NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

İlaxırın Ordubaddakı adı – “Yeddiləvin”

...

Qədim diyarımızın sakinləri milli adət-ənənələrə bağlı olduğu üçün hər il Novruz bayramını böyük sevinclə qarşılayırlar. Novruz ürəklərdə saf duyğuların oyanması, yaxınların yad edilməsi, kin-küdurətin aradan qaldırılması, arzuların qanadlandığı, qəlbləri ilhamlandıran bayramdır.
Novruz öz milli atributlarının  zənginliyi ilə digər bayramlardan xeyli fərqlənir.  Bayram günü milli mətbəximizin növbənöv nemətləri hazırlanaraq süfrələrə düzülür. Bu bayram Ordubad  rayonunun  Vənənd kəndində böyük təntənə ilə qeyd edilir. Biz də “Şərq qapısı” komandası olaraq  bayramı onlarla birgə qarşılamaq üçün üz tutduq sözügedən kəndə. 
Vənənddə kənd ağsaqqalları, ağbirçəkləri, bir sözlə, kiçikdən-böyüyə hər kəs kənd mərkəzində qalanan tonqalın ətrafına  toplaşıb bayramı bir yerdə keçirirlər. Uşaqlar sağa-sola qaçıb bayram sevincini yaşayır, kəndin qız-gəlinləri pay tutaraq al-əlvan xonçalar bəzəyib, tonqal başında cəm olub, şən mahnılar səsləndirirlər.  Biz də fürsətdən istifadə edib yaşı səksəni ötmüş kənd sakini  Xalidə nənədən Novruzun ən çox sevilən adəti “Yeddiləvin” haqqında məlumat aldıq. O bildirdi ki, Ordubadda İlaxır çərşənbəyə həm də “Yeddiləvin” deyilir. Həmin gün evlərdə  süfrə açılır və süfrəyə növbənöv şirniyyatlar, çərəzlər və bir çox bayram nemətləri düzülür. Bu nemətlər 7 adda olmalıdır. Müsahibimizin sözlərinə görə, bayram ərəfəsində yeni gəlin köçmüş qızlara bayram xonçası aparılır. Hər xonçaya  isə adətə uyğun olaraq yeddi adda şirniyyat qoyulmalıdır. Və əlavə edir ki, çeşidin çoxluğunu göstərmək məqsədilə ona “yeddiləvin”, yaxud da “yeddi lövün”deyilir. 
Süfrədə yeddi növ çərəz olması da şərtdir.  Bayram süfrəsində adlarını çəkdiyimizdən əlavə xonçada  noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, badam ləpəsi, boyanmış yumurta, alma qurusu, gavalı qurusu, iydə və başqa çərəzlər olur. 
Bayramda paxlava, şorqoğal, şəkərbura, sucuq, alana, Ordubad qayğanağı və səməni halvası da  süfrədə gözoxşayan ləziz təamlardandır. Bunların hazırlanmasından danışan digər bir müsahibimiz Almaz Əsədova bildirdi ki, Vənənd kəndində cəvizli paxlava kürələrdə və ya təndirdə bişirildikdən sonra üzərinə gülab qatılmış şərbət əlavə edilərək  süfrəyə qoyulur. Şəkərbura üçün isə içərisinə çəkilmiş badam, cəviz və şəkər tozu qarışdırılaraq içlik hazırlanır, üzəri incə naxışlarla bəzədilir. Elə söhbətimizin bu yerində Almaz xanım öz əli ilə hazırladığı ləziz  şirniyyatlarla yanaşı,  bizə Ordubadın brendi olan limonlu çay təklif edir. Ətrafda səməni və boyanmış yurmurtalardan başqa Ordubada xas olan  gülab da qoyulduğunu görürük. 
Bayramın ən sevimli adətlərindən olan yumurta toqquşdurulması, torba  atmaq, səməni cücərtmək kimi maraqlı adətləri də bu kənd illərdir ki, qoruyub saxlayır. Biz də ənənəyə uyğun olaraq kənd meydanında qalanmış tonqalın üstündən üç dəfə hoppanaraq  “Ağırlığım, uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara”, – deyərək köhnə ilin  ağırlıqlarını  üstümüzdən atırıq. Gün batana yaxın isə  uşaqlarla bir araya gəlib, qapı-qapı gəzir, papaq atıb, gənclərlə niyyət edib qulaq falına çıxırıq.  
Novruz bayramı münasibətilə  biz də qonağı olduğumuz vənəndliləri və ümumilikdə, bütün xalqımızı təbrik edir, daim birlik və bərabərlik ideyaları altında yaşamağı diləyirik. Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, evlərimizə xoşbəxtlik gətirsin, ocağımız yanar, süfrəmiz isə bol-bərəkətli olsun!    

Bülbül Quliyeva

Nəşr edilib : 18.03.2025 16:50