NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

“Heydər Əliyev kuboku”nun qalibi müəyyənləşib

...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futzal turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, iyunun 27-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən final mərhələsində üçüncü yer uğrunda oyunda “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasını 7:2 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.
Final görüşündə isə Fövqəladə Hallar Nazirliyi və Ədliyyə Nazirliyinin komandaları üz-üzə gəlib. Təxminən 700 tamaşaçının izlədiyi qarşılaşmada FHN komandası 4:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Mükafatlandırma mərasimində ilk üç yerin sahiblərinə diplom və medallar təqdim edilib, qalib komandaya isə turnirin baş mükafatı – “Heydər Əliyev kuboku” verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 16-da start götürən turnirdə 20 komandanın iştirakı ilə, ümumilikdə, 48 oyun keçirilib.

Nəşr edilib : 27.06.2026 18:34