Azərbaycan-Çexiya oyununa hakim təyinatları açıqla...
10:24 04.11.2026
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2026, Çərşənbə
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-siyasi formasiyanın və demokratik cəmiyyətin formalaşdırılması yeni qanunların qəbulunu zəruri edirdi. Çünki cəmiyyətin rifahı üçün insan müdrikliyinin ən yüksək təzahürü məhz qanundur.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (refedendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası həm də ölkəmizin yeni qanunvericiliyinin formalaşdırılması istiqamətində mühüm addım oldu. Yeni Konstitusiyanın əsasında müstəqil Azərbaycanın müasir standartlara cavab verən qanunları qəbul edildi. Qəbul edilən qanunların ictimaiyyətə çatdırılması, bu məqsədlə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir. Əvvəla, insanlar öz hüquqlarını bilməli və ondan düzgün istifadə etməlidir. Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin “Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır, Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir və ona riayət etməlidir” sözləri hər kəsin başlıca fəaliyyət istiqaməti olmalıdır.
Çünki müasir dövrdə əhalinin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması prosesinə təkan verən ən mühüm amillərdəndir. Hüquqi maarifləndirilmə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət daşıyır.
Yaşadığımız cəmiyyətdə hər bir vətəndaşın sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir. İnsanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqazidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmi hüquq düşüncəsində ehtiva olunur. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimai şüurun hüquqa münasibəti əhəmiyyətli dərəcədə təsir edir. Bunun üçün hüquqi maarifləndirmə yüksək səviyyədə təşkil olunmalıdır. Hər bir vətəndaşın hüquq mədəniyyəti isə onun öz hüquqlarını bilməsi, habelə öz vəzifələrini layiqincə yerinə yetirməsindən asılıdır. Bir çox hallarda insan hüquqlarının pozulması bilavasitə məlumatsızlıqdan və hüquqi savadsızlıqdan irəli gəlir.
Cinayətkarlığın səviyyəsinin aşağı olmasında isə rol oynayan əsas amillərdən biri də cəmiyyət üzvlərinin yüksək hüquq mədəniyyətinə malik olmasıdır. Çünki belə şəxslər hər zaman qanunlara və digər şəxsin hüquqlarına hörmətlə yanaşır. Nəyin hüquqi nəyin isə hüquqazidd olduğunu bilirlər. Nə öz hüquqlarının pozulmasına imkan verir, nə də digər şəxsin hüquqlarını pozurlar. Doğrudur, qanunu bilməmək məsuliyyətdən azad etmir. Lakin insanlar tərəfindən qanunları bilmək və qanunlara əməl etmək cəmiyyətdə hüquqpozmaların azalmasına və cinayətkarlığın səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərir.
Cinayətkarlığa qarşı mübarizə aparılması, onu yaradan səbəb və şərtlərin aradan qaldırılması, sosial ədalətin bərpası, habelə insan hüquq və azadlıqlarının təmini cəmiyyət və dövlət qarşısında duran başlıca vəzifələrdəndir.
Cinayətkarlığın profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquq pozmaları və hüquqazidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir. Cinayətkarlığın vaxtında qarşısı alınmazsa, onunla mübarizə çətinləşər. Ona görə də profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın heç bir əhəmiyyəti qalmır.
XVIII əsrdə klassik cinayət hüququ məktəbinin hüquqşünaslarının əsərlərində hüquqi əsaslandırmaya söykənərək cinayətkarlıqla mübarizədə yeni yanaşmanın əsası “Müdrik qanunverici cinayətə görə cəza tətbiq etməkdənsə, cinayətlərin vaxtında qarşısını almağı üstün tutur” fikri ilə qoyulmuşdur.
Qədim Hind hüquq ədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi, cəzanın xofu-vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meyilli olan şəxsləri əməllərindən çəkindirməyə təsir edirdi. Manu qanunlarına görə yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd “vəzifələrin” icrasından yayındıra bilər. Bu borcun təmin olunması iki sistemə: bir tərəfdən etik normalara, Tanrının gücünə, digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilirdi. Qədim Çin mütəfəkkirləri isə mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər.
Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorlardan istifadə vacib amil olaraq qalır. Məsələn, qədim Çin mütəfəkkiri Konfutsi tərəfdarlarının nəzərinə görə, əgər insanları tərbiyə etməyib, cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək və yaxud tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi qüsurlu olanlar cəzasız qalacaq və sayca artacaqlar.
