NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Magistraturanın jurnalistika ixtisaslaşması üzrə qabiliyyət imtahanına qeydiyyat başlanıb

...

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

"Şərq qapısı" xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar iyunun 17-dən 22-dək (saat 15:00-a qədər) DİM-in internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçərkən Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan idman jurnalistikası ixtisasını seçmək istəyənlər jurnalistika ixtisaslaşmalarını seçmək üçün tələb olunan minimum 50 bal toplamaqdan əlavə ingilis dili üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı idman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

Namizədlər iyunun 23-dən bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (40 AZN) “Şəxsi kabinet”lərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet mediada, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı medianın məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı medianın məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet mediada yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, media ilə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, mediadan xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 may tarixli müvafiq Qərarına əsasən magistraturaya qəbul qaydalarında dəyişikliklər edilib. Bu dəyişikliklərə uyğun olaraq magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla qiymətləndirilir və xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

–magistraturaya qəbul imtahanında toplanılan bal;

–ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

–ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

–xarici dil üzrə testdən toplanılan bal.

Nəşr edilib : 17.06.2025 17:45