NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Məhəbbətin və istedadın əzəməti haqqında poema

...

Azərbaycan ədəbiyyatında özünün zəngin lirikası ilə yaddaşlarda dərin iz buraxan mötəbər sənətkarlardan biri də Adil Babayevdir. 1920-ci illərdən sonra Azərbaycan ədəbiyyatında lirik poeziya sahəsində qüdrətli ədəbiyyat adamı, milli poeziyanın günəşi Səməd Vurğunun adı ilə bağlı şeir məktəbi özünün qüvvətli ardıcıllarını yetirməklə Azərbaycan ədəbiyyatına zənginlik qatırdı. Xalq şeiri ənənələri üzərində formalaşmış bu məktəb vətənə məhəbbət motivləri üzərində köklənərək Azərbaycan vətəndaşlıq lirikasını inkişaf etdirirdi. Vətən təbiətinə bəslənilən sonsuz məhəbbət, onun zənginliyi və füsunkarlığının öyülməsi, tarixi, mədəniyyəti, dəyərlərinin təqdimi və təbliği bu lirikanın başlıca məzmunu və mövzularını təşkil edirdi. Bu sahədə yetişən qüdrətli sənətkarlardan biri kimi Adil Babayevin özünün imzası və mövqeyi var idi. 

Şairin poeziyasında xüsusi yeri olan “Memarın məhəbbəti” əsəri də bu cür xüsusi əhəmiyyətə malik olan, həm mövzu, həm forma, həm də ideya olaraq sənətkarın yaradıcılığına böyük məziyyət gətirməkdədir. Ümumiyyətlə, şair Adil Babayevin lirik ustalığı, lirika və təhkiyənin qovuşuq janrı olan poema sahəsində özünü daha qabarıq təzahür etdirir. Adil Babayevin yaradıcılığı üçün xarakterik olan poema janrına aid “Gecikmiş bahar”, “Memarın məhəbbəti”, “Dan yeri sökülür”, “Babəkdən sonra”, “Qız qalası”, “Ölməyə vətən yaxşı”, “Qartal qanadları” kimi əsərlərində şairin poetik ustalığı və sənətkarlığı çox məharətlə özünü nümayiş etdirir. Şair Adil Babayev lirik şeirin tərənnüm imkanları ilə vətənə sevgi və vətəndaşlıq qayəsi ortaya qoyduğu kimi, epik şeirin imkanları daxilində də vətənin tarixinə qayıdış ehtiyacı və milli mənlik düşüncəsini əks etdirməyə nail olmuşdur. Odur ki, Adil Babayevin yaradıcılığında lirik vüsətlə epik təhkiyə bir-birinə qovuşuq addımladığı kimi, tarixilik, millilik və fəlsəfilik də o cür yanaşı, qoşa təzahür tapır. “Memarın məhəbbəti” adlı poema da belə əsərlərdən biridir. Əsər XII yüz il Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvanidən bəhs etdiyi kimi, onun adı dillərə dastan olan, dünya mədəniyyətində dərin iz buraxan, böyük məktəb formalaşdıran sənət dünyası və Möminə xatun türbəsinin ərsəyə gəlməsi barəsindədir. 
Məlum olduğu kimi, Möminə xatun türbəsi bir dünya mədəniyyəti incisidir. Dünyaca məşhur neçə abidə məhz Əcəminin Möminə xatun türbəsinin ənənələri üzərində formalaşmışdır. Tac Mahal abidəsi də həm memarlıq üslubu, həm də hekayət ilə Möminə xatun türbəsinin ən nadir ardıcıllarından biridir. Ölkə başçısı cənab İlham Əliyevin dünyanın nadir incilərindən olan Möminə xatun türbəsinin bərpası ilə bağlı Sərəncamı da bu abidəyə və ona həsr edilən qiymətli bir əsərə qayıtmaq ehtiyacı yaradır. 
