Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatın...
18:43 05.10.2026
0
0
0
NAXÇIVAN :
05 Oktyabr 2026, Bazar ertəsi
2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 5 oktyabr Ümumdünya Memarlıq Günü və Ümumdünya Məskunlaşma Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilk dəfə olaraq gənc memar, şəhərsalma mütəxəssisləri və dizaynerlər üçün “İrs üçün yarat” müsabiqəsini elan edib.
Qoruğu İdarəsindən bildirilib ki, müsabiqənin məqsədi İlyas Əfəndiyev küçəsi ilə 4-cü M. Maqomayev döngəsinin kəsişməsində yerləşən, uzun illər istifadəsiz qalmış 450 kvadratmetr ərazinin regenerasiyası üçün qədim şəhər toxumasının özünəməxsusluğunu və tarixi-memarlıq irsini qoruyan yaradıcı layihə təkliflərini bir araya gətirməkdir. İştirakçılardan əraziyə yeni həyat qazandıraraq onu İçərişəhərin ruhunu yaşadan, müasir ehtiyaclara cavab verən, canlı və hər kəs üçün əlçatan açıq ictimai məkana çevirəcək funksional və icrası mümkün həllər təqdim etmələri gözlənilir.
Layihələrin hazırlanması zamanı ərazidəki tarixi tikili qalıqlarının və çoxillik ağacların qorunması, onların layihəyə inteqrasiyası, eləcə də ictimai məkanın müxtəlif istifadəçi qrupları üçün əlçatan və rahat olması, layihənin isə real icra oluna bilən olması əsas tələblərdəndir.
Ümumi mükafat fondu 5 min manat olan müsabiqədə 18–30 yaş arası memarlar, şəhərsalma mütəxəssisləri və dizaynerlər fərdi və ya komanda şəklində iştirak edə bilərlər. Münsiflər heyəti tərəfindən anonim və şəffaf qaydada seçiləcək layihələr üzrə I yer üçün 2000, II yer üçün 1500, III yer üçün 1000 manat, ictimai səsvermənin nəticəsi ilə seçiləcək “Sakinlərin seçimi” nominasiyası üçün isə 500 manat mükafat nəzərdə tutulub.
Qeydiyyat onlayn qaydada aparılacaq və iştirakçılara müsabiqə proqramı, şərtlər və əraziyə dair mövcud məlumatlar təqdim ediləcək. Müsabiqədə iştirak pulsuzdur.
Layihələr anonim qaydada, yalnız iştirakçıya verilən fərdi kodla qiymətləndiriləcək. Münsiflər heyəti təklifləri müsabiqənin şərtlərinə uyğunluğu, həmçinin tarixi mühitə uyğunluq, dizayn keyfiyyəti, funksionallıq və istifadə rahatlığı, innovativ yanaşma, icra imkanı və davamlılıq meyarları üzrə dəyərləndirəcək.
Qalib layihə əsasında regenerasiya işləri aparılacağı təqdirdə müəllif ilə əməkdaşlıq nəzərdə tutulub.
“İrs üçün yarat” müsabiqəsi gənc mütəxəssislərə öz yaradıcı yanaşmalarını İçərişəhərin unikal tarixi mühitində təqdim etmək, irslə müasirliyi bir araya gətirən yeni ideyalar irəli sürmək və şəhərin ictimai məkanlarının gələcəyinə töhfə vermək imkanı yaradır.
Qeydiyyatın aparılması və layihələrin təhvili üçün son tarix noyabrın 6-dır.
Müsabiqədə qeydiyyat və layihələrin təqdim edilməsi ilə bağlı ətraflı qaydalar elanın QR kodu vasitəsilə açılan müsabiqə sənədində yer alır.
Digər xəbərlər