NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Komitənin kollektivi şəhid ailəsində olub

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, komitənin kollektivi Vətən müharibəsi şəhidi Seymur İbrahimovun ailəsini ziyarət edib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. 
Vətən müharibəsi şəhidi Seymur İbrahimovun ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.
Xatırladaq ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İbrahimov Seymur Zamin oğlu 20 noyabr 2000-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində anadan olub. İkinci Qarabağ savaşında Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. 1 noyabr 2020-ci ildə Daşaltı kəndi istiqamətində gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Seymur İbrahimov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə",  “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb. 
Komitənin kollektivi şəhid Seymur İbrahimovun və onunla yanaşı dəfn olunan həmkəndlisi Şuşanın azad olunması uğrunda 9 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan Araz Məmmədovun məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.

Nəşr edilib : 26.10.2024 20:12