NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Kəklikotunun sorağı ilə Şahbuz dağlarında

...

İlin yaz-yay ayları təbiətin ən çox canlandığı dövrdür. Məhz bu aylarda diyarımızın dağlıq rayonlarında “Min bir dərdin dərmanı” adlandırılan kəklikotunun yığımı başlayır. Ətri və müalicəvi xüsusiyyətləri ilə seçilən bu bitkinin toplanması kənd sakinlərinin əsas məşğuliyyətlərindən biridir.
Dağların qoynunda bitən kəklikotu əsrlərdir, həm təbii şəfa mənbəyi, həm də süfrələrə bərəkət gətirən nemət kimi istifadə olunur. Soyuq qış günlərində içilən kəklikotu çayı insanın təkcə bədənini deyil, ruhunu da isidir. Onun ətri isə sanki təbiətin saf nəfəsini  xatırladır.
Elə biz də bu ətrin sorağı ilə qədim yurd yerlərindən biri olan Şahbuz rayonunun Qızıl Qışlaq kəndinə yollandıq. Yolboyu yaşıla bürünmüş dağlar, sərin dağ mehinin gətirdiyi təravət və gözoxşayan mənzərələr bizi qarşılayırdı. Təbiətin qoynunda keçən hər dəqiqə insanı şəhərin səs-küyündən uzaqlaşdırıb başqa bir aləmə aparırdı.
Kəndə çatdığımız zaman dağın ətəyində kəklikotu yığan bir xanımla rastlaşdıq. Salamlaşıb söhbətə başladıq. 65 yaşlı Zibayət Göyüşova bizi səmimiyyətlə qarşıladı. Əllərində dağların ətri, simasında isə illərin zəhməti görünürdü. O, uzun illərdir ki, hər yaz bu dağlara üz tutur, təbiətin bəxş etdiyi kəklikotunu toplayır. 
Zibayət xanım təbiətə bağlılığından danışaraq qeyd edir ki, illərdir, dağlara üz tutur, müxtəlif dərman və ətirli bitkilər toplayır. Onun sözlərinə görə, təbiət yalnız ruha dinclik vermir, həm də insanlara saysız-hesabsız nemətlər bəxş edir: “Uşaqlıqdan təbiətin içində böyümüşəm. Dağların, yamacların hər cığırını tanıyıram. Mövsümə uyğun olaraq müxtəlif bitkilər yığıram, onları qurudub ilboyu istifadə edirəm. Hər bitkinin özünəməxsus faydası və gözəlliyi var. Amma kəklikotu mənim üçün həmişə fərqli olub. Onun ətri uzaqdan hiss olunur, adamı özünə cəlb edir. Dəmlənəndə isə ətrafa elə xoş qoxu yayılır ki, insanın bütün yorğunluğunu alır. Təbii və saf olması da onu daha qiymətli edir. Kəklikotu çayı süfrəmizdən əskik olmur. Həm qonaqlara təqdim edirik, həm də ailə üzvləri ilə birlikdə içirik. Bu bitki mənə həmişə dağların təmiz havasını, təbiətin gözəlliyini xatırladır”.
Söhbətimiz əsnasında dağlardan topladığı kəklikotundan çay dəmləməyi təklif edən müsahibim, bu bitkinin əsl dadını və ətrini yalnız təzə dəmlənəndə hiss etməyin mümkün olduğunu deyərək bizi evinə dəvət etdi.
Zibayət xanımın dəvətini qəbul edib evinə yollandıq. Samovar tüstüləyir, kəklikotu çayı dəmlənərkən söhbətimizə davam edirik. 
Müsahibim bildirir ki, arıçılıqla da məşğul olur. Onun sözlərinə görə, dağlarda bitən kəklikotu arılar üçün də əlverişli bitkilərdəndir. Zibayət xanım qeyd etdi ki, bu bitki məişətdə geniş istifadə olunur və nəsildən-nəslə ötürülən ənənələrin bir hissəsinə çevrilib.
“May-iyun aylarında dağlar rəngbərəng çiçəklərlə bəzənir. Həmin vaxt kəklikotunun ətri hər tərəfə yayılır. Bu mövsüm həm təbiətin ən gözəl vaxtlarından biridir, həm də bitki yığımı üçün əlverişli dövrdür. Kənd sakinləri illərdir, bu ənənəni davam etdirirlər. Kəklikotu təkcə çay kimi istifadə olunmur. Müxtəlif yeməklərə qatılır, bəzi evlərdə mürəbbəsi də hazırlanır. Hər kəs onu öz zövqünə uyğun şəkildə istifadə edir. Bu bitki həm süfrələrimizin, həm də gündəlik həyatımızın ayrılmaz hissəsidir”,  – deyə o bildirdi.
Biz isə bu sözlərin doğruluğuna kəklikotu çayının ətrafa yaydığı xoş ətri hiss edərək şahidi olduq. İsti çayımızı içdikdən sonra Zibayət xanıma qonaqpərvərliyinə görə təşəkkür edib bu gözəl məkandan ayrıldıq.
Şahbuzun Qızıl Qışlaq kəndində kəklikotunun izinə düşdüyümüz bu səfər bir daha göstərdi ki, təbiətin ən sadə nemətləri belə insan həyatında böyük dəyərə malikdir. Samovarda dəmlənən kəklikotu çayının ətri, kənd həyatının səmimiyyəti və Zibayət xanımın təbiətə olan sevgisi bu görüşü daha da yaddaqalan etdi. 

 Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 20.06.2026 20:30