NAXÇIVAN :

14 Noyabr 2026, Şənbə

Hər ilmədə yaşayan sənət sevgisi

...

Bəzən insanın həyatında elə bir məşğuliyyət olur ki, zaman keçdikcə, sadəcə, iş olmaqdan çıxır, gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir. Bir ilmə, bir sap, bir naxış… İlk baxışda adi görünən bu detalların hər birində zəhmət, səbir və zövq gizlənir. Əllərin hərəkəti ilə saplar bir-birinə qovuşur, ilmələr ilmələrə calanır, ortaya isə həm zəhmətin, həm də sənətə bağlılığın bəhrəsi olan əl işi çıxır. Şahbuz rayon sakini Reyhanə Rəhimova üçün də toxuculuq məhz belə bir sənətdir. Uşaqlıq illərindən başlayan bu maraq zamanla onun həyatının bir parçasına çevrilib.

Reyhanə xanım 1969-cu il mayın 25-də Şahbuz şəhərində anadan olub. 1987-ci ildə Şahbuz Rayon Texniki Peşə Məktəbini bitirərək toxuculuq və xalçaçılıq sənətinin sirlərinə yiyələnib. Ancaq onun bu sənətə bağlılığı peşə məktəbinin qapısından başlamayıb. İlk maraq, ilk öyrənmə həvəsi ailəsində formalaşıb. Anası və nənəsi toxuculuqla məşğul olub, Reyhanə xanım da saplarla işləməyi, ilmə vurmağı, əl əməyinin incəliklərini onlardan öyrənib. Beləcə, ailədə yaşadılan bir sənət ənənəsi onun da həyatına daxil olub.

İnsan uşaqlıqda gördüyü, maraq göstərdiyi bəzi işlərdən illər keçsə də, uzaqlaşmır. Bəzən həmin maraq böyüyür, inkişaf edir və insanın özünü ifadə etdiyi bir vasitəyə çevrilir. Reyhanə xanımın toxuculuqla bağlı hekayəsi də belə başlayıb. Gənclik illərində corab, pencək, papaq və başqa toxuculuq nümunələri hazırlayıb. Qızı dünyaya gəldikdən sonra isə onun əl işlərinin istiqaməti bir qədər dəyişib. Bu dəfə balaca uşaqlar üçün geyimlər toxumağa başlayıb. Hazırladığı paltarların bəyənilməsi, əl əməyinə verilən dəyər onun bu sənətə marağını daha da artırıb. Hər yeni sifariş, hər bəyənilən əl işi isə təcrübəsini artırmaqla yanaşı, gördüyü işə inamını da möhkəmləndirib.

Toxuculuq zahirən sadə görünsə də, hər ilmənin öz yeri, hər naxışın öz qaydası var. İşi yarımçıq qoymamaq, səhvləri vaxtında görmək, sapların uyğunluğunu qorumaq və istənilən nəticəni əldə edənədək diqqəti itirməmək lazımdır. Reyhanə xanım da bu sənətin səbir və diqqət tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, hazırlanan məhsuldan asılı olaraq işin müddəti dəyişir. Burada təkcə sürət deyil, səliqə və keyfiyyət də mühüm əhəmiyyət daşıyır. Çünki əl əməyinin dəyəri yalnız hazır məhsulla deyil, onun ərsəyə gəlməsi üçün sərf olunan zəhmətlə də ölçülür.

Bu gün Reyhanə xanımın əl işləri arasında, xüsusilə uşaqlar üçün hazırladığı geyimlər üstünlük təşkil edir. Əsasən 1-5 yaşlı uşaqlar üçün geyim dəstləri toxuyur. Balacalar üçün hazırlanan bu geyimlər onun uzun illər ərzində qazandığı təcrübənin, əl qabiliyyətinin və zövqünün nəticəsidir.

Əl işlərinin daha geniş auditoriyaya çatmasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi də mühüm rol oynayıb. Reyhanə Rəhimova artıq 15 ildən çoxdur ki, komitə ilə əməkdaşlıq edir, təşkil olunan sərgi və yarmarkalarda iştirak edərək hazırladığı məhsulları nümayiş etdirir və satışa çıxarır. Bu cür tədbirlər əl işlərini insanlara təqdim etmək, onların marağını öyrənmək və əl əməyinə verilən dəyəri görmək baxımından sənətkarlar üçün əhəmiyyətlidir. Reyhanə xanım üçün də bu əməkdaşlıq illər ərzində hazırladığı nümunələri daha çox insana tanıtmaq imkanı yaradıb.

Onun həyatında toxuculuğun başqa bir əhəmiyyətli tərəfi də var. Reyhanə xanım Şahbuz şəhərindəki Ahıllar evində referent kimi çalışır. Burada yalnız öz vəzifəsini yerinə yetirməklə kifayətlənmir, toxuculuq və xalçaçılıqla bağlı bildiklərini sakinlərlə də bölüşür. Bu sənətin incəliklərini onlara könüllü şəkildə öyrədir. Beləcə, illər ərzində özünün öyrəndiyi bacarıqları başqalarına da ötürür. Çünki hər hansı sənətin yaşaması üçün onu bilmək qədər öyrətmək də vacibdir.

Bu gün əl işlərinə marağın qorunması, ənənəvi sənət nümunələrinin yaşadılması və belə bacarıqların yeni nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Reyhanə xanımın fəaliyyəti də bu baxımdan diqqətəlayiqdir. Onun uzun illərdir, davam etdirdiyi məşğuliyyət həm şəxsi bacarığın inkişafına, həm də toxuculuq sənətinin gündəlik həyatda yaşamasına xidmət edir.

 

Səmayə RƏSULOVA

Nəşr edilib : 27.10.2026 14:32