NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Kəngərli rayonunda “Ailədə qadın hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib

...

“Şəhərsalma və Memarlıq İli”, eyni zamanda 18 iyun – İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istehsalat təcrübəsi keçən tələbələrin iştirakı ilə Kəngərli rayonunun Qarabağlar kəndində “Milli-mənəvi dəyərlər kontekstində ailə daxilində qadın hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov cəmiyyətin formalaşmasında, eyni zamanda gənc nəslin milli dəyərlər və ənənələr əsasında tərbiyə olunmasında qadınların rolunun əvəzsiz olduğunu və Qadının ailənin təməli, mənəvi dəyərlərin qoruyucusu və gələcək nəsillərin formalaşdırıcısı olduğundan söz açıb. 
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, Azərbaycan qadınları bu gün ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratik dəyərlərin inkişafında fəal iştirak edirlər. Onlar sosial, iqtisadi, mədəni və ictimai həyatın bütün sahələrində aktiv mövqe sərgiləyərək dövlətimizin inkişafına öz töhfələrini verirlər. 
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Pəri Heydərova qeyd edib ki, cəmiyyətdə dini maarifləndirmənin, xüsusilə İslamda ailə dəyərləri, qadının mövqeyi və ona verilən dəyər mövzusunda təbliğatın aparılması çox vacibdir.
Tədbir diskussiya şəklində davam edib. Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, milli-mənəvi dəyərlərin qorunmasının və qadın hüquqlarının müdafiəsinin vacibliyini bir daha vurğulayıblar.

Nəşr edilib : 10.06.2026 13:20