NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Hərbi təhsil sistemində zəruri islahat, yeni perspektiv – Naxçıvan Hərbi Kolleci

...

Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi və hərbi qüdrətinin artırılmasına xidmət edən ordu quruculuğu siyasəti yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyə Respublikasının hərbi sistemi əsas götürülərək geniş islahatların reallaşdırılmasıdır. Ötən il dekabrın 14-də Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən ölkənin üç şəhərində – Bakı, Gəncə və Naxçıvanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin yaradılması da ordu quruculuğu, peşəkar hərbçi kadrların hazırlanması istiqamətində yeni perspektivlər vəd edən sistemli tədbirlərin tərkib hissəsidir. Ötən günlərdə 2024-2025-ci tədris ilindən qapılarını müəllim və kursantlara açan Milli Müdafiə Universitetinin Naxçıvan Hərbi Kollecində yaradılan təhsil, təlim şəraiti ilə əyani tanış olduq. Kollecin Azərbaycan hərb təhsilində rolu, ordumuzun komplektləşdirilməsi işində, kadr təminatında əhəmiyyəti və potensial imkanları barədə suallarımıza xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsinin tədris işləri üzrə rəis müavini, tədris şöbəsinin rəisi, polkovnik-leytenant Hikmət Hacıyev aydınlıq gətirdi.

O bildirdi ki, hərb sənətində müasir dövrümüzün tələblərinə uyğun ehtiyac duyulan müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına daim tələbat var. Dünyanın bir çox dövlətləri bu tələbatları qarşılamaq üçün müxtəlif strukturlu xüsusi təyinatlı kolleclər formalaşdırır. Həmin kolleclər hərbi ixtisaslarla yanaşı, mülki ixtisaslar üzrə subbakalavr peşə-ixtisas dərəcələri də verirlər. Təhsil səviyyəsinin daha yüksək olduğu bir çox ölkələrdə xüsusi təyinatlı məktəblər də fəaliyyət göstərir ki, onlar bakalavr proqramları çərçivəsində tədris prosesi həyata keçirməklə və hər hansı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə məzunlarına xüsusi bakalavr dərəcələrinin verilməsinə də nail olurlar. Müasir dünyamızda elmi-texniki, səhiyyə və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafı hərbiyə böyük yeniliklər gətirib. Bu baxımdan yeni nəsil silah-sursatların, müasir döyüş və digər texnikaların, yüksək texnologiyalarla hazırlanmış optik elektron və texniki vasitələrin silahlanmaya qəbulu onların istismarı üçün peşəkar kadrların olması zərurətini ortaya çıxarır. Eyni zamanda dünya ordularının peşəkar hərbçi kontingentlərindən ibarət olması faktı da onların hərbi kolleclərə ciddi əhəmiyyət verdikləri fikrini söyləməyə əsas verir. Bütün bunlar göstərir ki, inkişaf etmiş ölkələrdə səmərəli təhsilə və peşəkar kadra ehtiyac daha əlverişli təhsil modellərinin formalaşmasına səbəb olub. Dünya ölkələrindən danışarkən qardaş Türkiyə Respublikasının hərbi təhsil modelini bu baxımdan nümunə göstərmək olar.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Ordusunun müasir tələblərə uyğun tələbatını qarşılamaq üçün maddi-texniki bazanın, silah və texnikaların müasirləşdirilməsi ilə yanaşı, peşəkar gizir kadrlarının hazırlanması üçün hərbi kolleclərin yaradılması mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qardaş Türkiyə Respublikasının hərbi təhsil modelinə diqqət yetirsək, digər qabaqcıl dövlətlərdə olduğu kimi, onların da professional hərbi kontingent formalaşdırdığını görərik. Müasir döyüşlər peşəkarların döyüşüdür. Onların aparılan əməliyyatlara əhəmiyyətli təsiri danılmazdır. Həmin amil özünü 44 günlük Vətən müharibəsində də göstərdi. Bu baxımdan Azərbaycan Ordusu üçün də yeni nəsil silah-sursatlardan, müxtəlif təyinatlı texniki vasitələrdən bacarıqla istifadə etmək məqsədilə peşəkar gizirlərin yetişdirilməsinin vacibliyini xüsusi qeyd etmək lazımdır. Bu məsələlər Naxçıvan Hərbi Kollecinin ölkəmizin, muxtar respublikanın müdafiəsində dayanan hərbi hissələr üçün nə dərəcədə lazımlı olduğunu göstərir. Həmçinin Naxçıvanın blokadada olması faktını da nəzərə alsaq, bu kollecin yaradılması, fəaliyyətə başlaması Vətənimizin müdafiəsində durmaq arzusunda olan gənclərlə hərbi hissələrdə peşəkar kadr balansının saxlanılması üçün də böyük əhəmiyyətə malikdir.

