NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq həndbol turnirinin açılış mərasimi keçirilib

...

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib.

“AHF Arena”da reallaşan tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunub.

Gənclər və idman naziri Fərid Qayıbov bu turnirin Azərbaycanda həndbolun inkişafına təkan verəcəyini bildirib. O, yüksək səviyyəli yarışın təşkilinə görə Azərbaycan Həndbol Federasiyasına (AHF) təşəkkür edib.

AHF-nin vitse-prezidenti Orxan Abbasov isə qardaş ölkələr - Qazaxıstan və Özbəkistan komandalarının turnirdə iştirakının xoş olduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra beynəlxalq turnir açıq elan olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışda qadınlardan ibarət 6 komanda iştirak edir. Azərbaycanın “Azəryol”, “Qarabağ”, “Kür” komandaları ilə yanaşı, Qazaxıstanın "Astana”, “Alatau Arulary” kollektivləri və Özbəkistan millisi medallar uğrunda mübarizə aparırlar.

Turnirə sentyabrın 7-də yekun vurulacaq.

Nəşr edilib : 28.08.2024 15:20