NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Katrin Bomberger: Azərbaycanın məhkəmə-genetik ekspertləri ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq

...

Bu gün Azərbaycanda olmağımızın əsas məqsədi bu ölkədə itkin düşmüş şəxslərin axtarışı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi sahəsində qabaqcıl məlumat sistemlərindən istifadə imkanlarını inkişaf etdirmək və gücləndirməkdir.

"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger deyib.

O, təmsil etdiyi komissiyanın illər ərzində DNT analizləri sahəsində təlimlər keçirdiyini xatırladıb və bu sahədə xüsusi təcrübəyə maliki olduqlarını deyib: "Dünyanın müxtəlif münaqişə bölgələrində uzun illər fəaliyyət göstərmişik. Bizim üstünlüyümüz DNT əsaslı identifikasiyaların aparılması və çox mürəkkəb vəziyyətdə olan ölüm sonrası nümunələrdən DNT-nin çıxarılması bacarığıdır. Bu, Azərbaycan üçün xüsusilə vacibdir, çünki itkin düşmüş şəxslərin böyük hissəsi uzun illər əvvəl itkin düşüb və onların sümük nümunələrinin tədqiqi indi olduqca çətin prosesdir".

Baş direktor Azərbaycanda məhkəmə-tibbi ekspertiza sahəsində mövcud imkanlarla tanış olduğunu və onların səviyyəsinin çox yüksək olduğunu deyib: "Azərbaycanın məhkəmə-genetik ekspertləri ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq. Onlar ICMP-nin laboratoriyalarında təlim keçərək bu sahədə bilik və bacarıqlarını daha da inkişaf etdiriblər. Ümid edirik ki, bu inteqrasiya olunmuş məlumat bazasının idarəetmə sistemi uzun illər ərzində əsasən kağız üzərində toplanmış tarixi məlumatların elektron formaya keçirilməsinə imkan verəcək. Bu tamamilə normaldır, lakin artıq həmin prosesin müasirləşdirilməsi və bütün məlumatların elektron formatda saxlanılması vacibdir. Bundan sonra toplanacaq bütün məlumatların da elektron şəkildə daxil edilməsi təmin olunacaq. Beləliklə, antropoloqlar və arxeoloqlar sahə işləri zamanı topladıqları məlumatları real vaxt rejimində sistemə daxil edə biləcəklər. Aşkarlanmış insan qalıqlarını tədqiq edən antropoloqlar nəticələrini elektron qaydada sistemə yükləyəcəklər. DNT mütəxəssisləri də analiz nəticələrini dərhal bu məlumat bazasına daxil edə biləcəklər. Bu, eyni zamanda, Dövlət Komissiyasının tərkibində fəaliyyət göstərən və bu məsələ ilə məşğul olan müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da güclənməsinə imkan yaradacaq. Onlar bir-birləri ilə uyğun işləyən, inteqrasiya olunmuş məlumat bazası vasitəsilə məlumat mübadiləsi aparacaq. Nəticədə, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesi daha səmərəli olacaq. Sistemin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, onlayn platforma vasitəsilə itkin düşmüş şəxslərin ailələrinə real vaxt rejimində müraciət etmək imkanı yaradacaq. Ailə üzvləri yeni itkindüşmə faktını sistemə daxil edə biləcəklər. Eyni zamanda, vətəndaşlar mümkün kütləvi məzarlıqlar və ya digər yerlər barədə anonim məlumat verə biləcəklər. Bundan əlavə, ailələr öz işlərinin hansı mərhələdə olduğunu da real vaxt rejimində izləyə biləcəklər. Bu, son dərəcə vacib bir yenilikdir".

Nəşr edilib : 30.06.2026 13:54