NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Mədəniyyət abidələrimizə yeni nəfəs gətirilir

...

Bunlar arasında hamamlar Şərq xalqlarının həyatında önəmli rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə çevrilmişdir.  XVIII-XIX əsrlərdə Naxçıvan şəhərində də yerli sakinlər tərəfindən inşa olunmuş hamamlar az deyil. Həmin binaların xüsusi zövqlə, Naxçıvana xas olan memarlıq üslubunda inşa edilməsi şəhərin simasını gözəlləşdirmək məqsədi daşıyırdı.
Şəhərin mərkəzi küçələrinin birində, indiki “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşən belə tikililərdən biri də XVIII əsrin ortalarında Şərq memarlığı üslubunda inşa olunmuş İsmayıl xan (İsmayıl ağa) hamamıdır. Ümumi sahəsi 526 kvadratmetrə çatan hamamın planı düzbucaqlı, bişmiş kərpiclə inşa edilimiş binanın daxildən soyunma zalı isə səkkizbucaqlı formadadır. Yuyunma salonuna iki keçid olub. Hamamlara məxsus əsas tikililərdən olan zalın mərkəzində çarhovuz inşa edilib ki, bu həm də estetik baxımdan binanın daxilinə xüsusi gözəllik verir. Sferik günbəzlə örtülmüş olan zalın tavanı 108 kvadratmetr sahəni əhatə edir. Yuxarı hissədə yerləşən kiçik bacalar günbəzlər üçün xarakterik idi. Həmin kiçik bacalar içərini işıqlandırır, eləcə də havalandırma rolunu oynayırdılar. Günbəzlər həm də suya çevrilmiş buxarın düzgün paylanmasına kömək edirdi. Belə olduğu halda günbəzli tikililərdə divarların səthi ilə axan su damcıları çimənlərə narahatlıq yaratmırdı. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmiş, həmin dövrə aid bir çox hamamlarda olduğu kimi, burada da otaqlara istilik yeraltı borular vasitəsilə verilmişdir.
Araşdırmalara görə, bu hamamda da girişdə, soyunma və yuyunma zalları arasında ensiz keçidlərin yerləşdirilməsi Naxçıvan hamamlarına xas olan əlamətlərdən biridir. Həmin alçaq və ensiz keçidlər, yuyunma zalının daxilində olan isti havanın soyunma zalına keçməsinin qarşısını alırdı. Hətta hamamın daxilində olan temperaturu müəyyən bir zaman daxilində saxlayır və qızmar yay aylarında isə isti havanın hamamın daxilinə keçməsinin qarşısını alırdı.
İsmayıl xan hamamının ən maraqlı memarlıq elementlərindən biri də onun baştağıdır. Bu, fasad kompozisiyasının önəmli elementlərindən biridir. Hamamın tikintisində bişmiş kərpicdən istifadə olunsa da, interyerinin bəzədilməsində kaşı və mərmər daşından istifadə edilib. Bir vaxt gələnləri  həndəsi və nəbati naxışlı divar bəzəkləri ilə heyran edən hamamın daxili bəzəkləri, təəssüf ki, günümüzədək gəlib çatmamışdır.
Şəhərimizin mərkəzində keçmişlə bu günün vəhdətini yaşadan bu tikili sanki bir xəzinənin ləl-cəvahiratı kimi bərq vuraraq qiymətli keçmişimizdən bu günümüzə yadigar və gələcəyimizə daşınan bir mirasdır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında yeni layihələr, habelə investisiya layihələri əksini tapıb. Həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi İsmayıl xan hamamı da bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə elan olunmuş satınalma yekunlaşıb. Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan  “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.
Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı və digər işlərin görülməsi nəzərdə tutulub.
Bununla bağlı Naxçıvan Dövlət Universitetinin əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova ilə həmsöhbət olduq. O bildirdi ki, 2006-2007-ci illərdə muxtar respublikadakı mövcud tarixi abidələrin araşdırılması ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin memarlıq,   tarix və digər aidiyyəti olan kafedra müəllimlərinin birgə iki il müddətində araşdırmaları olub. Həmin araşdırmalar zamanı 1662, sonradan isə 2002 abidə aşkar edilib ortaya çıxarılıb. Mövcud abidələrdə pasportlaşma işləri davam etdirilir. Bəzi abidələrdə konservasiya işləri aparılmalı, bəzilərində bərpa, bəzilərində isə cüzi təmir işləri həyata keçirilməlidir. Bərpa işləri aparılsa da, bu abidələrdə zaman-zaman təbii hadisələrlə, iqlimlə əlaqədər aşınmalar baş verir. Ona görə də müvafiq Dövlət Proqramında tarixi abidələrdə də bərpa işləri aparılması nəzərdə tutulub. Bu gün Böyük İpək Yolu, həmçinin Zəngəzur dəhlizinin açılması ilə əlaqədar muxtar respublikada böyük işlər görülür. Naxçıvan şəhərinin yenidən Baş planı hazırlanır. Təbii ki, bu işlərin keyfiyyətlə görülməsi üçün aidiyyəti qurumlar və mütəxəssislər cəlb olunub. 
Bütün bunlar həm də abidələr diyarı olan qədim Naxçıvan torpağına dövlət başçısının böyük diqqət və qayğısının ifadəsidir.  

Aidə İBRAHİMOVA
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 

Nəşr edilib : 16.11.2025 19:00