NAXÇIVAN :

29 Yanvar 2025, Çərşənbə

Halal et, şəhidim!

...

Bu gün yolum o torpaqlara düşdü, şəhidim. Qan izlərin olan torpağa. Gülə-gülə qurban getdiyin torpağa. Hər damlayan qanından yarpaq-yarpaq göyərən ana torpağa. Halallıq almağa gəldim.
Addım-addım əldə etdiyin azadlığın qanından süzülən sevinc dolu göz yaşlarını halal et. Göz yaşımda boğulub yenidən doğuldum. Yenidən doğulmağımı halal et, şəhidim. 
Əllərindən, ayaqlarından, gözlərindən zinət vurmusan. Vətən torpağı böyüsün, bütövləşsin deyə qaraca torpağa dönmüsən buralarda. Üzümüz ağ olsun deyə qara torpağa dönən şəhidim, halal et.
Gəlmişəm, özümə yenidən ev-ocaq qururam. Sənin qurban olduğun yerdə qurban kəsirəm. Bağışla məni, şəhidim.
Qanınla suvarılan torpağı əkib-becərirəm. Qızıl sünbüllü buğdanı üyüdüb yurd ətirli çörək bişirirəm. Burnuma bir qoxu gəlir... Sənin qoxun, şəhidim. Günlərlə ac-susuz qalıb, mənə bu toxluğu yaşatdığın üçün halal et.
Hələ həyətdəki yüzillik çinar ağacından bir yelləncək də asmışam. Uşaqlarım, nəvələrim mənimlə əylənsin deyə. Bağışla, nə olar! Sənin övladlarının əlindən alınan uşaqlıqlarına bağışla. Ata nəvazişinə, ata qoxusuna tamarzı qoyduğun körpənin “Ata, haradasan?” – deyən həsrət dolu səsinə, baxışlarına bağışla məni.
“İrəli!” – deyib dostlarını arxanca aparan zaman, düşmənə toy tutduğun yerdə bu daşlarda donub qalan oynaq bədəninə bağışla məni.
Oğluma, qızıma, nəvəmə, nəticəmə nişan aparıb, toy çaldırıram, sənin qanınla qırmızı nişan örpəyinə bürünmüş bu torpağın üstündə. Halal et, şəhidim! Nakam ömrünə, yarımçıq qalan nişanına, toyuna bağışla məni.
Oxuduğun Vətən mahnısının sədalarına “Heyvagülü”, “Qaytağı”, “Vağzalı” sədalarını qatıram. Yenə də gülə-gülə rəqs edirəm. Üzündə donan nurlu təbəssümünü mənə bağışladın. Halal et, şəhidim.
Rahat evimdə, azad torpağımda oturub sevdiklərimlə, dostla, tanışla telefonla şirin-şirin söhbət edirəm. Övladlarımın telefon mesajlarına gözəl xəbərlərlə cavab verirəm. Şəhidim, yarımçıq qalmış sözünə, yazdığın son mesajlarına bağışla. “Anamdan muğayat olun”, “Övladlarım sizə əmanət. Təki Vətən sağ olsun!”, “Mən ölsəm ağlamayın, yerim narahat olar” – bu qürur dolu, sevgi dolu cümlələrin ağırlığına, acısına, həsrətinə bağışla məni, şəhidim.
Mənim şad günlərim başladı artıq, şəhidim. Adını tutub, “Vahid, sorma, Vətən nədən yaxşıdır?” sualının cavabını yaşayıram. Son anında üçrəngli bayrağı anan kimi bağrına basıb göy üzünə ucalarkən cavabını ala bilmədiyin suallarına bağışla məni. Halal et, şəhidim!
Harada xarıbülbül çiçəyi görsəm, sən ürəyimdən keçirsən. Həyətimizdə, evimizdə bu çiçəyi yetirib-bitirirəm. Yaşadıram səni. Polad kimi möhkəm, sınmayan ruhuna, çiçək kimi solan zərif cisminə bağışla məni, şəhidim!
Özünü qurban verib, Vətəni əmanət etdiyin və Vətənə əmanət etdiyin övladlarına, atana, anana, bacına, qardaşına sevdiklərinə bağışla bizi... Haqqımızı düşməndən alıb, haqq dünyasına qovuşanım, özünün gələcəyinə Vətən adında qırmızı bir xətt çəkib, bizi bizə, keçmişimizə, gələcəyimizə qovuşduranım, ­halal et! 
Halat et, şəhidim!

Təranə Arifqızı
 

Nəşr edilib : 05.11.2024 10:17