“Memarın məhəbbəti” adlı əsər poema janrındadır. Əsərin baş qəhrəmanı Naxçıvandan olan, Atabəylər dövlətinin baş memarı kimi geniş şöhrətə çatmış, ucaltdığı Möminə xatun türbəsi ilə dünya şöhrəti qazanmış, Azərbaycan mədəniyyətinin simvoluna çevrilən unudulmaz sənət adamlarından biri olan Əcəmi Əbubəkr oğludur. Əsərin də başlıca hadisəsini Memar Əcəminin dövrü və mübarizəsi, yaddaqalan həyat və yaradıcılıq fəaliyyəti təşkil edir. Poema müxtəlif bölmələrdən ibarət qurulmuşdur. “Tozlu yollar”, “Qardaş dərdi”, “Təlaş”, “Sarayda”, “Nişan üzüyü”, “Karvan gedir Araz boyu”, “Bu qala, daşlı qala”, “Bəlkə, getdi, gəlmədi”, “Xəyanət”, “Zindan”, “Vəba”, “Şairin iltiması”, “Nə şirinsən azadlıq!”, “Məhəbbət abidəsi” və başqa başlıqlardan ibarət maraqlı bölmələr əsərdə yer almışdır. Poemanın qəhrəmannamə olduğunu bir daha nəzərə alaraq əsərdə memar Əcəminin həyatı, fəaliyyəti və taleyi ilə qabarıq bir obraz təşkil etdiyini, mühüm mücadilələrlə qovuşuq bir həyata və fəaliyyətə sahib olduğunu şair əks etdirməyə çalışmışdır. Poemada epik təhkiyə qüvvətli olduğu kimi, dramatizmə də sahibdir. Hadisələrin xüsusi dramatizmlə təqdimi əsərə epik pafos və canlılıq təsiri bağışlayır. 
Əsərdə gənc bir sənətkar olaraq memar Əcəmi Əbubəkroğlunun həyat mücadiləsi, ədalət naminə haqq uğrunda savaşı əks olunubdur. Gənc bir sənətkarla qoca bir sarayın qarşıdurması və mübarizəsi əsərin ruhu və qayəsini təşkil edir. Əsərində giriş xarakteri daşıyan “Tozlu yollar” hissəsi şairin vətəni haqda səmimi və üsyankar duyğularını dilə gətirməsi, əsərin ümumi pafosu və ruhuna sirayət edən fikirlər aşılaması baxımından çox diqqətəlayiqdir. Atası işğalçı, zalım bir siyasi qüvvənin şər-şamatası ilə həbs edilib güllələnən, ailəsi qansız bir rejimin üzdəniraq qərarları və qınaqları ilə dərbədər düşən, hər cür səfalət, rəzalət və əziyyətlə qarşılaşan şair Adil Babayevin üsyankar və qəzəb dolu bir etirazı burada təcəssüm taparaq əsərin qayəsi və taleyinə çevrilmişdir. Şair bir vətəndaş olaraq işğalçıya, qəsbkara etiraz və üsyan edir, lənət və intiqam oxuyaraq qəzəb və mübarizə ruhu ortaya qoyur:
    ...qarət oldu yoxun-varın.
    Hər düzündən, hər dağından
    Hər elindən, oymağından
    ərşə qalxdı fəğan, nalə. 
    Eh, birmidir, ikimidir
    Sərvətinlə varlananlar?
    Hər daşında
    Qan izi var,
    Yad gözü var!
    Sən ey cəsur, ey cəfakeş 
    həmvətənim!
    Sonsuz eşqin, böyük dərdin
    Qəlbimdədir hər an mənim.
    ...Eh nə deyim, özün 
             böyük, dərdin böyük! 

