NAXÇIVAN :

15 Mart 2025, Şənbə

Haqqınız sizin təminatınızdır!

...

Bu gün 15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. Günün mahiyyətinə uyğun olaraq istehlakçı hüquqlarının qorunması istiqamətində görülən işlərlə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi sektorunun müdiri Zaur Həsənovdan müsahibə aldıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

Zaur müəllim, istehlakçı hüquqlarının qorunması ölkəmizdə hansı əsaslarla tənzimlənir, ümumiyyətlə, bu sahədə nəzarət mexanizmləri necə həyata keçirilir?

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, bu sahədəki hüquqi bazanın əsasını qoyub və dünya təcrübəsinə uyğun olaraq bu sahənin inkişafı daim diqqətdə saxlanılıb. Azərbaycanda 1995-ci ildən başlayan bu hüquqların müdafiəsi ilə bağlı qanuni əsaslar, zamanla daha da gücləndirilib. İstehlakçı hüquqlarının qorunmasında daha bir mühüm addım isə 2024-cü ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olub. Bu qurum, istehlakçıların mal və xidmətlərə olan tələblərini yerinə yetirməkdən daha çox, onlara sağlam, təhlükəsiz və keyfiyyətli həyat şəraiti təqdim etməyi hədəfləyib.

Muxtar respublikamızda istehlakçıların hüquqlarının qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da istehlakçıların hüquqlarının qorunması iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. Muxtar respublikada daxili bazarda istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş konkret tədbirlər həyata keçirilməkdədir. 2024-cü il ərzində xidmət üzrə istehlakçı hüquqlarının qorunması məqsədilə bir çox  monitorinqlər aparılıb. Bu monitorinqlər zamanı əsassız qiymət artımına yol verilməməsi, saxtalaşdırılmasına əsaslı şübhələr yaranmış məhsulların araşdırılması məqsədilə təsərrüfat subyektlərinə müvafiq sorğular göndərilib, istehlakçıların qiymətdə aldadılması ilə bağlı daxil olmuş  müraciətlərə baxılıb, ticarət obyektində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən çəkidə (ölçüdə) aldadılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilib. Rəqabət və reklam  fəaliyyəti üzrə qanunvericiliyin tələblərinin pozulması əlamətlərinin üzə çıxarılması məqsədilə müvafiq araşdırmalar aparılıb. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyanın davamı olaraq muxtar respublikada görülən işlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla və xidmətlərlə  ödənilməsinə hərtərəfli şərait yaradıb.

Zaur müəllim, çoxlarının “istehlakçı”dedikdə tanımadığı istehlakçı kimdir və hansı hüquqlara malikdir?

Hər gün müxtəlif məhsullar alır, fərqli xidmətlərdən istifadə edirik. Bir restoranda içdiyimiz bir fincan qəhvə, aldığımız yeni bir geyim, ya da onlayn sifariş etdiyimiz kitab – bütün bunları əldə edərkən biz istehlakçıya çevrilirik. Bizim hər birimizin qanunla qorunan istehlakçı hüquqlarımız var. Təəssüf ki, bir çoxumuz bu haqlardan xəbərsizik və haqsızlıqla üzləşdikdə onu həll etməyin mümkün olmadığını düşünürük. Halbuki biz öz hüquqlarımızı bilsək, hər hansı bir problem qarşısında daha inamlı və rahat qərarlar verə bilərik.Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ərazisində istehlakçılar aldıqları malların və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, malların lazımi keyfiyyətdə olmasına, təhlükəsizliyinə, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, lazımi keyfiyyəti olmayan malların insanların sağlamlığına təhlükə olduğu halda vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, həmçinin ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə kimi hüquqlara malikdirlər.

– Ən çox rast gəlinən istehlakçı şikayətləri hansılardır və bu hallarda necə davranmaq lazımdır?

Bəzən vətəndaşlar aldıqları malı müəyyən  səbəblərə  görə dəyişdirmək və  geri qaytarmaq istəyir ki, bu zaman bəzəi satıcılar istehlekçıların bu tələblərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirirlər. Bu ən çox rastlaşdığımız şikayətlərdəndir.  Belə hallarla qarşılaşmamaq üçün istehlakçılar hüquqlarını bilməli və onların müdafiəsini tələb etməkdən çəkinməməlidirlər. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən alınmış mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir. Hansı ki, lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini və sair. Qeyd edək ki,  ötən dövr ərzində istehlakçılar tərəfindən  xidmətə daxil olmuş müraciətlər əsasında satıcı və ya icraçılar tərəfindən 197 manat vəsaitin istehlakçılara qaytarılması və 1500 manat dəyərində dəymiş ziyanın ödənilməsi təmin olunub.

– Onlayn alış-veriş zamanı istehlakçı hüquqları necə qorunur? Aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır?

Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün, ilk növbədə, satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada məhsul əldə edən istehlakçıların hüquqları ilə ənənəvi qaydada mal alan istehlakçının hüquqları bərabərdir. Onlayn qaydada mal alınan zaman istehlakçının hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Ona görədə onlayn qaydada alınmış məhsulu qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dəyişdirmək və ya geri qaytarmaq mümkündür.

 – Biz istehlakçılar öz haqlarmızı qorumaq üçün nə etməliyik? İstehlakçılara verə biləcəyiniz ən vacib məsləhət nədir?

Siz bir istehlakçı olaraq hüquq və vəzifələrinizi yaxşı bilməlisiniz. Alış-veriş zamanı, eləcə də sizə göstəriləcək hər hansı bir xidmət zamanı kassa çeki və qəbzi almağı unutmayın.  Məhsulu almazdan əvvəl keyfiyyətini və  sertifikatlarını yoxlayın və tələb edin. Problem yaranarsa, ilkin olaraq satıcı və ya xidmət təminatçısı ilə danışın.  Hüquqlarınızı qorumaq üçün ehtiyac olarsa rəsmi qurumlara və məhkəməyə müraciət edin. Hər zaman məlumatlı olun, haqlarınızı qorumaqdan çəkinməyin və ən əsası – keyfiyyətli xidmət və məhsul tələb etməyə haqqınız olduğunu unutmayın! 

– Zaur müəllim, maraqlı və əhatəli müsahibəniz üçün təşəkkür edirəm.

Müsahibəni hazırladı: Gülcamal TAHİROVA

 

Nəşr edilib : 15.03.2025 10:00