NAXÇIVAN :

26 Iyun 2026, Cümə

İtkin şəhid İbrahim Vəlizadənin anım günü keçirilib

...

Şərur Şəhidlər xiyabanında şəhid leytenant İbrahim Vəlizadənin büstünün önündə keçirilən anım tədbirində öncə Ulu Öndərin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, Şərur rayonunun Vərməziyar kəndindən olan şəhid leytenant İbrahim Vəlizadə haqq savaşımızda qəhrəmanlıq və igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Qeyd olunub ki, Birinci və İkinci Qarabağ müharibələrində, lokal antiterror tədbirlərində Şərurun qəhrəman övladları böyük rəşadət göstəriblər. Şərur rayonundan I Qarabağ müharibəsində 72, II Qarabağ müharibəsi və sonrakı hərbi əməliyyatlarda 31 olmaqla, 103 qəhrəman şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, Vətən müharibəsi qəhrəmanı, general-leytenant Kənan Seyidov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailəsi üzvləri, qazilər, hərbçilər iştirak ediblər. Çıxışlarda bildirilib ki, Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində düşmənə layiqli cavab verildi. Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, xalq-ordu-dövlət birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Sonda şəhidin atası Səməd Vəlizadə çıxış edərək dövlətimizin şəhid ailələrinə qayğısından danışıb, minnətdarlığını bildirib.

Qeyd edək ki, leytenant İbrahim Vəlizadə 1998-ci il iyun ayının 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək itkin düşüb. Uzunmüddətli axtarışlar nəticə vermədiyindən ona şəhid statusu verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahim Vəlizadə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 11.06.2026 17:10