Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduql...
23:30 11.10.2026
0
0
0
NAXÇIVAN :
12 Oktyabr 2026, Bazar ertəsi
Səhərin alatoranında Dərələyəzin və Zəngəzurun boz təpələri hələ yuxudan ayılmamışdı. Alatorandakı bu səssizliyi təbiətin öz səsi yox, addım-addım yaxınlaşan yeni dövrün uğultusu pozurdu. Horadizdən başlayıb Ağbəndə, oradan da Naxçıvanın qədim torpaqlarına doğru qol-budaq atan bu nəhəng quruculuq meydanında zaman daha sürətlə axırdı elə bil.
Tikinti sahəsində ağır ekskavatorların, torpaq hamarlayan buldozerlərin səs-küyü ətrafa yayılır, havaya qalxan toz-torpaq Günəşin ilk şüaları altında sarımtıl bir dumana bürünürdü. Geoloqlar və mühəndislər müvəqqəti vaqon-konteynerlərin yanında iriölçülü xəritələri yerə sərib baş-başa vermişdilər.
Cizgilər, koordinatlar, mühəndis hesablamaları. Hər rəqəm, xəritə üzərindəki qeydlər illərdir, gözlənilən bir yolun, tarixi xəttin təməl daşları idi. Günəş şüaları hələ təzəcə qazılmış dərin xəndəklərin və yol kənarında səliqə ilə üst-üstə qalanmış beton bünövrələrin üzərinə düşdükcə, gələcək infrastrukturun konturları daha da aydınlaşırdı. Hələlik buralarda nə uca vağzal divarları var idi, nə sərnişinlərin gur səsi ilə dolacaq dayanacaqlar. Yalnız kələ-kötür torpaq, texnika gurultusu və dayanmadan çalışan insanların alın təri gözə dəyirdi.
Sahənin kənarındakı nisbətən hündür təpəlikdə duran iki mütəxəssis əllərindəki ölçmə cihazını gələcək stansiyanın təməl nöqtəsinə tərəf tuşlamışdı. Onlardan yaşlı olanı, illərin mühəndisi, ağarmış saçlarının altından, eynəyini aşağı endirib gözlərini qıyaraq uzaqlara – Naxçıvan istiqamətinə baxıb dərindən ah çəkdi. O ahın içində həm keçmişin həsrəti, həm də bu günün qüruru var idi. Yanındakı gənc mühəndis isə böyük bir heyranlıq və həyəcanla elə hey planşetindəki layihəni göstərir, barmağı ilə ekrandakı detalları izah edirdi. Onların dediyi hər cümlə gələcəyin canlı mənzərəsi idi: “Bax, usta, tam bu boşluqda stansiyanın əsas binası ucalacaq. Şüşə vitrajlar elə bucaq altında qurulacaq ki, səhər Günəşinin işığı birbaşa gözləmə zalının mərkəzinə paylansın. Aşağıdakı bu geniş düzənlikdə isə ayrı-ayrı yollar salınacaq”. Hələlik ərazidə yalnız çınqıl və torpaq qatları olsa da, hər iki mütəxəssisin xəyalında və gözlərində o müasir stansiya artıq tam hazır idi, hətta sanki zalda elan edilən qatar səsləri də eşidilirdi.
Tikinti çəpərlərinin arxasında, təhlükəsiz məsafədə durub iş prosesini maraqla izləyən kənd sakinləri də öz aralarında pıçıldaşırdılar. Sakinlərin gözlərindəki qığılcım texnikaların gücündən daha parlaq idi. Yaşlı bir kənd sakini əlini gözünün üstünə kölgəlik edərək uzaqdakı rels xəttinə baxır, illərdir görmədiyi, aralarına ayrılıq düşmüş qohumunun yanına qatarla gedəcəyi günü necə həyəcanla gözlədiyini danışırdı. Bir başqa gənc isə əli ilə qərb tərəfi göstərərək “Bu relslər təkcə Naxçıvana yox, oradan Türkiyəyə, İstanbuladək uzanacaq”, – deyə böyük səyahət xəyallarını bölüşürdü. Hələ rəsmi stansiya binasının ilk bünövrə daşı qoyulmamışdı, amma bu insanların hafizəsində, ümidlərində və dualarında o vağzal çoxdan tikilmiş, tavanı ucalmış və fəaliyyətə başlamışdı.
Günortaya yaxın ağacın kölgəsində verilən qısamüddətli çay fasiləsində də söhbət yalnız bir oxun ətrafında fırlanırdı. Qazmaçı və armaturçu fəhlələr dəmir stəkanlara buram-buram buğlanan tünd çayı süzə-süzə yorğunluqlarını unudurdular. İşçilərdən biri gülümsəyərək ayaqüstə dediyi sözlərlə bütöv kollektivin ürəyindəkiləri dilləndirdi: “Görəsən, bura tam hazır olanda, ilk sürət qatarı gəlib bu boşluqda fitini çalanda necə bir gün olacaq... O gün bu tozlu çəkmələrimizi yox, bəlkə də, ən yaxşı geyimimizi geyinib bura gələcəyik”. Tikinti sahəsindən ucalan çəkic zərbələri, beton qarışdıranların ritmik gurultusu və ekskavatorların ağır formalı hərəkətləri Zəngəzur dağlarında hələ görünməyən, gələcəkdə relslər üzərindən sürətlə keçəcək polad qatarların sədasını indidən eşitdirirdi.
Bu gün Zəngəzur dəhlizində yalnız quruculuq toz-torpağı, yeni qazılmış təməl quyuları və bərkiməyi gözləyən beton bünövrələr gözə dəyir. Lakin hər qarışında min bir zəhmətlə alın təri tökülən bu torpaq illərdir, davam edən bir həsrətin sonunu və böyük bir coğrafiyanı birləşdirəcək infrastruktur zəfərini hazırlayır.
Relslər hələ son nöqtəsinədək birləşməyib, amma o möhtəşəm stansiyanın ucalacağı, ilk qatarın fit səsinin bu təpələrdə əks-səda verəcəyi o tarixi gün artıq addım-addım, günbəgün yaxınlaşır. Çünki bu yol bir məntəqədən digərinə uzanan dəmir yolundan daha çoxudur. O, illərdir, davam edən həsrətin sonuna aparan, insanları görüşlərə və doğma ünvanlara qovuşduracaq yoldur. Həsrətin son relsi də məhz bu yolda tamamlanacaq.
Elnurə CƏFƏROVA
Digər xəbərlər