Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
Müasir dövrün aktual problemlərindən biri mövcud cəmiyyətdəki insan resurslarının qiymətləndirilməsi və yaradıcı əməyinin gücündən maksimum səmərə ilə istifadə edilməsidir. Bu mənada, insan kapitalının davamlı olaraq inkişaf etdirilməsi kimi vacib məsələ bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da daim diqqət mərkəzindədir. Belə ki, ölkəmiz iqtisadi-mədəni inkişafının ən müxtəlif sahələrində layiqli yer tutan, Vətənimizin etibarlı müdafiəsini təmin edən insan resurslarımız sayəsində bugünkü səviyyəyə gəlib çatmış, öz gücü ilə torpaqlarının tam suverenliyinə qovuşmuş, dayanıqlı sosial sabitliyə və xarici borcu minimum səviyyədə olan stabil iqtisadi model qurmağa nail olmuşdur. Bütün bunların gələcəkdə də təmin olunması və daha da arzuedilən nəticələr əldə etmək üçün ilk olaraq hər sahədə fəaliyyət göstərə biləcək milli kadrların yetişdirilməsi prioritet məsələlərdəndir.
Belə prioritet vəzifələrin əhəmiyyətini ölkəmizin regionlarının inkişafı üzrə qəbul olunmuş Dövlət proqramlarında konkret olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda görmək mümkündür. Belə ki, yeni mərhələ üçün muxtar respublikamızın hərtərəfli inkişafını nəzərdə tutan bu mühüm dövlət sənədində əks olunmuş prioritetlər arasında insan kapitalının inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsi, qloballaşma proseslərinin gələcəkdəki tələblərini ödəyə biləcək ingilisdilli kadrların hazırlanması, ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin peşə təhsilinin daha da inkişaf etdirilməsi və startap ekosisteminin inkişaf etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulmuşdur. Bütün bunların uğurla həyata keçirilməsindən gözlənilən nəticələr isə, şübhəsiz, əmək bazarının tələblərinə uyğun səmərəli məşğulluq sisteminin yaradılması, ucqarlarda əhalinin daimi məskunlaşması və əhalinin ümumi rifah halını yüksəldən sosial-iqtisadi inkişafa nail olunmasıdır.
Yetkin insan kapitalı ölkənin əsl sərvətidir. Məhz buna görə də müasir Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi və sosial siyasətdə xalqımızın sahib olduğu yeraltı qızılın yerüstü qızıla çevrilməsinin ən sərfəli yollarından biri kimi insan resurslarının inkişaf etdirilməsi, sağlam, savadlı, öz vətəninə xidmət etməyə hazır olan gənc nəsil yetişdirilməsi mühüm yer tutur. Ölkəmizdə istedadlı gənclərin dərhal üzə çıxarılması, gənc yaşlardan onlara daha ciddi işlərin həvalə olunması müasir çağırışlara cavab verən, insanları yaradıcı və məsuliyyətli əməyə cəlb edən mühüm amildir. Artıq görürük ki, gələcəyimiz üçün milli dəyərlərə bağlı, gənc, sağlam, iqtisadi və mədəni inkişafa layiqli töhfə verə bilən, müasirliyə nümunə olan, dünyada baş verən hadisələrdən və yeni texnologiyalardan yaxşı baş çıxaran, bir neçə xarici dil bilən vətəndaşlar yetişdirmək bu gün bizə daha vacibdir. Çünki müstəqil ölkəmiz hazırda onların bəhrəsini hər sahədə görməkdədir.
İnsan kapitalının formalaşdırılması ailədən başlayıb təhsillə davam etdirilən gərgin əməyin, mürəkkəb idarəetmə proseslərinin nəticəsində mümkün olur. Gənclərin düzgün motivasiyası, onların faydalı ixtisas seçiminə yönləndirilməsi və konkret olaraq stimullar verilməsi kimi məsələlər hazırda təhsilin qarşısındakı vəzifələrdən biridir. Sinifdəki şagird, yaxud auditoriyadakı tələbə sayından asılı olmayaraq, təhsilalanların maraqlarının qorunması, onların cəmiyyətdə layiqli mövqe tutması həmişə olduğu kimi, bu gün də aktual məsələlərdəndir. Belə ki, dünya dövlətləri bu prinsiplər üzərində insan resursları konsepsiyası işləyib hazırlamaqla onu uzunmüddətli fəaliyyət proqramı kimi öz qarşılarında qoyur və zaman keçdikcə də bunun bəhrəsini görürlər. Artıq sübut olunmuşdur ki, məhz insana sərf edilən investisiyalar özünüdoğrultma baxımından ən düzgün seçimdir. Bu gün təbii sərvətlərin məhdud olduğu ölkələr timsalında görürük ki, onlar məhz yetişdirdikləri insan potensialı və bundan düzgün istifadə olunması ilə iqtisadi-mədəni inkişafda yüksək nəticələr əldə etmiş, möhkəm müdafiə qabiliyyəti qazanmışlar. Çünki məhz insan kapitalı hesabına təhsildə, səhiyyədə, yüksək texnologiyalarda, idmanda, mədəniyyətdə, turizmdə yüksək nəticələr əldə olunur və ölkənin beynəlxalq aləmdəki nüfuzu qiymətləndirilir. Nəticədə, insana verilən yüksək qiymətin sonunda təbii sərvətlər də insanın dostuna çevrilir, onun rifahına xidmət edir.
