Səfirlik: ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütü...
14:10 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, idman infrastrukturu da günün tələbləri səviyyəsində qurularaq sürətlə yenilənir və müasirləşir. Bu istiqamətdə atılan addımlar yalnız fiziki quruculuqla məhdudlaşmır, eyni zamanda cəmiyyətin sağlam həyat tərzinə təşviqi və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Müasir tələblərə cavab verən idman obyektləri, regionlarda yaradılan komplekslər və idman məktəbləri bu sahədə aparılan məqsədyönlü siyasətin bariz nümunəsidir. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan idmanı özünün yeni inkişaf dövrünə qədəm qoyub. Gənc idmançılarımız beynəlxalq arenalarda qazandıqları uğurlarla yalnız şəxsi nailiyyətlərinə imza atmır, eyni zamanda ölkəmizin adını ucaldır, bayrağımızı zirvələrə qaldırırlar. Bu da, öz növbəsində, idmana göstərilən yüksək diqqət və qayğının təzahürüdür.
Azərbaycan Milli Olimpiya Komitəsinin əməli fəaliyyəti nəticəsində Azərbaycan bu gün dünya idman ailəsində özünəməxsus yerini tutaraq nüfuzlu idman mərkəzlərindən birinə çevrilib. Bu, təbii ki, ölkəmizdə idmanın bütün sahələrinin inkişafına təkan vermiş, müxtəlif idman növlərinə marağı daha da artırmışdır. Bu mənada, gimnastika da diqqətdən kənarda qalmamış, ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən birinə çevrilmişdir. Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Bu qurumun təşəbbüsləri və beynəlxalq arenada qazandığı uğurlar bir daha sübut edir ki, ölkəmiz idman sahəsində təkcə regionda deyil, dünya miqyasında da söz sahibi olmağa qadirdir. Qazanılan bu uğurlar və yeniliklər nəticəsində Azərbaycan artıq beynəlxalq aləmdə idman dövləti kimi tanınır. Bu isə gələcəkdə daha böyük hədəflərə doğru inamla irəliləməyimiz üçün möhkəm zəmin yaradır. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi bu sahədə əsl dönüş nöqtəsi olmuşdur.
Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində gimnastika ölkəmizdə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Federasiyanın təşəbbüsü ilə gimnastikanın bütün növləri üzrə mütəmadi olaraq yerli yarışlar təşkil edilir, eyni zamanda ölkəmizdə də beynəlxalq miqyaslı mötəbər yarışlar keçirilir. Belə ki, 2003 və 2005-ci illərdə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilmiş, 2007, 2009 və 2014-cü illərdə isə Azərbaycan Avropa çempionatına uğurla ev sahibliyi etmişdir. 2014-cü il isə həm Azərbaycan idman tarixinə, həm də gimnastika ictimaiyyətinin yaddaşına xüsusi bir hadisə ilə yazıldı. Həmin il Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda möhtəşəm Milli Gimnastika Arenasının (MGA) açılışı baş tutdu. Bu arena yalnız Azərbaycanın deyil, regionun ən müasir idman qurğularından biri olmaqla, gimnastların peşəkar şəkildə inkişafı üçün geniş imkanlar yaratdı. Qeyd olunmalıdır ki, bu gün Azərbaycan Gimnastika Federasiyası, sadəcə, idman yarışlarının təşkili ilə kifayətlənmir, əhalinin sağlam həyat tərzinə cəlb olunması, milli idman kadrlarının yetişdirilməsi, yığma komandaların formalaşdırılması və onların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi istiqamətində də mühüm işlər görür. Federasiya, həmçinin beynəlxalq idman təşkilatları və xarici ölkələrin idman qurumları ilə sıx əməkdaşlıq edir, Azərbaycanın bu sahədəki nüfuzunun daha da möhkəmlənməsinə çalışır.
Paytaxtımız beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etməklə yanaşı, bir sıra yeniliklərə də imza atmışdır. Bakının “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku”na ev sahibliyi etməsi bunun bariz ifadəsidir. Gimnastlarımızın Lüksemburqda keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında 8 medal qazanması da xüsusi vurğulanmalıdır. Qeyd edək ki, akrobatika gimnastikası üzrə tarixdə ilk dəfə qadın və kişi qrupu Avropa çempionatında medal qazanmışdır. Bundan başqa, ölkəmiz bədii gimnastika üzrə Avropa kubokuna ev sahibliyi etmişdir. İlk dəfə olaraq bu Avropa kubokunda qrup hərəkətləri komandalarının çarpaz qarşılaşmaları baş tutmuşdur. Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda iştirak edən böyüklərdən ibarət qrup hərəkətləri komandası medallar qazanmışdır. Adıçəkilən federasiya akrobatika gimnastikası üzrə Dünya kuboku, AGF Trophy yarışına ev sahibliyi etmişdir. Onu da vurğulayaq ki, “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” uğurla başa çatdırılıb. Bütün bu nailiyyətlər ölkəmizdə gimnastikanın sürətlə inkişaf etdiyini və beynəlxalq aləmdə nüfuzunun artdığını bir daha sübut edir.
