NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

İmtiyazlı dərmanların ASM-lər üzərindən paylanması prosesi davam edir

...

Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində həyata keçirilən kompleks islahatlar sürətlə davam etməkdədir. Bu islahatların bir hissəsi olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ailə Sağlamlıq mərkəzlərinin (ASM) yaradılması layihəsi xüsusi yer tutur. “Şərq qapısı”na açıqlamasında həkim endokrinoloq Mətanət Səfərova deyir ki, layihənin məqsədi vətəndaşlara daha keyfiyyətli ilkin tibbi xidmətlər təqdim etməklə yanaşı, xəstəlik hallarının azaldılmasına və həyat keyfiyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən imtiyazlı dərman vasitələrinin əhaliyə Ailə Sağlamlıq mərkəzləri üzərindən paylanması prosesi davam edir. Vətəndaşlar, yaşadıqları əraziyə uyğun olaraq, müvafiq Ailə Sağlamlıq mərkəzlərinə müraciət edərək Dövlət Proqramına uyğun təyin olunmuş dərman vasitələrini rahatlıqla əldə edə bilərlər. Bu təşəbbüs vətəndaşların dərman təminatına əlçatanlığını artırmaqla yanaşı, sosial rifahın yüksəldilməsinə mühüm töhfə verir.

Müsahibimizin sözlərinə görə bu proses mərhələli şəkildə 32 Ailə Sağlamlıq Mərkəzi üzrə həyata keçiriləcəkdir. Artıq  Ordubad, Şahbuz və Babək rayonlarında dərmanların paylanması prosesi başa çatmış, Şərur rayonunda isə dərmanların paylanmasına başlanılmışdır. Növbəti mərhələlərdə bu proses muxtar respublikanın digər bölgələrini əhatə edəcək və imtiyazlı dərman vasitələrinin əhaliyə çatdırılması işi daha da genişləndiriləcəkdir.

Bu addım, xüsusilə yaşlı və xroniki xəstəliyi olan, eləcə də hərəkət məhdudiyyəti yaşayan şəxslərin dərman vasitələrinə çıxışını asanlaşdırmaqla səhiyyə xidmətlərinin keyfiyyətini və vətəndaş məmnunluğunu artırmağa xidmət edir.

Bülbül QULİYEVA

Nəşr edilib : 11.04.2025 10:06