NAXÇIVAN :

09 Iyun 2025, Bazar ertəsi

Keçən il Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə 40 min manata yaxın yardım ayırıb

...

Azərbaycan 2024-cü ilin dövlət büdcəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinə 39,7 min manat yardım ayırıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına könüllü maliyyə töhfəsi üçün 52,8 min, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna könüllü maliyyə töhfəsi üçün 85,1 min, Beynəlxalq Antikorrupsiya Akademiyasına müvafiq layihə və təhsil proqramlarının həyata keçirilməsi məqsədilə maliyyə töhfəsi üçün 19,8 min, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinə maliyyə töhfəsi üçün 36,6 min, Türk Dövlətləri Təşkilatına könüllü maliyyə yardımı üçün 3,4 milyon, Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı üçün 42,5 min, BMT Baş Assambleyasının 79-cu Sessiyası Sədrinin Ofisinin Etimad Fonduna maliyyə yardımı üçün isə 85 min manat xərclənib.

Qeyd edək ki, ötən il dövlət büdcəsindən bütövlükdə beynəlxalq ictimai-siyasi təşkilatlara yardımlar üzrə 3,8 milyon manat istifadə edilib.

Beynəlxalq təşkilatların Azərbaycanda yerləşən ofislərinə yardım üzrə isə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə ianə üçün 999,5 min, Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurasına maliyyə yardımı üçün 1,7 milyon, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Saziş üzrə töhfə üçün 170 min, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Regional Ofisinə maliyyə yardımı üçün 1,2 milyon, yəni ümumilikdə 4,1 milyon manat xərclənib.

Nəşr edilib : 27.05.2025 10:07