NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

...

Göygöl rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanışlıq olub.
“Şərq qapısı” xəbər verir ki, rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşı ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə, moruqçuluq və heyvandarlıq təsərrüfatlarına baxış keçiriblər. Sahibkar Rafail Mustafayev 250 hektar sahədə 1375 ton məhsul, yəni hər hektardan 60 sentner buğda əldə etməyi hədəfləyir. 50 hektar sahədə artıq şum işləri aparılıb. Digər sahibkar Taleh Hüseynov isə 200 hektar sahədə 1000 ton buğda istehsal etməyi və 2 pivot suvarma sistemi quraşdırmağı planlaşdırır. Bu təsərrüfatda da 50 hektar sahədə şum işləri görülüb və hazırlıq tədbirləri davam etdirilir.
Rayonda intensiv moruqçuluğun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Qoşqar Rzayev 6 hektar, Fuad Zalov isə 8 hektar intensiv moruqçuluq təsərrüfatı yaradıb və damcı suvarma sistemi quraşdırılıb. Hər iki təsərrüfatda əlavə torpaq sahələri alınaraq təsərrüfatın genişləndirilməsi nəzərdə tutulub.
Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr diqqət çəkir. Bəhruz Mustafa Avstriyadan 100 baş “Simmental” cinsli ətlik heyvan gətirməyi planlaşdırır. Layihənin həyata keçirilməsi nəticəsində ət istehsalının 37 ton artacağı gözlənilir. Yaşar Məmmədzadə isə Almaniyadan “Holşteyn-Friz” cinsli südlük heyvan alacaq və bununla süd istehsalının 390 min litr artırılması nəzərdə tutulur. Hazırda hər iki təsərrüfatda heyvanların alınması ilə bağlı araşdırmalar aparılır. İşlər 2026-cı ilin avqustunda başlanıb və 2028-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.
Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Sonra rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Nəşr edilib : 14.09.2026 18:51