NAXÇIVAN :

25 Iyul 2026, Şənbə

Həyat bir yarış deyil: sürət ölümlə nəticələnən seçimə çevrilməməlidir

...

Metalın metala toqquşduğu an eşidilən dəhşətli səs, minlərlə qəlpəyə bölünən şüşələr və ardınca gələn vahiməli sükut... Bəzən bir ömrün yarımçıq qalması üçün saniyənin dörddəbiri kifayət edir. Asfalt üzərində parça-parça olmuş avtomobilə, sükut içində dayanan sükana baxanda insan anlayır ki, hər şey cəmi bir neçə saniyəlik sürət həvəsi ilə başlayıb. Bir neçə dəqiqə tez çatmaq istəyi isə bəzən bir ömrün sonuna çevrilir.
Son günlər xəbər lentinə nəzər salmaq kifayət edir ki, yollarda baş verən qəzaların miqyasını görəsən. Artıq söhbət adi texniki nasazlıqdan, havanın şəraitindən və ya yol infrastrukturundan getmir. Yollarımızda açıq-aşkar “sürət epidemiyası” yaşanır. İnsanlar gedecəkləri ünvana cəmi bir neçə dəqiqə tez çatmaq naminə həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atırlar. Statistik rəqəmlərin arxasında isə sönən ocaqlar, dağılan ailələr, valideynsiz qalan uşaqlar və ömürlük gözü yolda qalan insanlar dayanır.
Müasir avtomobillərin təqdim etdiyi komfort və təhlükəsizlik texnologiyaları bəzi sürücülərdə aldadıcı arxayınlıq yaradır. Çox vaxt adrenalin və həyəcanın cazibəsinə qapılan, avtomobilinin gücünü test etmək istəyən sürücülər təhlükəni düzgün dəyərləndirmirlər. Hər kəs düşünür ki, faciə yalnız başqalarının başına gələ bilər. Amma baş verəcək qəza heç kimin statusuna, yaşına və ya avtomobilinin markasına fərq qoymur. Fizikanın dəyişməyən qanunları var. Sürət artdıqca dayanma məsafəsi dəfələrlə uzanır, manevr imkanları minimuma düşür,  sürücünün gözlənilməz vəziyyətə reaksiya müddəti isə həyatla sərhədi müəyyən edir. Sükan arxasında əyləşmək yalnız öz taleyinə deyil, qarşıdan gələn sürücüyə, piyada keçidindən istifadə edən insana, məktəbdən evə qayıdan uşağa da məsuliyyət daşımaq deməkdir.
Acı reallıq ondan ibarətdir ki, qeydə alınan yol hərəkəti qaydaları pozuntularının böyük hissəsi, ölümlə nəticələnən ağır qəzaların isə əksəriyyəti məhz sürət həddinin aşılması ilə bağlıdır. Buna baxmayaraq, bəzi sürücülər üçün cərimə sürəti azaltmağa səbəb olmur. Yol polisi əməkdaşlarının və ekspertlərin rəyi də dəyişməz qalır: yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri yüksək sürət və sükan arxasında nümayiş etdirilən məsuliyyətsizlikdir.
Təkcə maarifləndirici çağırışlar, sosial şəbəkələrdə yayımlanan çarxlar və ya sürücülərin vicdanına xitab etməklə bu problemin qarşısını almaq mümkün deyil. Sükan arxasında nümayiş etdirilən “yersiz cəsarət”, əslində, cəsarət deyil, məsuliyyətsizlikdir. Nə radarların quraşdırılması, nə də cərimələrin tətbiqi insanın düşüncə tərzi dəyişmədikcə bu faciələri tam aradan qaldıra bilməz. Protokolların tərtib olunması bu dəhşətli mənzərəni dəyişmir. Əsl dəyişiklik hər birimizin sükan arxasında hiss etdiyi məsuliyyətdən başlayır. Çünki həyat bir yarış deyil. Bu yarışda “ən sürətli olan” deyil, ünvanına sağ-salamat çatan qalib gəlir. Heç bir təcili iş, heç bir görüş, heç bir tələskənlik insan həyatından qiymətli deyil. Gəlin, anlıq həvəsimizin qurbanı olmayaq. Bir neçə saniyəlik sürət həvəsi, bir ömürlük peşmanlığa çevrilməsin.


 
Səmayə RƏSULOVA

Nəşr edilib : 25.07.2026 11:25