Naxçıvan Muxtar Respublikasında noyabr ayının 4-nə...
23:12 03.11.2024
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2024, Bazar ertəsi
Yaradıcı qadınların, xüsusən də məhdud imkanlı qadınların hazırladıqları əl işlərinin nümayişi cəmiyyətimizdəki sosial ədalət və bərabərlik mübarizəsinə töhfə vermək məqsədi daşıyır. Bu sərgi onların yaradıcılığını, istedadlarını göstərmələrinə və iqdisadi müstəqilliklərini artırmalarına istiqamətlənib. Dövlətimiz də bu sahədə qadınlarımıza sonuna qədər dəstək verir.
Belə sərgilərdən biri də Heydər Əliyev Sarayında Naxçıvanın Muxtariyyətinin 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasıdır. Növbəti sərgi-satış yarmarkasının keçirilməsində də məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılmasıdır. Yarmarka 10-17 oktyabr tarixləri əhatə edəcək. Bu, yaradıcı qadınların əl işlərini görmək, onlarla tanış olmaq və onların gücünü dəstəkləmək üçün mükəmməl bir fürsətdir. Biz də “Şərq qapısı” qəzeti olaraq sərgi ilə yaxından tanışlıq üçün həmin ünvana üz tutduq.
Budur, parlayan rənglər və canlı əl işləri ilə dolu bir dünyadayıq. Hər bir parça bir qadının duyğu və düşüncələrini özündə daşıyır; belə məkanda sənətin gözəlliyi dərhal hiss olunur. Sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı qadınlar iştirak edir. Hər bir iştirakçı öz unikallığı ilə sərgiyə dəyər qatır və qadınların gücünü nümayiş etdirir.
Ziyarət etdiyim sərgidə müxtəlif materiallardan hazırlanmış əl işlərinə baxarkən sənətin gücünü bir daha anladım.
Sərgidə iştirak edən bir qadınla etdiyimiz söhbətdə onun yaradıcılıq prosesi, ilham mənbələri və əl işlərinə olan sevgisi haqqında danışdıq. Xuraman Səfərova bu işə 30 il bundan əvvəl sadəcə bir həvəslə başlayıb. Deyir ki, o zamanlar əl işləri ilə məşğul olanlar çox az idi. O da bu işə çox sadə əl işlərindən başlayıb, muncuqlarla bəzək əşyaları düzəldib. Sonra onun əl işlərinə göstərilən marağı görüb. Onun ilham mənbəyi də məhz insanların marağı olub. Xuraman xanım 2017ci ildən hər il belə sərgilərdə iştirak edir. O vurğulayır ki, hər il bu sərgiyə belə həvəslə qatılmağına səbəb Naçıvanın yaradıcı qadınlara verdiyi dəyərdən irəli gəlir. 2017ci ildə 500 əl işi ilə iştirak edib belə sərgidə. Bu gün isə Xuraman xanım sərgiyə Naxçıvanın muxtariyyətinin 100 illiyinə aid tablolarla, milli parçalardan hazırlanmış çantalarla, papaqlarla, milli paltarlarla, başqa dekorativ əl işlərindən ibarət 3023 əl işi ilə qatılıb. Əl işlərinin dizaynının hamısının özünə məxsus olduğunu bildirən müsahibim sərginin əhəmiyyətindən də razılıq edərək deyir ki, əl işlərinin nümayişi, ailə büdcəsinə dəstək və ən əsası isə qadınların gücünü göstərmək üçün belə tədbirlər onları xeyli sevindirir. Deyir ki, bütün əl işləri böyük zəhmət tələb edir. 4000 almaz qaşla işlədiyi buta hardasa 3 ay vaxt apardığını diqqətimizə çatdırır: "Mən bu əl işlərimi heç yerdə nümayiş etdirmirəm, yanlız bura üçün hazırlamışam. Çünki mən bu qədər dəyəri yalnız burda görürəm. Bundan sonra da bu işi davam etdirəcək, necə ki balaca əl işlərindən bu vaxta kimi gəlmişəmsə, bundan sonra daha da fərqli, daha gözəl əl işləri ilə çıxacağam bu sərgilərə".
Sərgidən aldığım təəssüratlar çox zəngin oldu. Gəldiyim qənaət isə belədir ki, qadınlarımız üçün sərgi həm də güc, dəstək və birlik simvolu oldu.
Sizi də bu sərgiyə dəvət edirik. Onlara dəstək olmaq hər birimizin borcudur.
Günel MƏMMƏDOVA
Digər xəbərlər