Müsahibimiz qeyd etdi ki, Naxçıvan Hərbi Kolleci Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir. Kollecin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər hazırlamaq və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir. Ümumilikdə, 4 hektar ərazidə yerləşən 7 binadan və yardımçı qurğulardan ibarət olan hərbi kollecin təhsil kampusu zəngin maddi-texniki bazaya malikdir. Arxitektura baxımından mükəmməl olan 2 tədris korpusunda yüksək zövqlə dizayn edilmiş mühazirə, məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Dərslər hərbi nizamnaməyə uyğun həm nəzəri, həm də praktiki şəkildə tədris olunur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə edilir. Elektron zalları, zəngin kitab fondu olan 3 mərtəbəli kitabxana binası, kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün klub-konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. Kollecdə kursantların fiziki hazırlığı qarşıya qoyulan prioritet məqsədlərdən biridir. Belə ki, Vətən müharibəsi döyüşdə fiziki hazırlığın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Ona görə də Naxçıvan Hərbi kollecində kursantların fiziki hazırlığı, xüsusilə əlbəyaxa döyüş və digər idman növləri – karate, güləş, voleybol, futbol dərnəkləri fəaliyyət göstərir və bu dərnəklər xüsusi bacarıqlı, peşəkar zabit və müəllimlər tərəfindən təşkil olunur. Həmçinin kursantların Azərbaycançılıq ideologiyası ruhunda yetişdirilməsi üçün nəzəri və praktiki dərslər, məşğələlər ən yeni və müasir üsullardan istifadə olunaraq keçirilir.

Naxçıvan Hərbi Kollecinə qəbul qaydaları, kursantlar üçün yaradılan geniş təminat imkanları barədə də danışan Hikmət Hacıyev qeyd etdi ki, kollecə qəbul “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir. Müəssisədə orta ixtisas təhsili pilləsinə tam orta təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Namizədlər Müdafiə Nazirliyi tərəfindən sağlamlıq vəziyyətinin müayinəsinin nəticələrinə əsasən seçilir. Kursant adını qazananlar Azərbaycan dilində, iki il müddətində əyani formada təhsil və bu müddətdə ödənişsiz yataqxana, gündə 3 dəfə yeməklə təmin olunurlar. Həmçinin onlar üçün müəyyən məbləğdə birdəfəlik və təhsil müddətində aylıq ödəmələr təsis edilib. Kursantlar məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili gizir kimi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə ödənişin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Kollec qarşısında dövlət təhsil standartlarına uyğun olaraq dəyişən heyətin zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etməklə yanaşı, intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək kimi vəzifələr müəyyənləşdirilib. İnanırıq ki, bu vəzifələrin icrası nəticəsində Naxçıvan Hərbi Kolleci peşəkar hərbçi kadrlar yetişdirməklə yaxın gələcəkdə ölkəmizdə reallaşdırılan ordu quruculuğu siyasətinə mühüm töhfələr verəcək.

Regionda cərəyan edən hadisələr, artan xarici təhdidlər ölkəmizin hərbi qüdrətinin artırılmasını, bütün tapşırıqları dəqiqliklə yerinə yetirə bilən müasir orduya, çevik xüsusi təyinatlı bölmələrə malik olmasını şərtləndirir. Bu baxımdan ən yeni texnoloji biliklərə, innovativ təlim bacarıqlarına yiyələnən kadrlara da ciddi ehtiyac və tələbat vardır. Əminik ki, bu il fəaliyyətə başlayan Naxçıvan Hərbi Kolleci gələcəkdə ordumuzun kadr təminatında, Vətənimizin müdafiəsində mühüm rol oynayacaq, xüsusi təyinatlı təhsil müəssisəsinin məzunları öz peşələrinin qəhrəmanlarına çevriləcəklər.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.11.2024 16:20