Futzal turnirində finalçılar bəlli oldu
17:35 22.06.2025
0
0
0
NAXÇIVAN :
22 Iyun 2025, Bazar
Azərbaycan… bu ad çəkiləndə təkcə coğrafi məkan deyil, zəngin bir mədəniyyət, qədim bir tarix və dərin mənəviyyat canlanır göz önündə. Mədəniyyətimiz yalnız keçmişin izlərini daşımır, o, eyni zamanda bu günümüzü və gələcəyimizi formalaşdıran mənəvi sütundur. İstər-istəməz bir sual yaranır: bu qədər zəngin mədəni irsi dünya tanıyırmı? Tanıyırsa da, kifayət qədərmi?
Düşünürəm ki, mədəniyyət bir xalqın vizit kartıdır. Neft, qaz, istənilən təbii sərvətlərimiz, iqtisadi göstəricilər ötəri ola bilər, amma mədəniyyət əbədidir. Mədəniyyət xalqın ruhudur, düşüncə tərzidir, tarixə münasibətidir, gələcəyə baxışıdır. Azərbaycan xalqı da bu baxımdan çox zəngin bir mədəni xəzinəyə malikdir. Məsələn, muğamımız UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib, aşıq sənətimiz dünyada tanınır, xalçaçılıq məktəbimiz, ədəbiyyatımız, milli geyimlərimiz, mətbəximiz və adət-ənənələrimiz böyük maraq doğurur. Bəs biz bu sərvətləri necə təqdim edirik? Onları dünyaya tanıtmaq üçün necə səy göstəririk?
Əslində, son illərdə ölkəmizdə mədəniyyətin təbliği istiqamətində mühüm addımlar atılıb və atılmaqdadır. Bakıda beynəlxalq humanitar forumları, mədəniyyət festivalları, beynəlxalq sərgilər, xarici ölkələrdə açılan Azərbaycan mədəniyyət mərkəzləri və diaspor təşkilatlarının fəaliyyəti təbliğat baxımından önəmli rola malikdir. Amma bunlar kifayət edirmi? Əgər Azərbaycan musiqisini, ədəbiyyatını, teatrı və incəsənəti dünya səhnəsində daha geniş miqyasda tanıtmaq istəyiriksə, bu prosesi daha da sistemli və yaradıcı şəkildə davam etdirməliyik.
Əvvəla, mədəniyyətin təbliğində medianın, xüsusilə də sosial şəbəkələrin rolu danılmazdır. Bugünkü informasiya dövründə bir videonun milyonlara çatması üçün yalnız doğru məzmun və düzgün təqdimat lazımdır. Niyə Azərbaycanın muğam ustadı internet platformalarında dünya musiqiçiləri ilə duet etməsin? Niyə gənc rəssamlarımız beynəlxalq sərgilərdə daha aktiv iştirak etməsin? Niyə milli rəqslərimiz “TikTok”, “YouTube” kimi platformalarda trendə çevrilməsin?
Digər bir vacib məqam isə tərcümə siyasətidir. Azərbaycan ədəbiyyatı yüz illərlə bəşəri ideyalar aşılayıb. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər dahilərimizin əsərləri yalnız kitabxanalarda deyil, həm də beynəlxalq kitab festivallarında, tədris proqramlarında da yer almalıdır. Yalnız o zaman dünya bizim mədəni düşüncəmizlə, fəlsəfəmizlə daha dərindən tanış olmaq imkanı qazanacaq.
Azərbaycan musiqisinin dünya səviyyəsində təqdimatı da ölkə üçün strateji əhəmiyyət daşıyır. Muğam təkcə musiqi deyil, həm də bir fəlsəfədir. Aşıq sənəti isə tariximizin nəğməli salnaməsidir. Bu sənət nümunələri təkcə səhnədə deyil, həm də sənədli filmlərdə, beynəlxalq musiqi layihələrində, akademik araşdırmalarda yer almalıdır. Dünyanın məşhur simfonik orkestrları niyə muğam improvizasiyaları ilə çıxış etməsin? Niyə aşıq sənətimiz dünya musiqisinə inteqrasiya olunmasın?
Bundan başqa, kino da mədəniyyətin təbliğində güclü vasitədir. Azərbaycan reallıqlarını, tarixini, adət-ənənələrini əks etdirən filmlərin dünya ekranlarına çıxarılması həm ölkəmizi tanıdır, həm də mədəni nüfuzumuzu artırır. Məsələn, Qarabağla bağlı çəkilən sənədli və bədii filmlər, soyqırımı mövzusunda ekran işləri yalnız tarixi deyil, həm də mədəni yaddaşdır. Bu filmlər beynəlxalq festivallarda nümayiş olunmalı, qlobal auditoriyaya çatdırılmalıdır. Lakin belə bir reallıq var ki, günümüzdə ölkəmizdə film sektoru o qədər də ürəkaçan deyil. Düşünəndəki ölkəmiz tarixi mənbələrlə zəngin bir diyardır və ölkə tariximiz haqda mükəmməl işlər ortaya qoya bilərik. Amma təəssüf ki, kino sektorumuz hələ dünya bazarına çıxmaqda çətinlik çəkir. Halbuki yaxşı çəkilmiş bir film minlərlə tamaşaçıya Azərbaycanın tarixini, mədəniyyətini və dəyərlərini çatdıra bilər. Bu səbəbdən film sahəsinin inkişafı mədəniyyətimizin təbliğində strateji əhəmiyyət daşıyır.
Hər bir azərbaycanlı, xüsusilə də biz gənclər istər ölkədə, istərsə də xaricdə yaşasın – öz mədəniyyətinin daşıyıcısı və təbliğatçısı olmalıdır. Xaricdə yaşayan soydaşlarımız milli geyimləri, mətbəx nümunələrini, folklor elementlərini, hətta danışıq tərzlərini təqdim etməklə Azərbaycanı tanıda bilər. Və ən əsası, bu işə qürurla yanaşmaq lazımdır. Çünki mədəniyyət yalnız keçmişimiz deyil, həm də gələcəyimizin mayasıdır.
Unutmayaq ki, güclü ordu ilə yanaşı, güclü mədəniyyət də bir ölkənin müstəqilliyinin təməlidir. Dünya bizi təkcə diplomatik arenada deyil, həm də səhnədə, sərgidə, kitabda, filmdə tanımalıdır. Biz mədəniyyətimizi təbliğ etdikcə Azərbaycan adı daha da parlayacaq, dəyərlərimiz daha da qiymət qazanacaq.
Mədəniyyətimizin dünyada tanıdılması, sadəcə, milli maraq deyil, həm də qlobal mədəni irsə verdiyimiz töhfədir.
Elnurə CƏFƏROVA
NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər