Qurbanqulu Berdiməhəmmədov: İƏT üzv dövlətlərinin ...
12:19 16.07.2025
0
0
0
NAXÇIVAN :
16 Iyul 2025, Çərşənbə
Azərbaycanın ev sahibliyi ilə 3-4 iyul 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün məhz Xankəndi şəhərində keçirilməsinin çox böyük tarixi və strateji əhəmiyyəti vardır. Bu mühüm tədbirin yalnız beynəlxalq iqtisadi platforma səviyyəsində deyil, geosiyasi, diplomatik və milli strateji baxımdan çoxsaylı vacib aspektləri mövcuddur. Zirvə yalnız regional əməkdaşlıq baxımından deyil, həm də Azərbaycanın suverenlik siyasətinin və post-münaqişə dövründə həyata keçirdiyi bərpa strategiyasının təntənəsi olaraq dəyərləndirilməlidir.
Uzun illər Ermənistanın işğal altında qalmış Xankəndi şəhəri 2020-ci ildə “Vətən müharibəsi” və 2023-cü ildə “lokal xarekterli antiterror əməliyyatı” ilə Azərbaycanın tam nəzarətinə qaytarıldı. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi bir sıra siyasi mesajlar verir. Çünki Azərbaycan xalqı üçün Xankəndi, sadəcə, coğrafi məkan deyil, milli kimliyin, tarixi yaddaşın və mədəni irsin bir parçasıdır. Bu şəhərdə belə mühüm tədbirin keçirilməsi təkcə diplomatik deyil, həm də ideoloji və mənəvi qələbədir. Eyni zamanda beynəlxalq liderlərin Xankəndiyə səfəri bölgədə təhlükəsizliyin və nəzarətin tam təmin olunduğunun dünyaya nümayiş etdirilməsi baxımından önəmlidir. Zirvə görüşü, digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesinin canlı nümayişinə çevrildi. Zirvə iştirakçılarına Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları, kənd təsərrüfatı zonaları, nəqliyyat dəhlizləri, “yaşıl enerji zonası”, “ağıllı şəhər" və "ağıllı kənd” konsepsiyaları haqqında məlumat verildi. Bununla da Qarabağın artıq münaqişə zonasından regional inkişaf və əməkdaşlıq bölgəsinə çevrildiyi bütün dünyaya çatdırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi: "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.
Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir".
Davamlı inkişaf və iqlim dəyişikliyi, regional nəqliyyat, logistik infrastruktur, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və “yaşıl enerji” kimi məsələlərin müzakirə edildiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə rəsmi tədbir deyil, dərin məna daşıyan tarixi hadisədir və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı olduğunun və ölkəmizin mühüm platformaya çevrildiyinin göstəricisidir. Həmçinin bu tədbir Azərbaycanın suverenliyinin təsdiqi, Qarabağın inteqrasiyası, regional sabitliyin və əməkdaşlığın təşviqi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və İqtisadi Əməkdaşlıq Təşkilatının rolunun güclənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Əjdər Əliyev
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər