Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Dünyaşöhrətli oftalmoloq, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də – ilin ən gözəl fəsli olan baharda dünyaya göz açıb və ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişib. Akademik Zərifə xanım Əliyevanın Tanrının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir.
Zərifə xanım keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanım haqqında ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olurdu.
Zərifə xanımı yaxından tanıyan elm və mədəniyyət xadimləri, həkim-kolleqləri onun xidmətlərini həmişə yüksək qiymətləndirmişlər. Məsələn, dünyaşöhrətli oftalmoloq alimlər – Rusiya Tibb Elmlər Akademiyasının akademiki A.P.Nesterov, professor L.K.Moşatova, professor N.B.Şulpina, akademik M.Cavadzadə, professorlar Z.Quliyeva, Q.Nəsrullayeva, M.Sultanov və başqaları Azərbaycan elmi-ictimaiyyəti akademik Zərifə xanım Əliyevanın xatirəsini uca tutur və fəaliyyətini yüksək qiymətləndirirlər. Akademik Zərifə xanım Əliyevanın adı liseylər, kolleclər və universitetlər üçün yazılan müvafiq dərsliklərə və tərtib olunan fənn proqramlarına daxil edilmişdir. Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmişdir.
Akademik Zərifə xanım Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi “Ana” adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Ömrünü tibb elminə və insan sağlamlığına həsr edən Zərifə xanım Əliyevanın xatirəsi daim dərin ehtiramla anılır. Onun elmi irsi oftalmologiyanın inkişafına mühüm töhfələr verib, praktik səhiyyədə geniş tətbiq olunub. Zərifə xanımın yüksək insani dəyərləri və əxlaqi mövqeyi bu gün də gənc nəslə nümunədir.
Rauf CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər