NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Kəngərlidə şəhidin doğum günü qeyd olunub

...

İyunun 5-i Kəngərli Rayon Mədəniyyət Sarayında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qurban İbrahimovun 27-ci doğum günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Qəhrəmanlıq dastanı yazan oğullarımız bu yolda müqəddəs şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızı işğaldan azad etdilər. Kəngərli rayonunda hərbə, Vətəni  müdafiə etmək peşəsinə böyük maraq olub, peşəkar hərbçilər yetişib. Birinci və İkinci Qarabağ müharibəsi dövründə rayonun 55 nəfər qəhrəman oğlu şəhidlik mərtəbəsinə ucalıb. Qurban İbrahimovun doğulduğu Qabıllı kəndi də Vətən torpaqları uğrunda 3 şəhid verib. Şəhid Qurban İbrahimovun komandiri olmuş, İkinci Qarabağ müharibəsi  qazisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalov, əsgərinin şücaətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Kəngərli rayonunun axundu Şəmsəddin Seyidov qeyd edib ki, Azərbaycan xalqı tarixboyu qəhrəman oğulları ilə fəxr edib. İgid oğullar Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda şücaət göstərərək ortaya əsl vətənpərvərlik nümunəsi qoyublar. Onların hər biri bu xalqın qəhrəmanıdır. 
Tədbirdə şəhid atası Habil Cəfərov, şəhid anası Tovuz Qasımova igid Vətən oğullarının qəhrəmanlığından bəhs ediblər. 
Sonra şəhid Qurban İbrahimovun döyüş yolunu əks etdirən videoçarx izlənilib. Qabıllı, Qarabağlar kənd 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin ifasında Qurban İbrahimova həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiya nümayiş etdirilib.
Sonda şəhidin qardaşı Aftandil İbrahimov tədbirin təşkil olunmasında əməyi olanlara, iştirakçılara təşəkkürünü bildirib, Qurban İbrahimovun timsalında şəhidlərə Allahdan rəhmət diləyib.

Nəşr edilib : 05.06.2025 15:26