9-cu siniflərin buraxılış imtahanının şəhər və ray...
16:15 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Antisanitariya ilə mübarizəni kim aparmalıdır?
Şəhərin küçələrində addımlayarkən vitrinlərindən iştahaaçan yeməklər görünən, insanların rahatlıqla əyləşib çay içdiyi kafelərlə qarşılaşırıq. Lakin bu gözəlliyin arxasında nə dayanır? Stolun üzərindəki səliqəli süfrənin, dadlı yeməyin arxasında gizlənmiş görünməyən bir təhlükə varmı?
Son vaxtlar şəhərimizdə bir neçə ictimai iaşə müəssisəsinin sanitar-gigiyena qaydalarını kobud şəkildə pozduğu üçün bağlanması xəbərini eşidirik. Bu, qida təhlükəsizliyi məsələsinin nə qədər ciddi olduğunu bir daha sübut edir. Bəs bu hallar niyə baş verir və bununla mübarizəni kim aparmalıdır?
Bəzən restorana girərkən parıldayan masalar, qapıda sizi qarşılayan gülərüz ofisiantlar, ləzzətli qoxular sizi rahatladır. Amma işin iç üzünə baxanda, mətbəxdə yuyulmamış qablar qalaqlanır, təmizlənməmiş ət məhsulları bir kənara atılır, soyuducu temperatur rejiminə əməl olunmur. Əslində, təmizlik, sadəcə, gözlə görünənlə məhdudlaşmır. Sanitar qaydaların pozulması mikrob və bakteriyaların artmasına, nəticədə isə qida zəhərlənmələrinə yol açır. İşin ən qorxulu tərəfi odur ki, bu təhlükə bəzən gec üzə çıxır-çirkli mühitdə hazırlanmış yemək günlər sonra sağlamlığınıza təsir edə bilər.
Sahibkarlar qazanır, amma kim itirir?
Mövzu ilə bağlı müsahibim Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov deyir ki, istehlakçı hüquqlarının müdafiəsi və insanların sağlam qidalanmasının təmin edilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilməkdədir. 2024-cü il ərzində agentlik tərəfindən aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən pozuntular aşkarlanmış subyektlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüş, inzibati protokol tərtib olunmuşdur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçıların malların, işlərin, xidmətlərin və onların istehsalçısının, icraçısının və satıcısını sərbəst seçmək, istehlak etdikləri malların lazımi keyfiyyətdə olması, onların təhlükəsizliyi və miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları vardır. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan hallarda lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına təhlükəli olan malların və xidmətlərin vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları da vardır.
İaşə xidmətlərindən istifadə edənlərə tövsiyəmiz ondan ibarətdir ki, öncə obyektin təmizliyinə, yeməklərin, salatların, yüksək riskli məhsulların saxlanma şəraitinə, personalın xüsusi geyimdə olmasına və gigiyenik qaydalara əməl etməsinə, təqdim olunan qidalarda kənar qoxunun olmasına, qablaşdırılmış məhsulların yararlılıq müddətinə mütləq fikir versinlər. Əgər yeməyin keyfiyyəti sizi narahat edirsə və ya qida sonrası narahatlıq hiss edirsinizsə, mütləq agentliyin 545-28-83 əlaqə nömrəsinə və ya info@nfsa.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
Müştərilər, sadəcə, yemək yeməklə kifayətlənməməli, eyni zamanda nə yediklərinə, harada yediklərinə diqqət yetirməlidirlər. Pis qoxu, təmiz yuyulmamış qablar, hətta ofisiantların səliqəsiz geyimi belə sizə bir siqnal verməlidir.
Bəzən insanlar “Mən şikayət etsəm nə dəyişəcək ki?” düşüncəsi ilə məsuliyyətdən yayınırlar. Halbuki məhz istehlakçının aktivliyi bu sahədə ciddi dəyişikliklərə səbəb ola bilər. Unutmaq olmaz ki, sanitar qaydalara riayət etməyən yerlərin bağlanması cəmiyyəti təhlükədən qorumaq üçün atılan vacib addımdır.
Bu məsələdə nəzarət orqanlarının üzərinə böyük məsuliyyət düşür. Yoxlamalar mütəmadi və gözlənilməz olmalıdır. Bəzi kafelər üçün yoxlamalar, sadəcə, “rəsmi prosedur” xarakteri daşıyır, lakin real vəziyyəti əks etdirmək üçün daha sərt tədbirlər görülməlidir. Cərimələrin məbləğinin artırılması, təkrar qayda pozuntusuna yol verdiklərinə görə lisenziyaların ləğvi kimi tədbirlər sahibkarları daha məsuliyyətli olmağa məcbur edər.
Restoranların, kafelərin təmizliyinə cavabdeh olanlar yalnız onların sahibləri və ya nəzarət orqanları deyil. Hər bir istehlakçı öz sağlamlığının qayğısına qalmalı, müəssisələrdən keyfiyyətli xidmət tələb etməlidir. Əks halda, problem davam edəcək və biz hər dəfə eyni xəbərləri oxuyacağıq: “Şəhərimizdə daha bir neçə kafe antisanitariya səbəbindən bağlandı”.
Bəlkə, bu sualı özümüzə verək: “Biz təhlükəsiz və sağlam qida üçün nə edirik? Cavabınız “heç nə”dirsə, o zaman dəyişiklik gözləmək də mənasızdır”.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər