NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Hörmət, səbir və sevgi onların 68 illik ailə həyatının yazılmamış qanunları olub

...

Bəzən bir ailənin hekayəsini dinləmək üçün uzun söhbətlərə ehtiyac olmur. Bəzən bir baxış, bir-birinə deyilən sadə bir söz, çay süfrəsi arxasında yaranan sakitlik illərin hansı möhkəm təməl üzərində qurulduğunu göstərməyə yetir.

Bu dəfə yolumuz Şahbuz rayonunun səfalı guşələrindən biri olan Badamlı kəndinə idi. Yazın ilıq nəfəsinin kəndin küçələrinə yayıldığı, dağlardan əsən mehin ağacların-çiçəklərini zərifcə yırğalandığı bir gündə 68 illik ailə həyatının sirrini öyrənmək üçün Zinyət nənə ilə Hüseyn babanın qonağı olduq.

Kənd evlərinin özünəməxsus bir istiliyi var. Həyətdən içəri daxil olan kimi adamı qarşılayan səmimiyyət, samovarın qaynayan səsi, ətrafın yaşıllığı, rəngbərəng güllər və kölgə salan ağaclar burada hökm sürən doğmalığı ilk andan hiss etdirirdi. Zinyət nənə ilə Hüseyn babanın evində də ilk hiss olunan məhz bu idi. İllərin sınağından keçmiş doğmalıq.

Onların həyat yolu düz 68 ildir ki, eyni cığırla davam edir. Bu uzunömürlü ailənin bu gün 7 övladı, 11 nəvəsi və 3 nəticəsi var. Böyük bir nəslin təməlində isə məktəb illərində başlayan saf  sevgi dayanır.

Zinyət nənə keçmişi xatırlayarkən çöhrəsində qəribə bir təbəssüm yaranır. Sanki yaddaşının ən işıqlı səhifələrini vərəqləyir.

“Məktəbdə oxuyanda bir-birimizi tanımışıq. Sonra bu tanışlıq sevgiyə çevrildi. Elə sevib ailə qurduq”, – deyə o, sakit səslə danışır.

Bu sadə cümlənin arxasında bir ömür gizlənir. O dövrün sevgisi bugünkü kimi gurultulu deyildi. Nə saysız mesajlar vardı, nə sosial şəbəkələr, nə də hər addımı nümayiş etdirən görüntülər. Hisslər daha sakit, amma daha dərin yaşanırdı. Baxışlar sözləri əvəz edir, sədaqət isə sevginin ən böyük sübutuna çevrilirdi.

Zinyət nənə deyir ki, onların gənclik dövründə ailə qurmaq daha asan idi. “İndi ailə qurmaq çətindir. İndi insanlar tez inciyir, tez də ayrılır. Bizim vaxtımızda səbir çox idi”, – deyə əlavə edir sözlərinə.

Onun bu sözlərində nostalgiyadan çox həyat təcrübəsinin hökmü hiss olunur. Çünki 68 il eyni dam altında yaşamaq, həyatın bütün çətinliklərini birlikdə qarşılamaq, sevinci də, kədəri də bölüşmək tək zaman məsələsi deyildi. Bu, xarakter, anlayış və qarşılıqlı fədakarlıq tələb edir. Bəs bu qədər uzun illər ailə birliyini qorumağın sirri nədir?

Bu suala həm Zinyət nənə, həm də Hüseyn baba tərəddüdsüz eyni cavabı verirlər: Hörmət.

Onların fikrincə, sevgi ailənin başlanğıcıdırsa, hörmət onun dayağıdır. Sevgi bəzən zəifləyə, gündəlik qayğılar içində yorula bilər. Amma hörmət varsa, ailə bütövlüyünü qoruyur.

“Hər zaman bir-birimizi anlamışıq. Bir-birimizin xətrinə dəyməməyə çalışmışıq. Yaxşı yola getmişik”, – deyən Hüseyn baba qısa  sözləri ilə ömür yolunu ümumiləşdirir.

Onların söhbətinə qulaq asdıqca aydın olur ki, bu evdə illər boyu səs-küydən çox qarşılıqlı anlayış hökm sürüb. Mübahisələr olubsa da, onları böyütmədən, inciklikləri kinə çevirmədən həll etməyi bacarıblar.

Ailə üçün ən vacib dəyərləri soruşduqda isə cavab yenə dəyişmir: hörmət, səbir və sevgi. Bu üç söz onların 68 illik həyatının yazılmamış qanunları olub.

Söhbət əsnasında onların qızının dediyi bir cümlə isə bu ailənin mahiyyətini ən dəqiq şəkildə ifadə edir: “Uşaqlıqdan bu evdə həmişə bir-birinə hörmətin şahidi olmuşam. Anamla atamın münasibətində sevgi ilə yanaşı, böyük bir ehtiram da olub. Elə bizə ailənin dəyərini öyrədən də məhz bu olub”.

Əslində, ailə tərbiyəsinin ən güclü forması da budur. Uşaqlara nəsihət verməkdən daha təsirlisi onlara nümunə olmaqdır. Zinyət nənə ilə Hüseyn baba övladlarına sevginin nə olduğunu uzun söhbətlərlə yox, bir ömürlük davranışları ilə göstəriblər.

Onların evində illərin yorğunluğu yox, illərin hikməti hiss olunur. Bir-birinə çay süzərkən göstərilən diqqət, söhbət zamanı qarşı tərəfin sözünü tamamlayan baxışlar, səssiz anlaşma. Bunların hər biri zamanın cilaladığı münasibətin izləridir.

Bu gün sürətlə dəyişən dünyada münasibətlər də bəzən tələsik qurulub tez də dağılır. İnsanlar çox vaxt ailənin yalnız xoşbəxt anlardan ibarət olduğunu düşünürlər. Halbuki Zinyət nənə ilə Hüseyn babanın həyat yolu göstərir ki, əsl ailə sevincin də, çətinliyin də içindən əl-ələ keçərək çıxmaqdır.

Kənddən ayrılarkən arxada, sadəcə, bir ev qoymadıq. Arxada 68 ilin səbrini, anlayışını, sevgisini və hörmətini yaşadan həyat məktəbi qoyduq.

Zinyət nənə ilə Hüseyn baba sübut edir ki, uzunömürlü ailənin sirri mürəkkəb düsturlarda deyil. Sirr bir-birinə hörmətlə yanaşmaqda, çətin gündə yanında olmaqda, illər keçsə də, “biz” olmağı bacarmaqdadır.  

Elnurə CƏFƏROVA

Nəşr edilib : 15.05.2026 09:27