Ona baxdıqca sanki balamı yanımda hiss edirəm. Bilirəm, biz analar üçün bu dərd çəkilməzdir. Amma qürurluyuq. Çəkilməzdir, ona görə ki, balanın imtahanı çətin olur. Bala dərdi ağırdır. Qürurluyam, ona görə ki, balam qəhrəmandır. Öz millətini, dövlətini, xalqını hər şeydən üstün bildi. Ali Baş Komandanın əmri ilə getdi. Torpaqlarımızı düşmən tapdağından azad etdi.
İndi o torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bütün dünya bizə həsəd aparır. Prezidentimizə qibtə edirlər. Çünki onun siyasəti və bizim balalarımızın sədaqəti torpaqlarımızı azad etdi.
Zaman hər şeyin dərmanıdır. Yüzlərlə, minlərlə Məmmədhəsənlər, Eminlər, Raqiblər doğulacaq. Bu igid oğullar var olduqları müddətcə bizim bayrağımız yüksəklərdə dalğalanacaq.Var olsun Prezidentimiz! Yaşasın Azərbaycan xalqı! Vətən sağ olsun!
Digər xəbərlər