Müasir tələblərə cavab verən insan kapitalı dövrümüzün çağırışları ilə uzlaşan tələblərə cavab verməlidir. Əgər 20 il əvvəl müxtəlif sahələrdə vəzifə tutan kadrların qarşısında elementar kompüter bilikləri tələb olunurdusa, bu gün artıq ixtisasından asılı olmayaraq, hər kəsin informasiya təhlükəsizliyindən məlumatlı olması, kiber hücumlara qarşı şəxsi və korporativ mənafelərin qoruya bilməsi üçün bilik və bacarıqlara sahib olması tələb olunur. Süni intellektin həyatımıza sürətlə daxil olduğu, bir sıra peşə və işlərin gələcəkdə ləğv olunması ehtimallarının müzakirə olunduğu bir dövrdə əmək bazarındakı rəqabətin hansı səviyyəyə çatacağını da düşünməyə dəyər. Odur ki, texnologiyanın sürətli addımlarına ayaq uydurmaq üçün təhsilə yeni yanaşmaların aktuallaşdığını, test əzbərçiliyi yerinə məntiqi təfəkkürün və yaradıcı əməyin inkişafına xidmət edən təhsil sisteminin yaradılması zərurətini artıq görməkdəyik. Odur ki, xüsusən orta məktəb illərində az qala özləri ağırlığında test toplularının, nəhayət ki, axırına çıxıb universitetlərə yüksək balla daxil olan gənclərin auditoriyadakı ilk diskusiyyada özünü itirməsinin səbəbləri haqqında ayrı-ayrı fənlər üzrə hər il tarixi yenilənən və çoxu da bir-birinin təkrarı olan 5-10 min testin cəmləşdiyi, yüzlərlə ton ağırlığında kağız israfçılığından başqa bir şeyə yaramayan test toplularını yazanlar, onları nəşr etdirib məktəbilərin valideynlərinə satan qurumların rəhbərləri də vicdanlarını qarşılarına qoyub düşünməlidirlər! Axı dövlətimizin qanunlarına əsasən orta təhsil məktəbdə verilir və məktəbi qurtaran şagirdlər da daşımaqdan bellərini əymiş kiloyarımlıq test toplularını deyil, təhsil nazirliyinin qrifi ilə nəşr olunmuş dərslikləri mənimsəyib, buna görə də attestat almalıdırlar.
Naxçıvan özünün təhsil ənənələri, yerli əhalisinin elmə və mədəniyyətə verdiyi önəmlə həmişə seçilmişdir. Ölkəmizin müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında müxtəlif peşə və ixtisaslar üzrə kadrların hazırlanmasında ciddi bir inkişaf əldə olunmuşdur. Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadi inkişaf səviyyəsi, sahib olduğu təbii ehtiyatları və turizm resursları hazırda elmi-tədqiqatlar üçün də geniş meydan açır. Ayrıca olaraq, regionumuzun sosial-humanitar inkişaf səviyyəsi və mövcud imperativlərə də uyğun olaraq Naxçıvanda insan resurslarının formalaşdırılmasının yeni prioritetləri önə çıxmaqdadır. Bütün bunlara əlavə olaraq Naxçıvanın hələ də blokada vəziyyətində olmasını, ölkəmizin paytaxtında və digər yerlərdə ali təhsil almaq istəyən abituriyentlərin seçimlərinin çətinləşdiyini də qeyd etmək lazımdır. Bu və buna bənzər digər amillər də, öz növbəsində, hazırda Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin işinə təsir etməkdədir. Belə ki, Naxçıvandakı ən böyük ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetində 10 fakültədə, həmçinin universitetin nəzdində olan üç kollecdə bakalavriat səviyyəsi üzrə 78 ixtisas, magistratura üzrə 74 ixtisaslaşma, doktoranturada 66 ixtisas və rezidentura üzrə 33 ixtisasda, ümumilikdə, 10 minə yaxın, o cümlədən 7 ölkədən 1700-dən artıq xarici tələbə təhsil almaqdadır. Dünyanın aparıcı ali təhsil müəssisələri ilə sıx təcrübə mübadiləsi həyata keçirən Naxçıvan Dövlət Universitetinin 44 kafedrasında fəaliyyət göstərən 528 nəfər professor-müəllim heyəti ölkəmizin müasir iqtisadi-mədəni inkişaf səviyyəsinə və strateji inkişaf hədəflərinə uyğun olaraq ali təhsildə qarşıya qoyulmuş vəzifələrin icrası üçün səfərbər olunmuşdur. Göründüyü kimi, Naxçıvan Dövlət Universiteti özünün missiyası ilə təkcə regionun əmək bazarının tələbatının ödənilməsi üçün deyil, həm də ölkəmizdə və onun hüdudlarından kənarda da fəaliyyət göstərəcək kadrların hazırlanmasında mühüm rol oynayır.
İnsan kapitalı formalaşdırılması fasiləsiz davam edən prosesdir. Başqa sözlə, əgər cəmiyyətin vaxtında özü-özünü yeniləməsi baş verməsə, bu ən azı otuz il sonra özünü kəskin bir boşluq şəklində göstərəcək olan bir problem kimi hər kəsi narahat edəcəkdir. Buna görə də əgər bu gün həyata keçirilən məqsədyönlü təhsil siyasəti gənclərin elmə, təhsilə maraqlarını artırırsa, tarixi keçmişimizə, milli mədəniyyətimizə bağlılığını dərinləşdirirsə bu hər birimizin də gələcəyə inamını çoxaldacaqdır.
Əli CABBAROV
Digər xəbərlər