NAXÇIVAN :

23 May 2025, Cümə

Maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qadınların ailə daxilində bütün hüquqlarının müdafiə olunması, dini və mədəni adət-ənənələrin qadınların hüquqlarını pozmaması” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova cəmiyyət üçün sözügedən mövzunun aktuallığından bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə çıxış edərək bildirib ki, cəmiyyətin formalaşmasında, eyni zamanda gənc nəslin milli dəyərlər, ənənələr əsasında tərbiyə olunmasında qadınların rolu böyükdür. Qadın ailənin təməlidir, onun hüquqları nə dini, nə də mədəni adət-ənənələrlə pozulmamalıdır. Qadınların hüquqlarını qorumaq, sadəcə, bir insan hüququ məsələsi deyil, daha güclü, sağlam və ədalətli cəmiyyətin qurulması üçün vacib şərtdir. Qadınlarımız bu gün ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında fəal iştirak edir, öz bilik və bacarıqlarını dövlətimizin inkişafına və güclənməsinə yönəldirlər. Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə Prezidentinin imzaladığı müvafiq fərman və sərəncamlar qadınların ailə daxilində bütün hüquqlarının müdafiə olunması istiqamətində  atılmış ən mühüm addımlardandır. Azərbaycan qadınları kişilərlə bərabər cəmiyyətdə gedən sosial və siyasi proseslərdə, istehsal sahələrində, mədəniyyətdə və insan həyatına xas ola digər sahələrdə aktiv fəaliyyət göstərərək öz spesifik, demoqrafik xüsusiyyətləri ilə fərqlənən bir sosial qrup kimi tarixin gedişinə təsir etmiş, cəmiyyətin inkişafının müəyyənləşməsində mühüm rol oynamış və oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Pəri Heydərova qeyd etmişdir ki, cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi, ona verilən dəyər mövzusunda təbliğatın aparılması çox vacibdir.
Tədbir diskussiya xarakterli olub.

Nəşr edilib : 22.05.2025 22:34