NAXÇIVAN :

03 Avqust 2026, Bazar ertəsi

Gözoxşayan mənzərə, həm də zəhmətin bəhrəsi: günəbaxan tarlası

...

Günəş dağların arxasına çəkilir, torpaq isə sanki birgünlük zəhmətdən sonra dincini almaq üçün hazırlaşır. Yolumuz Babək rayonunun Cəhri qəsəbəsindəki günəbaxan tarlasına düşür. Gün batımının qızılı şəfəqləri günəbaxanların sarı ləçəklərinə toxunduqca tarla daha da füsunkar görünür. Günəşə doğru boylanan günəbaxanlar sanki onunla son dəfə görüşürmüş kimi bir istiqamətə çevrilib. Elə bu səbəbdən çəkilişimizi gün batımı saatına təsadüf etdirmişdik. Çünki günün bu anında günəbaxan tarlası təkcə göz oxşamır, həm də torpağın bərəkətini, zəhmətin dəyərini və təbiətin möcüzəsini bütün gözəlliyi ilə nümayiş etdirirdi. 
Son illərdə ölkəmizdə yağlı bitkilərin istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlər də bu sahəyə marağı artırıb. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda yağlı bitkilərin istehsalının genişləndirilməsi prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Cəhridə salınan bu günəbaxan sahəsi də həmin hədəflərin yerlərdə uğurla həyata keçirildiyini göstərən nümunələrdəndir. Bu ecazkar mənzərənin fonunda günəbaxan yetişdirən təsərrüfatçı ilə həmsöhbət oluruq. Tarlada bizi qarşılayan Murtuz Qasımov bu sahədə birinci ilini yaşasa da, əkinə böyük həvəslə yanaşdığı ilk baxışdan hiss olunur. 
“Bir ildir, günəbaxan əkini ilə məşğulam”, – deyə söhbətə başlayan Murtuz Qasımov bildirdi ki, Cəhri qəsəbəsinin torpaq və iqlim şəraiti bu bitki üçün əlverişlidir. O, ilk olaraq bir hektar sahədə günəbaxan əkib. Təsərrüfatçının sözlərinə görə, bu il yağıntıların bol olması və sahəyə vaxtında qulluq göstərilməsi məhsuldarlıqla bağlı gözləntilərini artırıb.
Müsahibim deyir ki, günəbaxan yetişdirmək ilk baxışda asan görünsə də, bol məhsul əldə etmək üçün bütün mərhələlərə məsuliyyətlə yanaşmaq vacibdir. Əkinə başlamazdan əvvəl torpaq üzvi gübrələrlə zənginləşdirilir, şumlanır və səpinə hazırlanır. Aprel-may aylarında torpağa səpilən toxumlar yay boyu göstərilən aqrotexniki qulluq nəticəsində inkişaf edir. Avqustun sonu, sentyabrın əvvəlində isə günəbaxan tam yetişir, tumlar dolğunlaşır və məhsul yığımına başlanılır.
İlk dəfə bu sahədə fəaliyyət göstərməsinə baxmayaraq, Murtuz Qasımovun həvəsi azalmayıb. Əksinə, qazandığı ilk təcrübə ona növbəti illər üçün daha böyük inam verib. Məhsuldarlığın gözləntiləri doğruldacağı təqdirdə gələcək mövsümlərdə əkin sahəsini genişləndirməyi planlaşdırır.
“Günəbaxan həm iqtisadi baxımdan gəlirli məhsuldur, həm də bitki yağı istehsalında mühüm yer tutur. Bu sahənin perspektivinə inanıram. İmkan yaranarsa, əkin sahəsini artıracağam”, – deyə təsərrüfatçı bildirir.
Müsahibim onu da vurğulayır ki, günəbaxan tumu təkcə sevilən çərəz deyil. Tərkibindəki vitamin və minerallar onu qidalı məhsula çevirir. Eyni zamanda bitki yağı sənayesinin əsas xammallarından biri kimi də mühüm əhəmiyyət daşıyır. Məhz buna görə günəbaxan həm kənd təsərrüfatında, həm də gündəlik qidalanmada özünəməxsus yer tutur.
Söhbət əsnasında məlum olur ki, təsərrüfatçı gələcəkdə əkin sahəsini genişləndirməklə yanaşı, məhsuldarlığı daha da artırmaq üçün müasir aqrotexniki üsullardan istifadə etməyi də planlaşdırır. Bu isə kənd təsərrüfatında yeni yanaşmaların tətbiqinin və fermerlərin inkişaf istəyinin göstəricisidir.
Təsərrüfatçı ilə söhbətimizi başa vurub tarladan ayrılırıq. Arxaya boylananda Günəşin son şəfəqləri altında bir istiqamətə üz tutan günəbaxanlar sanki zəhmətin səssiz şahidlərinə çevrilmişdi. Həmin an bir daha anlayırsan ki, hər yetişən məhsulun arxasında aylarla davam edən zəhmət, səbir və torpağa sevgi dayanır. Bu tarladan isə təkcə gözoxşayan mənzərə ilə deyil, zəhmətin əsl dəyərini bir daha hiss edərək ayrılırıq.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 02.08.2026 17:55