NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Heydər Əliyev və Azərbaycan qadını

...

Tariximizdə igid və şücaətli qadın dövlət xadimləri, alim, şair və digər tanınmış sənət adamları, maarifpərvər qadınlar hər zaman xalqımızın qüruru olmuşlar. XX əsrin əvvəllərində qadının cəmiyyətdə yeri və rolu daha da artmışdır.

1918-ci ildə yaranmış Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə qadınlara səs vermə və seçilmə hüququnu verən ilk dövlət olub. Sovet dönəmində qadınların təhsilə və ictimai həyata cəlb edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib. Ümummilli Liderimiz Heydər Əliyevin 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən bu istiqamətdə fəaliyyət xeyli artdı. “Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir”, – deyən görkəmli dövlət xadimi qadın haqları və onların problemlərinin həlli yollarını daim diqqət mərkəzində saxlayırdı. Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti məhz Ulu Öndərin adı ilə bağlıdır. Xalqımızın böyük oğlunun ölkəmizə rəhbərliyə başlaması ilə qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək milli dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini vermişlər. Ümummilli Liderimiz deyirdi: “Qadın cəmiyyətin bəzəyidir, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”. Hələ 70-ci illərdə istehsalatda, elmdə, həyatımızın digər sahələrində fərqlənən qadınlar fəxri adlar, orden və medallarla təltif olunur, SSRİ və respublika Ali Sovetinə deputat seçilirdilər. Dahi Öndər hesab edirdi ki, Azərbaycanda rəhbər qadınların sayı daha yüksək olmalıdır. Ona görə də ölkəyə rəhbərliyinin hər iki dövründə bu məsələni diqqət mərkəzində saxlayırdı.

1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ümummilli Liderimiz qadın və gender bərabərliyi  siyasətini davam etdirməyə başladı. O qadınlarımızın problemlərinin həllinə, onların sosial-iqdisadi, ictimai-siyasi, mədəniyyət, təhsil və elm sahələrində fəallığının artmasına xüsusi diqqət yetirirdi. Memarı Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konsitutsiyasında qadınların kişilərlə hüquq bərabərliyini təsdiq edən maddə və bəndlər öz əksini tapdı. Azərbaycan Respublikası “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu. 1998-ci ildə Qadın problemləri üzrə fəaliyyət planı təsdiq edildi. 2000-ci ildə imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman dövlət siyasətini müəyyənləşdirən və gələcək nəsillər üçün görkəmli dövlət xadiminin bu istiqamətdə reallaşdırdığı tədbirlərin davam etdirilməsi məqsədi daşıyırdı.

Ulu Öndərin qadınlara göstərdiyi yüksək münasibət, onlara verdiyi dəyər xalqımızın böyük oğlunun ailə həyatında, həyat yodaşının timsalında açıq-aşkar təzahür edir. Hər birimizə məlumdur ki, Ümummilli Liderin həyat yoldaşı Zərifə xanım Əliyeva qayğıkeş və şəfqətli ana, sədaqətli ömür-gün yoldaşı olmaqla yanaşı, görkəmli oftalmoloq, elm xadimi olmuşdur. “Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə  Azərbaycan qadının keçdiyi yol, əldə etdiyi nəaliyyətlər, həqiqətən, dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir”, – deyən dahi öndərin siyasi məktəbinin layiqli varisi, Prezidentimiz cənab İlham Əliyev də bu siyasəti böyük ehtiramla davam etdirir.

Bu gün qadınlar nəinki ölkəmizin ali qanunverici və icra orqanlarında, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda, Azərbaycanı layiqincə təmsil edirlər. Bu fəaliyyətin ən parlaq, ən dəyərli nümunəsi ölkənin birinci xanımı Mehriban Əliyevadır.

Mehriban xanım Əliyeva öz yüksək ictimai-siyasi fəallığı, dərin intellekti, geniş dünyagörüşü, çoxcəhətli xeyriyyəçilik fəaliyyəti ilə nəinki Azərbaycan xalqının dərin rəğbətini qazanmış, eyni zamanda beynəlxalq arenada yüksək nüfuz əldə etmişdir.

Bu gün bütün Azərbaycan qadınları dərindən dərk edirlər ki, onların fəallığı görkəmli dövlət xadimi Heydər Əliyev siyasəti nəticəsində mümkün olmuşdur. Ona görə də dahi öndərin yolunu davam etdirməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər.

Aynur BABAYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.03.2025 15:00