Antik cəmiyyət qanuna tabe olan, onu uca tutanlara hörmətlə yanaşmış, hüquqpozmaların profilaktikası istiqamətindəki ideyalara həmişə önəm vermişdir. Bizim eradan əvvəl VII əsrdə qədim yunan mütəfəkkiri Periandr qeyd edirdi ki, “cinayətkarı cəzalandırmağa yox, cinayətlərin xəbərdarlığına çalışmaq lazımdır”. Qədim Yunan və Roma müdrikləri isə bu işdə məcburetmə və inandırma metodlarının üzvi surətdə bağlılığını vurğulayırdılar.
Gəlin, tarixə birlikdə nəzər salaq və elm adamlarının cinayətin qarşısının alınmasında axtardıqları çıxış yollarına nəzər salaq. Sofist Protoqor həmin dövrdə yazırdı: “Dövlət qanunlarını pozmağa və həddini aşmağa görə cəzanın məqsədi islah etməkdən, əvəz almaqdan ibarət olmalıdır”. Roma hüquqşünası Ulpian isə “Xeyirxahlar təkcə cəzanın vahiməsinin təkmilləşdirilməsinə yox, cinayətlərin xəbərdarlığına da üstünlük verməlidirlər” fikrini söyləmişdir. Beləliklə, antik cəmiyyətlərdə hüquqpozmaların xəbərdarlığına bir tərəfdən dini, digər tərəfdən isə mənəvi-hüquqi aspektlərdən yanaşmanı tövsiyə edirdilər.
Cəmiyyətin hüquqi maarifləndirilməsi ilə bağlı fikirlər sonrakı dövrlər üçün də aktual olmuşdur. Məsələn, Karl Marks və Fridrix Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər, cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər.
Maarifçi Jan Jak Russonun da fikirləri bu cəhətdən maraqlıdır: “Qanunların ən alisi qanuna hörmət qanunudur”. İnsan həyatını canlı və ədalətli edən qanundur. Qanun fərdlərin əsas hüquq və azadlıqlarının təhlükəsizliyini öz nəzarəti altına alır. Qanun hüquq normalarının sistemli toplusu olaraq cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Qədim Roma mütəfəkkiri və hüquqşünası Mark Tulli Siseron qeyd edirdi ki: “Azad olmaq üçün qanunun qulu olmalıyıq. Qanunları bilmək onun sözlərini xatırlamaq yox, onların mənasını dərk etməkdir”.
Yuxarıda göstərilən bütün fikirlər hələ dövlət və hüquq yaranan dövrdən başlayaraq hər bir cəmiyyət üzvünün mütləq öz dövrünün təməl qanunlarını bilməsini və qəbul olunmuş qanunlara əməl etməsini xüsusi vurğulayır. Çünki bəşəriyyət hər zaman dövrünün qanun və qaydalarını bilən insanlara və onların müdrik fikirlərinə böyük ehtiyac duymuşdur.
Alman kriminoloqu Josef Kürzinger qeyd edirdi ki, bu gün hər bir hüquqi dövlətin cinayət siyasətinin əsas aktual problemlərindən biri də cinayətkarlıqdan müdafiə məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Cinayətkarlığın qarşısının alınması isə ümumi sosial nəzarətin bir hissəsini təşkil edir.
Alman kriminoloqu Ernest Seeling bu amilin yaradılması ilə bağlı öz düşüncələrini belə açıqlamışdır ki, hüquqi və əxlaqi dəyərlər mühitin təsiri ilə formalaşır. Bu dəyərlər insanlarda uşaqlıqdan formalaşmağa başlayır. O həmçinin hesab edirdi ki, cinayətkarlığın profilaktikasının digər bir yolu da insanların əvvəlcədən cinayətkar kimi formalaşmasının qarşısını almaqdır. Azyaşlılara danışılan nağıllar, məktəbdə öyrədilənlər onlarda nizamlayıcı ədalət duyğusunu yaradır.
Fransız filosofu, maarifçi, yazıçı, tarixçi, iqtisadçı və hüquqşünas olan Şarlde Monteskyo özünün “Qanunların ruhu” əsərində cinayət hüququnun əsas vəzifəsini cəzalandırmaqdan daha çox cinayətkarlığın qarşısını almağın zəruriliyində gördüyünü qeyd edirdi. Fransız maarifçiliyinin görkəmli nümayəndəsi Çezare Bekkariya isə cinayətlərin qarşısının alınmasının başlıca yolunu xalqın maariflənməsində görürdü. Özünün “Cinayətlər və cəzalar haqqında” əsərində qeyd edirdi ki, cəzalandırmaqdansa, cinayətlərin qarşısını almaq lazımdır. Fransız maarifçiliyinin digər görkəmli nümayəndəsi Volter də cinayətlərin qarşısının alınmasında xalqın maarifləndirilməsini göstərirdi.
