Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar elan olunmuş “Naxçıvan ailəsi film və fotolarda” mövzusunda IX muxtar respublika yaradıcılıq müsabiqəsinə yekun vurulub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub və bu bizim milli adət-ənənəmizə çevrilib. Bu bir həqiqətdir ki, qədim Naxçıvan diyarında ailələrin möhkəmliyi və ailə ənənələrinə sadiqlik hər zaman diqqət çəkib. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailəsi də gənclərimizə örnək, ən gözəl nümunədir. Ramilə Seyidova qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd, Naxçıvan ailəsinin mədəni və sosial həyatını əks etdirən film və fotoşəkillər vasitəsilə yerli ənənələri və ailə dəyərlərini təbliğ etməkdir. Müsabiqə, iştirakçılara yaradıcı ifadə və sənət vasitələrindən istifadə etməklə muxtar respublikanın həyat tərzini və ailə münasibətlərini vizual olaraq təqdim etmə imkanı verir. Müsabiqəyə təqdim olunmuş işlərin qalibləri “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşib.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin sədri Nuray Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Orucov, müsabiqənin qaliblərindən olan Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Sevinc Babayeva çıxış edərək bildiriblər ki, müsabiqəyə təqdim olunmuş yaradıcı işlər, ailə mövzusunun müxtəlif aspektlərinə, o cümlədən ailə birliyinə, əxlaqi dəyərlərə, ənənələrə və Naxçıvanın zəngin mədəniyyətinə fokuslanıb. Bu müsabiqə, həmçinin gənclərin və fotoqrafların sənətə olan marağını artırmaq, mədəni irsi qorumaq və təbliğ etmək məqsədini daşıyır. Müxtəlif yaşlardan olan iştirakçılar özlərinin çəkdikləri fotolar və qısa filmlərlə bu mövzunu geniş şəkildə təqdim etməyə çalışırlar.
Çıxışların ardından “Naxçıvan ailəsi film və fotolarda” mövzusunda IX muxtar respublika yaradıcılıq müsabiqəsinin 20 nəfər qalib və iştirakçılarına komitənin diplom və hədiyyələri təqdim olunub. Təltif olunanlar yaradıcılıqlarının üzə çıxarılması və daha da inkişaf etdirilməsi üçün yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.
Sonda “Ən yaxşı film” nominasiyası üzrə qalib olan film nümayiş etdirilib və xatirə fotosu çəkdirilib.
Digər xəbərlər