Azərbaycanda gimnastika sahəsinə göstərilən diqqət və yaradılan yüksək şərait nəticəsində həm yerli idmançılarımızın uğurları artır, həm də ölkəmiz dünya gimnastika ailəsində mühüm tərəfdaşlardan birinə çevrilir. Bu uğurların davamlı olması üçün atılan addımlar gələcək nəsil gimnastların formalaşmasına möhkəm zəmin yaradır. Qeyd etmək yerinə düşər ki, bütün bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
Onun gimnastika idman növünün inkişafına göstərdiyi diqqət və qayğı, yaradılan yüksək təşkilati şərait və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi sahəsində atdığı addımlar ölkəmizin bu sahədəki nailiyyətlərini şərtləndirən əsas amillərdəndir. İdman və olimpiya hərəkatının inkişafını daim diqqətdə saxlayan Mehriban xanım Əliyeva gənc nəslin idmana cəlb edilməsinin vacibliyini dəfələrlə vurğulayıb: “Biz əminik ki, Azərbaycan gimnastikasının qarşıda bir çox qələbələri və naliyyətləri olacaq. Gimnastika bu sahədə böyük potensiala malikdir və onun inkişafı üçün Azərbaycanda hər cür şərait yaradılıb. Ən başlıcası isə Azərbaycan gimnastika məktəbinin sizin kimi gimnastika həvəskarları var. Mən inanıram ki, qazanılan uğurlar davamlı olacaq”. Bu fikirlər bir daha göstərir ki, ölkəmizdə idmanın bütün sahələrinin, o cümlədən gimnastikanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Muxtar respublikamızda da idman siyasətinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsi bir çox idman növü kimi, bədii gimnastikanın da inkişafına şərait yaradır. Bunun ifadəsidir ki, son illərdə gənclərin bu sahəyə marağı əhəmiyyətli dərəcədə artmış, peşəkar idmançılarımız isə beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmiş və etməkdədirlər. Bu gün gənc nəsil yaxşı anlayır ki, bədii gimnastika yalnız fiziki hazırlıq deyil, eyni zamanda mənəvi tərbiyə baxımından da əhəmiyyətlidir. Ona görə də məşhur idmançıların tez-tez vurğuladığı “İdmana gimnastika ilə başlanılır” fikri bu sahənin təməl rolunu bir daha ortaya qoyur.
Qeyd edək ki, qədim diyarımızda əldə edilən ilkin uğurlar və keçirilən beynəlxalq yarışlar da göstərir ki, muxtar respublikada idmanın inkişafı məqsədyönlü şəkildə həyata keçirilir. Onu da vurğulayaq ki, muxtar respublikada bədii gimnastikanın təşəkkülü və inkişafı, əsasən, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyətə başlayan bölmə və onun əsasında yaradılmış “Xatun” Bədii Gimnastika İdman Klubu ilə bağlıdır. İlk dövrlərdə azyaşlı gimnastlar Humay Qafarovanın rəhbərliyi ilə bu sahədə məşğul olmağa başlayıblar. Bu sahənin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilib, texniki təchizat yaxşılaşdırılıb və məşqlər üçün ayrıca zal ayrılıb.
Ötən günlərdə Humay Qafarova Portuqaliyanın paytaxtı Lissabon şəhərində “5th World Gym for Life Challenge” beynəlxalq yarışmasında da ölkəmizi layiqincə təmsil edib. Əlavə olaraq onu da qeyd edək ki, Bakıda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” adlı tədbirdə də uğur qazanıb. Hazırda isə beynəlxalq yarışlara ciddi hazırlıqlar gedir və şübhəsiz ki, yaxın aylarda Naxçıvan bu mötəbər tədbirdə layiqincə təmsil olunacaq.
Muxtar respublikamızda gimnastikanın gələcək inkişafı üçün bir sıra layihələrin planlaşdırılması xüsusilə qeyd edilməlidir. Çünki bu gün qədim diyarımızda gimnastika yalnız bir idman növü deyil, eyni zamanda sağlam həyat tərzinin, estetik zövqün və mənəvi zənginliyin təcəssümüdür. Balaca gimnastların əzmkarlığı, məşqçilərin fədakarlığı və valideynlərin dəstəyi ilə bu sahədə atılan hər bir addım gələcəyə doğru inamlı yolun göstəricisidir.
Ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda insan sağlamlığında mühüm vasitə olan idman və onun müxtəlif sahələrinin inkişafı prioritet vəzifəyə çevrilib, bu istiqamətdə xeyli uğurlar qazanılıb. Əldə edilən nailiyyətlər isə daha da artır. Sözsüz ki, bu uğurlarda Azərbaycan Gimnastika Federasiyanın və onun prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər