Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük ...
01:18 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Hər bir müstəqil dövlətin siyasi və hüquqi dayaqlarını, idarəçilik sisteminin əsas prinsiplərini, cəmiyyətin inkişaf istiqamətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəd onun Konstitusiyasıdır. Konstitusiya yalnız dövlətin idarə olunmasının hüquqi mexanizmlərini müəyyənləşdirən sənəd deyil, həm də xalqın iradəsini, milli dövlətçilik ənənələrini, suverenlik düşüncəsini və gələcək inkişaf hədəflərini özündə birləşdirən fundamental dəyərdir. Azərbaycan Respublikasının Konstitusiyası da məhz bu xüsusiyyətləri ilə müstəqil dövlətçiliyimizin hüquqi əsasını, milli birliyimizin və demokratik inkişafımızın başlıca təminatını təşkil edir.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyini bərpa etmiş ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun dövlət hakimiyyətinin təşkili, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü, insan və vətəndaş hüquqlarının müdafiəsi, qanunun aliliyi və cəmiyyətin demokratik əsaslarla inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Azərbaycanın konstitusiya quruculuğu tarixinə nəzər saldıqda aydın olur ki, bu proses xalqımızın mürəkkəb siyasi şəraitdə keçdiyi dövlətçilik yolunun mühüm mərhələlərini əks etdirir. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində milli dövlətçilik tariximizdə mühüm iz qoysa da, mürəkkəb tarixi-siyasi şərait onun öz Konstitusiyasını qəbul etməsinə imkan verməmişdi. Sovet hakimiyyəti illərində Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ-nin yaradılması ilə əlaqədar olaraq 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında həmin Konstitusiyaya müvafiq əlavə və dəyişikliklər edilmişdir. Sonrakı mərhələdə, 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiqlənmiş, SSRİ-nin 1936-cı ildə qəbul edilmiş yeni Konstitusiyasından irəli gələn dəyişikliklər əsasında isə 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in növbəti Əsas Qanunu qəbul edilmişdir. Sovet dövrünün sonuncu konstitusion mərhələsi 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu ilə tamamlanmışdır. Bununla belə həmin sənədlər Azərbaycanın müstəqil dövlət kimi suveren iradəsini və milli maraqlarını ifadə edən ali hüquqi aktlar deyil, sovet dövlətçilik sisteminin siyasi və hüquqi prinsipləri çərçivəsində formalaşmış sənədlər idi.
Bu dövrdə milli dövlətçilik düşüncəsinin qorunması və milli maraqların təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti müstəsna tarixi əhəmiyyət daşıyırdı. Onun təşəbbüsü və qətiyyətli mövqeyi ilə 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik tariximizin mühüm hadisələrindən biri idi. Belə ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanmış, 1978-ci il aprelin 2-də layihənin müzakirəsi ilə bağlı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi əsasında 73-cü maddə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyasında təsdiq edilmişdir. Sovet ideoloji məhdudiyyətlərinin hökm sürdüyü mürəkkəb siyasi şəraitdə ana dilimizin dövlət dili statusunun Əsas Qanunda qorunub saxlanılması Ulu Öndərin milli maraqlara, tarixi-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə sadiqliyinin bariz nümunəsi olmaqla yanaşı, gələcək müstəqil dövlətçiliyimizin ideya əsaslarının möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti ölkədə dərin siyasi və iqtisadi böhrana, anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində dövlətçiliyin süqutu təhlükəsinin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş və müasir dövlət quruculuğunun əsasları yaradılmışdır. Məhz bu tarixi şəraitdə müstəqil Azərbaycanın gələcək inkişafını təmin edəcək yeni Konstitusiyanın hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının mahiyyətini, onun uzunmüddətli dövlətçilik perspektivlərini və demokratik idarəçilik prinsiplərini müəyyənləşdirərək bu mühüm sənəd qarşısında duran başlıca vəzifəni belə ifadə etmişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə geniş ictimai müzakirələrdən keçirilmişdir. Bu prosesdə milli dövlətçilik ənənələri, beynəlxalq hüququn mütərəqqi prinsipləri, demokratik idarəçilik təcrübəsi və insan hüquqlarının müdafiəsi ilə bağlı ümumbəşəri dəyərlər əsas götürülmüşdür. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı öz suveren iradəsini nümayiş etdirərək müstəqil dövlətinin Əsas Qanununu qəbul etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası mahiyyət etibarilə xalq hakimiyyəti prinsipinə əsaslanır. Əsas Qanunda dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edilir, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali məqsədlər kimi müəyyənləşdirilir. Konstitusiyada qanunların aliliyi, hakimiyyət bölgüsü, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və sosial ədalət prinsipləri öz əksini tapmışdır. Şəxsin yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və sosial təminat hüquqları, fikir və söz azadlığı, vicdan və etiqad azadlığı, qanun qarşısında bərabərlik prinsipi dövlətin hüquqi məsuliyyətinin əsas istiqamətlərini müəyyən edir. Bu hüquqların qorunması, bütövlükdə, dövlət idarəçiliyinin fundamental vəzifəsidir.
Konstitusiya qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyilləri nəzərə alınmış, ölkəmizin hüquq sistemi üçün yeni təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasının hüquqi əsasları müəyyənləşdirilmişdir. Bu istiqamətdə atılan addımlar nəticəsində 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Bu hadisə Konstitusiyanın aliliyinin təmin edilməsi, normativ-hüquqi aktların konstitusion prinsiplərə uyğunluğunun yoxlanılması və insan hüquq və azadlıqlarının müdafiəsi baxımından yeni imkanlar yaratmışdır.
Dövlət və cəmiyyət həyatında baş verən dəyişikliklər, sosial-iqtisadi inkişafın yeni mərhələsinə keçid, eləcə də idarəetmə sisteminin təkmilləşdirilməsi zərurəti Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini şərtləndirmişdir. 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 29, 2009-cu il martın 18-də keçirilmiş referendumla isə 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. Bu yeniliklər ölkənin sosial-iqtisadi potensialının gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, habelə sosial dövlət prinsiplərinin konstitusion əsaslarının genişləndirilməsi zərurətindən irəli gəlirdi.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendum Azərbaycan Respublikasının konstitusiya quruculuğu tarixində növbəti mühüm mərhələ olmuşdur. Referendumun nəticələrinə əsasən Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik təsdiqlənmişdir. Bu yeniliklər ali dövlət hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasını, onların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasını əhatə edirdi. Konstitusiya dəyişiklikləri çərçivəsində dövlət idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı.
Beləliklə, ölkənin idarəetmə mexanizminə yeni institusional element daxil edilərək dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün əlavə hüquqi əsaslar formalaşdırıldı.
Müasir Azərbaycanın inkişafında Konstitusiyanın əhəmiyyətini daha da artıran mühüm amillərdən biri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar olmuşdur.
Bu hadisələr Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin real siyasi-hüquqi məzmununu nümayiş etdirmişdir. Uzun illər işğal altında qalmış torpaqlarımızda Azərbaycan qanunlarının və dövlət idarəçiliyinin bərpası ölkəmizin konstitusion quruluşunun tamlığı baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Konstitusiyanın müəyyən etdiyi dövlətçilik məqsədlərinin praktik müstəvidə reallaşdırılmasının mühüm istiqamətləridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dövlət müstəqilliyinin və suverenliyin yalnız siyasi-hərbi müstəvidə deyil, hüquqi və institusional baxımdan da möhkəmləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Bu baxımdan, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi və siyasi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla bu qərarın qəbul edilməsi Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qazanılmış Qələbənin beşinci ildönümünün qeyd edilməsi ilə bağlı idi. Həmin il ərzində həyata keçirilən tədbirlər Konstitusiyanın dövlətçilik tariximizdəki rolunun daha dərindən dərk edilməsinə, suverenlik anlayışının hüquqi və siyasi mahiyyətinin ictimaiyyətə çatdırılmasına xidmət etmişdir.
