NAXÇIVAN :

04 Dekabr 2024, Çərşənbə

Gimnastlar şəhəri rəngli görüntülərlə bəzəməyə davam edir

...

Naxçıvan şəhərində “İdman hamı üçün” layihəsi çərçivəsində açıq gimnastika məşğələləri davam etdirilir. Bir neçə həftəlik ardıcıl periodun davamında gimnastlar bu dəfə Cahan AVM-ə aid istirahət parkında bacarıqlarını nümayiş etdiriblər.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin adıçəkilən layihəsi çərçivəsində təşkil olunan açıq məşğələdə 40-dan çox uşaq iştirak edib. Onlara bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə muxtar respublika yığma komandasının baş məşqçisi, İdman ustası Humay Qafarova tərəfindən ustad dərsi keçilib, məşq prosesi icra olunub. 

Bu tip tədbirlərin əsas hədəfi əhalini sağlam həyat tərzinə təşviq etmək, asudə vaxtlarının maraqlı və əyləncəli keçməsinə zəmin yaratmaqdır. İnsanlar üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümü olan “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. 

Qeyd edək ki, hər kəsin qoşula biləcəyi bu məşğələlər hava şəraitindən asılı olaraq hər həftənin şənbə günü (saat 19:00-da) şəhərin müxtəlif istirahət parklarında davam etdiriləcəkdir.

Nəşr edilib : 26.08.2024 15:16