Fransada burjua inqilabı illərində Jan Pol Marat özünün “Cinayətin qanunvericiliyi planı” əsərində cinayət hüququnun bir sıra mühüm müddəalarını işləyib hazırlamış və qeyd etmişdir ki, cinayət qanununda təsbit edilən müddəalar dəqiq olmalıdır. Hər bir şəxsin qanunu anlaması və qanunu pozmaqla özünü nəyə məruz qoyduğunu bilməsi vacibdir. Cinayətlərə görə cəzalandırmaqdan daha çox cinayətlərin qarşısının alınmasına üstünlük verilməlidir.
Hüquqşünas-alim Firudin Səməndərov qeyd edir ki, ideoloji tədbirlərin köməyi ilə kriminogen amillər zəiflədilir, yaxud da aradan qaldırılır. Bu yolla cəmiyyət üzvlərində mənəvi mövqe və ümumbəşəri dəyərlərə yönələn, cəmiyyət üzvlərində cinayətlərə qarşı dözümsüzlük ifadə edən ictimai rəy formalaşır, insanların mədəni səviyyəsi yüksəlir. Alim, həmçinin hüquq normalarına riayət edilməsinin şəxsi inama çevrilməsi üçün hüquqi şüurun, cinayətkarlıqla mübarizəyə kömək etməyə hazır olmaq üçün vətəndaşlarda profilaktik fəallığın tərbiyə edilməsini hüquqi tədbirlərin mühüm tərkib hissəsi hesab edir. Göstərir ki, prokurorluğun geniş səlahiyyətləri cinayətkarlığın profilaktikasının subyekti kimi həm də bu orqanın fəaliyyətinin spesifikliyini müəyyən edir.
Ulu Öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” fikri profilaktikanın və qabaqlayıcı tədbirlərin vacibliyini vurğulayan müdrik kəlamdır.
Ulu Öndərin siyasi səriştəsi, uzaqgörənliyi, dövlət idarəçiliyi sahəsindəki təcrübəsi sayəsində çox böyük uğurlar əldə edildi və həyatın bütün sahələrini əhatə edən qanunlar qəbul olundu. Qanunların qəbulu işin bir tərəfidirsə, insanların bu qanunlar haqqında təsəvvürünün, məlumatının olması işin digər tərəfidir. Bu mənada, əhalinin hüquqi maarifləndirilməsi və hüquqi biliklərin təbliği istiqamətində daha böyük işlər görülməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun əsas prinsip və müddəalarının dərindən öyrənilməsi və hər bir vətəndaşın yaşayış normasına çevrilməsidir” kimi fikirləri hər bir cəmiyyət üzvünün yüksək hüquq mədəniyyətinə malik olmalarını zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il dekabrın 27-də təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi məsələsi qeyd olunmuşdur. Buna görə də prokurorluq işçiləri əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəltmişdir.
Çünki demokratik dövlət quruculuğunda insanların sağlam hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Hüquq-mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, ictimai asayişin və sabitliyin qorunması daim diqqətdə saxlanılmalıdır.
Respublikamızda aparılan demokratik, o cümlədən məhkəmə-hüquq islahatları, hüququn aliliyinin təmini yalnız və yalnız insan amilinə xidmət edir. Demokratik cəmiyyətdə yaşamağın əsas şərtlərindən biri də vətəndaşların hüquqi cəhətdən savadlı olmasıdır. Doğrudur, cəmiyyətin hər bir üzvünün hüquqşünas olması mümkün deyil. Lakin hər bir şəxsin hüquq mədəniyyətinin yüksək olması zamanın tələbidir. Prokurorluq orqanları həmişə cinayətkarlığa qarşı mübarizə sahəsində əsas diqqəti qanunvericiliyin izahı, əhalinin hüquqi maarifləndirilməsi, hüquqi biliklərin təbliği və həyata keçirilən profilaktiki tədbirlərin kəsərliliyinin artırılmasına yönəltmişdir.
Hüquqi maarifləndirmə tədbirləri cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasında mühüm rola malikdir. Hüquqi maarifləndirmə insanın hüquqi şüurunu və bütövlükdə, cəmiyyətin hüquqi mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu proses isə bütövlükdə, cəmiyyət tərəfindən həyata keçirilməlidir. Cinayətkarlıqla mübarizə hər kəsin işidir. Əgər təhlükəsiz cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksə, hər birimizin bu missiyada xidməti və iştirakı olmalıdır.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Digər xəbərlər