Qalib xalqın zəfər gəncləri
16:25 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
Nigar Mirzəmmədova artıq 10 ilə yaxındır ki, Şahbuz rayonunun Ağbulaq kənd tam orta məktəbində dərs deyir. Şəhər mərkəzindən ucqar dağ kəndinə gəlmək üçün hər səhər saat 7-də yola düşür. Yol nə qədər onu yorsa da, məktəbin həyətinə qədəm qoyan andan bütün yorğunluğu unudur. Yol uzandıqca söhbətimiz daha xoş, səmimi və maraqlı olur. Gənc müəllim deyir ki, həmişə macəralar axtarışında olmuşam. Fərqlilik, digər mühitdə yaşayan insanların həyat tərzi həmişə diqqətimi çəkib. Özüm Babək rayonunda doğulub boya-başa çatmışam. Biləndə ki, Şahbuz rayonunun Ağbulaq kəndində ingilis dili müəlliminə ehtiyac var, bir müəllim kimi fədakarlığı öhdəmə götürməyi özümə borc bildim. Onun söhbətindən də görünür ki, insanın zəhmətinə dəyər verənlər olduqdan sonra heç bir çətinlik onu yorub-usandırmır.
“Uşaq yaşlarımdan öyrətməyə böyük həvəsim var. Müəllim olmaq mənim uşaqlıq arzum olub. Bura gəldiyim ilk illərdə özümü romanlardakı qəhrəmanlar kimi hiss edirdim”, – deyən gənc müəllim söhbətinə belə davam edir: “Məktəb yaşlarımda bir kitab oxumuşdum. Ucqar dağ kəndinin şaxtasına, boranına, əzab-əziyyətinə baxmayaraq, bir gənc müəllim şagirdlərinə həvəslə, təmkinlə təkcə bilik öyrətmirdi, həm də həyatı sevdirirdi, arzuları reallaşdırmaq, məqsədə çatmağın yollarını göstərirdi. O kitabın qəhrəman müəllimi hər zaman ideal müəllim olmağa səsləyib məni. Elə təhsil aldığım məktəbin, universitetin müəllimlərinin də bu peşəni sevməyimdə əməkləri böyükdür. Şagirdlərimi və onlarla işləməyi sevirəm. Öyrənməyə maraqlı şagirdləri gördükcə bu mənə peşəmi daha çox sevdirir, onların gözlərindəki parıltı mənə stimul verir”.
Yolboyu ona əziz, doğma olan Ağbulaq məktəbində yaşadığı xoş təəssüratları bizimlə bölüşən yazımızın qəhrəmanı ilə elə həmin məktəbə yaxınlaşırıq. Nigar müəllimlə onun sinif rəhbəri olduğu sinif otağına baş çəkirik. Uşaqlar onu gördükdə sanki gözlərinin içi gülür, simalarında xoş təbəssüm yaranır. Deyir ki, uşaqların təhsilə marağı var. Sinifdə oğlanlar çoxluq təşkil etsə də, qızlar oğlanlara nisbətən daha fəal və oxumağa meyillidirlər.
Nigar müəllim deyir ki, məktəb ucqar kənddə yerləşməsinə baxmayaraq, Naxçıvanın müxtəlif rayonlarından burada dərs deyənlər olub və hazırda da var. Bu peşəyə yiyələnən gənc müəllimlərə kiçik bir məsləhəti də var Nigar müəllimin. Deyir ki, əksər müəllimlər öz rahatlığı üçün yaşadığı yerdə işləməyi üstün tutur. Lakin mən gənc müəllimlərə məsləhət görərdim ki, müqəddəs peşəyə başlayarkən belə yerləri seçsinlər. Onlar burada püxtələşəcək və daha yaxşı inkişaf edəcəklər.
Xüsusi bir məqamı da oxucularımızla bölüşmək istərdik. Nigar müəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 31 yanvar tarixli Sərəncamı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təhsil sahəsində xüsusi fərqləndiyinə görə gənclər üçün Prezident mükafatına layiq görülüb. Prezident mükafatçısı deyir ki, bu mükafat mənim həyatımdakı ən böyük uğur, ən böyük nailiyyətdir. Əməyimə göstərilən bu qayğı və diqqət, verilən bu dəyər məndə daha böyük ruh yüksəkliyi yaratdı, məni daha məhsuldar fəaliyyət göstərməyə sövq etdi. Var gücümlə çalışıram ki, əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli gəncliyin yetişməsində biliyimi, bacarığımı əsirgəməyəcəm. Bir müəllim kimi öz üzərimə düşən vəzifələri yerinə yetirməklə yanaşı, həm də gələcək nəsil üçün millətini, torpağını, yurdunu, el-obasını sevən vətənpərvər şagirdlər yetişdirirəm, bunu özüm üçün mənəvi borc hesab edirəm.
Bu gün təhsil sahəsində səmərəli fəaliyyətinə görə xüsusi fərqlənən Nigar Mirzəmmədova kimi gənclərimiz gələcəyimizin bir daha əmin əllərdə olduğunu göstərir. Özü gənc olsa da, həm də gənc nəslin hərtərəfli böyüməsinə öz töhfəsini verən gənc müəllimə bundan sonra da fəaliyyətində uğurlar arzu edirik.
Gülcamal TAHİROVA
Digər xəbərlər