NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Həm tələbə, həm də sahibkar

...

Auditoriyadan mətbəxə uzanan uğur hekayəsi

Muxtar respublikada əzmi və iradəsi ilə biznes quran gənclərin sayı kifayət qədərdir. Onlardan biri də Rəvan Şamilovdur. O, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində Energetika mühəndisliyi ixtisası üzrə təhsil alır. Təhsilini davam etdirmək üçün Bakıdan Naxçıvana gələn gənc sahibkar uşaqlıqdan öz biznesini qurmaq arzusu ilə yaşayıb. İlk dövrlərdə kiçik şəhərdə bu arzunu reallaşdırmağın çətin, hətta mümkünsüz olduğunu düşünsə də, zamanla anlayıb ki, əsas məsələ imkanların məhdudluğu deyil, bazardakı boşluğu görmək və fürsət yarada bilməkdir. Məhz bu yanaşma onu sahibkarlıq fəaliyyətinə yönəldib. “Castle” restoranının yaradılması isə onun üçün asan olmayıb. Müxtəlif səbəblərdən – qış aylarında yaranan problemlər, təhsil yükü, avadanlıqların sıradan çıxması və digər çətinliklər səbəbindən bu işə üç dəfə başlayaraq yarıda qoymalı olub. Buna baxmayaraq, hər dəfə vəziyyəti daha düzgün təhlil edərək və daha hazırlıqlı şəkildə yenidən fəaliyyətə başlayıb.

Rəvan Şamilov Naxçıvanda yeni konseptə və fərqli menyuya ehtiyac olduğunu görərək bu istiqamətdə öz üzərində işləyib, yemək hazırlamağı öyrənib və illərlə topladığı vəsait hesabına kiçik bir məkan açıb. Təqdim etdiyi fərqli menyu qısa müddətdə müştərilərin marağına səbəb olub və zaman keçdikcə məkanın genişləndirilməsinə imkan yaradıb. Onun üçün bu fəaliyyət yalnız maddi qazanc məqsədi daşımır. Bu biznes daha çox uşaqlıq arzularına gedən yolun başlanğıcı kimi qiymətləndirilir. Gələcəkdə qurmağı planlaşdırdığı “RSH” şirkəti onun əsas hədəfidir və hazırkı fəaliyyəti bu məqsədə aparan yolun bir mərhələsi kimi dəyərləndirilir. O, tək bir bizneslə kifayətlənməyi deyil, daha geniş və davamlı bir sistem qurmağı qarşısına məqsəd qoyub. Gənc sahibkar “Castle” restoranını 21 yaşında, ailəsindən uzaqda, tanımadığı bir şəhərdə və eyni zamanda tələbə olduğu dövrdə qurub. Bu proses onun üçün kifayət qədər çətin keçsə də, qazandığı dostların dəstəyi sayəsində biznesini ayaqda saxlaya bilib. Qeyd edək ki, restoran-kafedə təqdim olunan yeməklərin hazırlanmasında da birbaşa özü iştirak edir. Bu sahəyə olan marağı səbəbindən daha əvvəl Bakı şəhərində fəaliyyət göstərən restoranlarda ofisiant kimi çalışıb, peşəkar aşpazların işini müşahidə edərək mətbəx bacarıqlarını inkişaf etdirib. Gənc sahibkar hətta restorana gələn sifarişlərin çatdırılmasını da öz velosipedi ilə yerinə yetirir. Hazırda isə restoran-kafenin fəaliyyətini daha da genişləndirmək planlaşdırılır. Gələcəkdə burada film gecələri, müxtəlif oyunlar və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulur.

Rəvan Şamilovun keçdiyi yol bir daha göstərir ki, şərait heç vaxt ideal olmur. Gözləmək isə çox zaman heç başlamamaq deməkdir. Bu səbəbdən o, risk etməyi, səhvlərdən nəticə çıxarmağı və hər uğursuzluqdan sonra daha güclü şəkildə davam etməyi seçib.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 25.04.2026 09:50