NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Məktəbəqədər təhsil pilləsi üzrə alternativ modellərin tətbiqi genişlənir

...

Alternativ modellərin tətbiqində məqsəd daha çox uşağı təhsilin ilk pilləsinə cəlb etməkdir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellərin tətbiqi həyata keçirilir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot proqramı ilə bağlı 2024-cü ilin yanvar ayından etibarən 16 layihə qrant qazanıb: “Layihə 500-ə yaxın uşağı əhatə edib. Qrant proqramının həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən kənarda qalan uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin edilməsi istiqamətində qrant vasitəsilə maliyyələşdirmə mexanizminin sınaqdan keçirilməsidir. 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088 nəfər, uşaqların sayı 20 min nəfərdir”.

Eşqi Bağırov qeyd edib ki, davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb. Onun sözlərinə görə, “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları” modelinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır.

Nəşr edilib : 29.10.2024 12:50