NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Komitənin növbəti təlimi baş tutub

...

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Babək Rayon İcra Hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə birgə təlimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyətinin əməkdaşları Vüsal Mirzalıyev və Abbas Müştalıyev yerli icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yaradılmasının əhəmiyyətini qeyd ediblər.
Təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərdən danışıb. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində atılan mütərəqqi addımdır. Təbii ki, bu dəyişikliklər məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəkdir. Eyni zamanda “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”na əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə əvəzi ödənilmədən dövlət vəsaiti hesabına hüquqi yardım nəzərdə tutulur. 
Müvafiq monitorinq qrupunun üzvləri ilə yanaşı qadınların da cəlb edildiyi təlimin sonunda məişət zorakılığı ilə mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlər müzakirə edilib.

Nəşr edilib : 09.09.2024 15:58