Konstitusiya və suverenlik anlayışlarının vəhdəti müasir Azərbaycan dövlətçiliyinin əsas xüsusiyyətlərindəndir. Suverenlik dövlətin öz ərazisində ali hakimiyyətə malik olmasını, müstəqil daxili və xarici siyasət həyata keçirməsini, milli maraqlarını sərbəst şəkildə müəyyənləşdirməsini ifadə edir. Konstitusiya isə bu suverenliyin hüquqi əsaslarını, dövlət hakimiyyətinin fəaliyyət çərçivəsini və cəmiyyətlə dövlət arasında münasibətlərin fundamental prinsiplərini müəyyən edir. Bu baxımdan, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Konstitusiyanın tarixi missiyasının daha dolğun şəkildə reallaşmasına imkan yaratmışdır.
Konstitusiyanın əsas prinsiplərinin gündəlik ictimai münasibətlərdə tətbiqi, qanunun aliliyinin təmin olunması və insan hüquqlarına hörmətin dövlət idarəçiliyinin bütün səviyyələrində əsas meyara çevrilməsi müasir inkişafın başlıca şərtlərindəndir. Hüquqi dövlətin gücü yalnız qəbul etdiyi qanunların mükəmməlliyi ilə deyil, həmin qanunların real həyatda necə tətbiq olunması, hər bir vətəndaşın hüquqlarının nə dərəcədə etibarlı qorunması və dövlət institutlarına ictimai etimadın səviyyəsi ilə ölçülür. Bu baxımdan, Konstitusiyaya hörmət hüquqi şüurun yüksəldilməsi, hüquq mədəniyyətinin formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması ilə birbaşa bağlıdır. Konstitusiyanın mahiyyətinin gənc nəslə aşılanması, onların hüquq və vəzifələrini dərindən dərk etməsi, dövlət rəmzlərinə, qanunlara və milli dəyərlərə hörmət ruhunda yetişməsi də dövlətçilik ənənələrinin davamlılığının mühüm şərtidir.
12 noyabr – Konstitusiya Günü münasibətilə müstəqil Azərbaycanın Əsas Qanununun tarixi əhəmiyyətini bir daha vurğulayarkən onun hazırlanmasına rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və prinsipial mövqeyi sayəsində qəbul edilmiş Konstitusiya bu gün də müstəqil Azərbaycanın inkişafının, milli maraqlarının və hüquqi dövlət quruculuğunun fundamental təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə Konstitusiyamızın tarixi missiyasına yeni məzmun qazandırmışdır. Artıq ölkəmiz qarşısında yalnız müstəqilliyin qorunması deyil, həm də suveren dövlətin bütün ərazilərində hüquqi, siyasi, iqtisadi və sosial inkişafın davamlı təmin edilməsi vəzifəsi dayanır.
Bu mənada, Konstitusiyamız keçmişimizin dövlətçilik dərslərini, bu günümüzün tarixi nailiyyətlərini və gələcəyimizin inkişaf hədəflərini birləşdirən fundamental sənəddir. Onun prinsiplərinə sədaqət müstəqilliyimizin qorunmasının, suverenliyimizin möhkəmləndirilməsinin və güclü Azərbaycan dövlətinin gələcək inkişafının başlıca şərtlərindən biridir. Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin sarsılmaz dayağı, milli dövlətçiliyimizin və gələcək inkişafımızın etibarlı təməlidir. Onun müəyyən etdiyi prinsiplərə sədaqət isə hər birimizin dövlətçilik qarşısında məsuliyyətinin və Vətənə bağlılığının ifadəsidir.
Bəhruz MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent
Digər xəbərlər