NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Gözəl mövsüm, gizli təhlükə

...

Yaz təbiətin dirçəlişi, rənglərin canlanması, həyatın yenidən nəfəs alması deməkdir. Ancaq bu gözəlliyin arxa fonunda görünməyən bir tərəf də var: orqanizmin dəyişən mühitə uyğunlaşma mübarizəsi. Qışın soyuq və qapalı günlərindən sonra birdən-birə dəyişən hava şəraiti, temperatur fərqləri, külək və havada artan tozcuqlar insan sağlamlığı üçün müəyyən risklər yaradır. Xüsusilə bu mövsümdə allergik reaksiyalar daha çox özünü büruzə verir. Çiçəklərin açması ilə havaya yayılan tozcuqlar, toz və digər allergenlər bir çox insan üçün narahatlıq mənbəyinə çevrilir. Burun tutulması, gözlərdə yaşarma, davamlı asqırma və halsızlıq artıq yazın “səssiz müşayiətçiləri” kimi qəbul olunur. Eyni zamanda immun sistemin mövsümi keçidlərdə zəifləməsi müxtəlif virus və infeksiyaların yayılmasına da zəmin yaradır.

Bütün bunların fonunda sual yaranır: Yazın gətirdiyi bu sağlamlıq problemlərinin qarşısını almaq mümkündürmü? Mövsumi xəstəliklər və allergiyalarla necə mübarizə aparmaq olar? Məsələyə daha dərindən aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim allerqoloqu Arzu Rəhimova  ilə həmsöhbət olduq.

– Yaz aylarında xəstəliklərin və allergiyaların artmasının əsas səbəbləri nələrdir?

Əsas səbəblərdən biri hava şəraitinin qeyri-sabit olmasıdır. Yazda temperatur tez-tez dəyişir, gün ərzində kəskin istiləşmə və soyuma baş verir. Bu isə orqanizmin uyğunlaşmasını çətinləşdirir və xüsusilə tənəffüs yolları infeksiyalarına (soyuqdəymə, virus infeksiyaları) yoluxma riskini artırır. Bundan əlavə, yaz aylarında insanlar daha çox açıq havada olur, kollektiv mühitlərdə və ictimai yerlərdə daha aktiv iştirak edir. Bu da virusların yayılmasını asanlaşdırır. Eyni zamanda yaz küləkləri və dəyişkən hava şəraiti boğaz və tənəffüs yollarının qıcıqlanmasına səbəb olur, bu da infeksiyaların orqanizmə daxil olmasını asanlaşdırır.

Yaz aylarında təbiətin canlanması ilə əlaqədar polen (tozcuq) miqdarı artır, açıq havada daha çox vaxt keçirmə ilə əlaqədar allergen kontaktı artır. Temperatur dəyişkənliyi, virusların (xüsusilə respirator virusların) aktivliyi davam edir. İnfeksion proseslər allergiyanın şiddətlənməsinə zəmin yaradır.

– İqlim dəyişiklikləri və temperaturun yüksəlməsi insan sağlamlığına necə təsir edir?

Polen mövsümü uzanır və intensivləşir. Allergenlə təmasın uzanması allergik reaksiyanın da uzanmasına səbəb olur. Hava çirkliliyi və isti allergik proses nəticəsində çətinliklə tənəffüs prosesində iştirak etməyə çalışan yuxarı tənəffüs yollarının işini daha da çətinləşdirir, allergik rinit və astmanı ağırlaşmasına səbəb olur. Dehidratasiya və elektrolit balansının pozulması, infeksiyaların yayılma modeli dəyişir, xroniki xəstəliklərin (xüsusilə tənəffüs və ürək-damar) kəskinləşməsi artır.

– Yaz mövsümündə immun sisteminin zəifləməsi halları artırmı? Bunun səbəbi nədir?

Yaz mövsümündə immun sisteminin zəifləməsi immunitetin temperatur dəyişikliyinə adaptasiya dövrü ilə əlaqədardır. Səbəblərə  qışdan sonra vitamin D və mikroelementlərin azalması, gün rejiminin dəyişməsi, mövsümi allergenlərin immun sistemini yormasını misal göstərə bilərik. Eyni zamanda yaz aylarında yorğunluq, yuxu rejiminin pozulması və qidalanmada vitamin-mineral balansının tam bərpa olunmaması da immun sistemə təsir edən əlavə faktorlardandır.

Uşaqlarda yaz allergiyası böyüklərdən fərqli necə özünü göstərir?

Uşaqlarda daha çox dəri əlamətləri (atopik dermatit, səpgilər)müşahidə olunur. Bununla yanaşı, qıcıqlanma, yuxu pozğunluğu, burun tutulması ilə yanaşı gedən tez-tez öskürək, astmaya keçid riski daha yüksək olur. Böyüklərdə isə daha çox allergik rinit və konjonktivit formasında özünü göstərir. Digər var olan xroniki xəstəliklərin təsiri ilə allergik reaksiyada xroniki gedişli ola bilir.

– Allergiyası olan şəxslər yazda hansı profilaktik tədbirlərə diqqət etməlidir?

İlk növbədə, allergenlə təması minimuma endirmək üçün polen pik saatlarında (səhər və küləkli hava) çölə çıxışı azaltmaq, evdə pəncərələri bağlı saxlamaq (xüsusilə səhərlər), günlük duş və geyim dəyişimi (polenlər geyimlərin üstünə yapışıb qalır deyə). Sonra isə burunu nəm saxlamaq məqsədi ilə tez-tez burun yuyulması (izotonik məhlullar) və hava təmizləyicilər istifadəsi məqsədəuyğundur.

Allergiya irsi faktorlarla nə dərəcədə bağlıdır?

Valideynlər allergikdirsə, 50-70 faiz risk ehtimalı var. Amma ətraf mühit faktoru da böyük əhəmiyyət kəsb edir.

Yazda bağırsaq infeksiyalarının artmasının səbəbi nədir?

Temperatur artımı ilə əlaqədar bakteriyaların sürətli çoxalması, qida saxlanma şəraitinin pozulması, açıq havada qidalanma (street food, pikniklər), su gigiyenasının pozulması, uşaqlarda əl gigiyenasının zəif olması səbəblərdən bir neçəsidir.

Vitamin çatışmazlığı allergiyaların şiddətini artırırmı?

Bəli, xüsusilə vitamin D immun tənzimləyici rol oynayır, vitamin C və E antioksidant təsir, sink çatışmazlığı immun sisteminin zəifləməsi allergik reaksiyaları daha ağır və uzunmüddətli edə bilir.

Hansı bitkilər yazda daha çox allergiyaya səbəb olur?

Ən çox ağaclardan Ağcaqayın (birch), Palıd, Qovaq, erkən yaz otları, sonrakı mərhələdə çəmən otları polenleri daha çox insanda allergik reaksiyalara səbəb ola bilər.

Həşərat sancmaları allergik reaksiyalar zamanı  nə dərəcədə təhlükəlidir?

Həşərat sancmaları sistemik reaksiyalar verdiyi hallarda təhlükəli sayıla bilər. Xüsusilə anafilaktik şok vermə riski olan insanlarda. Həşərat allergiyası şiddətli olan şəxslər həşərat çox olan bölgələrə getdikdə mütləq şəkildə yanlarında ilkin yardım üçün adrenalin daşımalıdırlar. Adrenalinin insanın özünün tətbiq edə biləcəcəyi auto-injektor formaları mövcuddur.

Günay HACIYEVA

Nəşr edilib : 15.04.2026 14:28