NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Genderlə bağlı növbəti təlim keçirilib

...

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 30 sentyabr 2024-cü il tarixdə Komitədə keçirilən təlimə Babək rayonunda fəaliyyət göstərən bələdiyyələrin məsul şəxsləri cəlb ediliblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların fəal iştirakından danışıb. Bildirilib ki, Bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasının əsas məqsədi yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsidir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov müvafiq komissiyaların yaradılmasının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu kimi təlimlərin keçirilməsi müvafiq komissiyaların fəaliyyətində peşəkarlığı daha da artıracaq.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Qadın və kişilər arasında sosial bərabərliyin gender bərabərliyi kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 30.09.2024 20:12