Şairin peşəkarlığı və sənətkarlığı oradadır ki, vətəndaş qəlbinin ağrılarını, üsyan və mübarizə motivlərini düşmənin ruhu duymadan sözün bədii məharəti, ifadə gücü və üslubi imkanları ilə diqqətə çatdırmağa nail olur. Söz ustalığı sözdən bədii obrazlı istifadənin özünəməxsusluğu ilə öz reallığını tapır. A.Babayevin sənətkarlıq məharəti və söz ustalığı həm də başlıca ideya-fikri mətləblərin didaktik üslubi konstruksiyalarla ifadələrdə öz təzahürünü tapır. Yığcam, lakin dərin məzmun ifadə edən belə üslubi konstruksiyalar məharətlə istifadə edilməklə poetik kamillik nümayiş etdirir, əsərə bədii gözəllik və məna dərinliyi bəxş edir.
Əsərdə hadisə və əhvalatların baş verdiyi qalaktika Əcəmi ilə Səyyarənin saf sevgisi əhatəsindədir. Şair heç bir tarixi fakta söykənmədən əsərə gözəllik və məna qatan bir eşq-məhəbbət süjeti yaradır və ədalət, haqq uğrunda gedən ağır və çətin bir savaşı bu süjetin, eşq xəttinin əhatəsində təqdim edir. Şairin uydurduğu Səyyarə obrazı da adından tutmuş bədii roluna qədər gənc bir aşiq sənətkarın həyat və sevgi mübarizəsinin alovlandığı güc, təməl, qüvvə olaraq təqdim edilir. Səyyarə ulduz anlamında məhz bu eşq qalaktikası və ya dünyasını təcəssüm etdirir. Bir mahir sənətkar olaraq Əcəminin yaratdığı nadir bir gözəllik və sənət möcüzəsi olaraq Möminə xatun türbəsi eşqdən yoğrularaq saf, təmiz və əbədiyaşar bir məhəbbət xatirəsinə çevrilir, Atabəy Eldənizin həyat yoldaşı Möminə xatuna, Məhəmməd Cahan Pəhləvanın anaya, gənc sənətkar olan Əcəminin sevgilisi Sürəyyanın eşqinə möhtəşəm bir abidə olaraq ucalır, eşqin intəhasızlığı və ucalığını rəmzləşdirərək göylərə qaldırır. 
Əsərdə tarixilik baxımından yol verilmiş yanlışlığı da qeyd etməyə lüzum vardır. Şair Adil Babayev, görünür, ictimai-bədii düşüncədə Nizami Gəncəvinin əzəmətli yerinə həssasiyyət göstərərək yaş və qarşılıqlı hörmət etibarilə Nizami Gəncəvini Əcəmidən daha ahıl və böyük təqdim edir. Söz yox, bu, şairin sənətkarlıq manipulyasiyası kimi izah edilə bilər. Lakin tarixi inkar və faktologiya əleyhinə olduğu üçün qeyd etməyə ehtiyac var ki, mənbələrin tam mənası ilə təsdiq etdiyi kimi, Əcəmi Əbubəkr oğlu öz zamanında dünyaca şöhrət qazanıb Atabəylər sarayının baş memarı kimi tanınıb hörmət duyulduğu bir vaxtda Nizami Gəncəvi hələ gənc və sənətdə çox da ad-san qazanmamış bir şair idi. Hətta yazılanlara bunu da əlavə etmək olar ki, mütəxəssislərin fikrincə, məhz bu nadir şöhrət və istedaddan irəli gələrək Nizami Gəncəvi Memar Əcəmi ilə görüşmək ehtiyacı duyaraq Naxçıvana səfər etmiş, Batabat yaylağı tərəfdə Şərqin qoca memarı ilə görüşmüşdü. Bu fakt olmasa belə Əcəminin Nizamidən daha yaşlı və şöhrətli olması qənaətini qəti olaraq inkar etməz. Amma, əlbəttə, əsərdə min illərə sinə gərib bu günə qədər daşınan və özündə anaya-qadına intəhasız məhəbbət və ehtiramı rəmzləşdirən Möminə xatun türbəsinin möhtəşəmlik və möcüzəvi gözəllik sirrini şairin memarın öz eşqinə sədaqəti olaraq mənalandırması olduqca təqdirəlayiq və əhəmiyyətlidir. Əlbəttə, bu cür yanaşma və mənalandırma bir çox abidələrə münasibətdə yazıçılar tərəfindən məhz bu cür izah və şərh edilmiş, bədii əsərin süjetinin nüvəsinə gətirilmişdir.

Ramiz QASIMOV 
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 02.08.2025 15:35