NAXÇIVAN :

26 Iyun 2026, Cümə

İlhamə Qədimova: Məqsədimiz tələbələrə paralel iş imkanları yaratmaq və aqrar sığorta bazarını gücləndirməkdir

...

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə Aqrar Sığorta Fondu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə tərəflər aqrar sığorta sahəsində kadr hazırlığının gücləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elm və təhsilin istehsalatla inteqrasiyasının genişləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər. İmzalanma mərasimindən sonra jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu əməkdaşlığın ölkə iqtisadiyyatı və gənc mütəxəssislər üçün kəsb etdiyi əhəmiyyəti xüsusi vurğulayıb.
Nazir müavini, ilk növbədə, ölkəmizdə aqrar sığorta sisteminin formalaşması və bu sahədə peşəkar ekspertlərə yaranan təbii zərurətdən bəhs edərək bildirib: "Ölkəmizdə 2021-ci ildən etibarən aqrar sahədə sığortanın tətbiqinə başlanmışdır. Təbii ki, sığortanın bu sahədə uğurlu tətbiqi, ilk növbədə, ixtisaslaşmış yerli ekspertlərin və peşəkar mütəxəssislərin yetişdirilməsi zərurətini meydana çıxardı. Çünki aqrar sığorta fəaliyyəti birbaşa sahədə operativlik tələb edir. Müxtəlif aqrar sığorta hadisələri – istər sel, daşqın kimi təbiət hadisələri, istərsə də digər zərərverici amillər baş verdikdə zərərin yerində və düzgün qiymətləndirilməsinə böyük ehtiyac yaranır. Bu məsuliyyətli missiyanı isə məhz xüsusi hazırlıq keçmiş aqrar sığorta ekspertləri həyata keçirir. Məhz bu gün bizim Naxçıvan Dövlət Universiteti ilə qurduğumuz əməkdaşlığın da əsas nüvəsini bu sahədə sığorta ekspertlərinin yetişdirilməsi ilə bağlı görüləcək işlər təşkil edir".
İlhamə Qədimova hazırkı kadr potensialına və gələcəkdə aqrar sığorta coğrafiyasının genişləndirilməsi planlarına diqqət çəkərək qeyd edib: "Bu sistem ölkəmizdə yeni tətbiq edilməyə başladığı üçün sahə üzrə mütəxəssis sayımız hələ ki azdır. Lakin biz gələcəyə böyük planlarla baxırıq. İrəlidə aqrar sahədə yeni qəbul edilən Dövlət Proqramına uyğun olaraq aqrar sığortanın əhatə dairəsinin daha da genişləndirilməsini nəzərdə tuturuq. Genişlənən sahə isə, istər-istəməz özlüyündə yeni və güclü kadr potensialının yaradılmasını tələb edir. Universitetlə əməkdaşlığımızın ən böyük üstünlüyü odur ki, bu layihə digər sahələrdə ixtisaslaşan, fərqli fakültələrdə təhsil alan şəxslər üçün də əlavə və perspektivli iş imkanlarının yaradılmasına, onların sığorta eksperti kimi yetişdirilməsinə mükəmməl zəmin yaradacaqdır".
Nazir müavini çıxışının sonunda tələbələrin bu layihədən necə faydalana biləcəklərini və əmək bazarındakı yeni imkanları xüsusi diqqətə çatdıraraq vurğulayıb: "Naxçıvan Dövlət Universitetində müvafiq fakültələrdə təhsil alan tələbələrimiz bu fürsətdən yararlanaraq sığorta ekspertliyini özləri üçün paralel bir iş imkanı kimi düşünə bilərlər. Təbii ki, bu istiqamətdə müəyyən tələblər, alınmalı olan xüsusi sertifikatlar və uyğunlaşdırılmalı olan hüquqi şərtlər mövcuddur. Bizim peşəkar əməkdaşlarımız universitetə öz töhfələrini verərək tələbələrə bu yolda bələdçilik edəcəklər. Tələbələr bu istiqamətdə əlavə təhsillərini və praktiki hazırlıqlarını elə bu təhsil ocağında həyata keçirə biləcəklər. Nəticədə, gənclərimiz həm öz ixtisasları üzrə formalaşacaq, həm də eyni zamanda bir sığorta eksperti kimi əmək bazarında rəqabətədavamlı kadr kimi aktiv iştirak etmək şansı qazanacaqlar".

Elnurə Cəfərova

Nəşr edilib : 22.06.2026 18:19