NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Gənclərin hüquqi savadlılığı sosial aktivlik və dinamik inkişafın əsas mexanizmidir

...

Hüquqi savadlılığa ədalət anlayışını, qanunun aliliyini, hüquqi prinsipləri və insan hüquqlarının müdafiəsinin əhəmiyyətini dərk etməyi özündə ehtiva edən geniş aspektli bir platforma kimi baxmaq olar. Hüquqi biliklərə malik olmaq isə yalnız qanunları oxuyub onları tətbiq etmək deyil, eyni zamanda insanların hüquqlarını bilmək, qorumaq və vəzifələrini dərk etmək baxımından çox əhəmiyyətlidir.

Gənclər üçün hüquqi savadlılıq, hüquqi biliklərinin artırılması onların cəmiyyət və dövlət qarşısında daha məsuliyyətli, inamlı və təşəbbüskar vətəndaş kimi formalaşması üçün vacib şərtlərdən biridir. Çünki hüquqi savadlılıq həm də gənclərin sosial aktivliyinin mühüm dayağıdır. Hüquqlarını bilən və onları müdafiə etməyi bacaran gənc həm özünün, həm də cəmiyyətin inkişafına töhfə verməyə daha çox səy göstərir və uğurlar qazanır. Zəngin hüquqi biliklər gənclərin sosial mühitlərdə, müxtəlif istiqamətli layihələrdə, yerli və beynəlxalq səviyyəli tədbirlərdə, ictimai hərəkatlarda və könüllülük fəaliyyətlərində həm özünümüdafiələrini gücləndirir, həm də dinamik inkişafı təmin edir.

Təəssüf ki, bütün gənclərin kifayət qədər geniş hüquqi savadlılığının olmaması günümüzün aktual problemlərindən biridir. Qanunlardan xəbərsiz olmaq onların hüquqlarının pozulmasına və gündəlik həyatda haqsızlıqlarla qarşılaşdıqları zaman doğru addım ata bilməmələrinə səbəb olur. Məsələn, qeyri-qanuni iş şəraitində çalışan, əmək hüquqlarını bilməyən gənclər və ya internet vasitəsilə alış-veriş, digər onlayn xidmətlərdən istifadə edən gənclər istehlakçı hüquqları ilə bağlı tez-tez hüquqi çətinliklərlə üzləşirlər. Normal olaraq bu problemlər yalnız şəxsi səviyyədə deyil, cəmiyyətin ümumi hüquq sisteminə də ciddi təsir edir. Bu kimi problemlərin həlli üçün maarifləndirmə işlərinin aparılması zəruridir. Məsələn ali təhsil müəssisələrində yalnız hüquq fakültəsində oxuyan tələbələr üçün deyil, digər ixtisaslarda təhsil alan gənclər üçün də həftədə bir, yaxud iki dəfə hüquq dərslərinin tədrisi, bu dərslərdə insan hüquqları, ümumi hüquqi anlayışlar, vətəndaşın hüquq və vəzifələri kimi mövzuların keçirilməsi gənclərin hüquqi savadlılığının artırılmasında faydalı ola bilər. Eyni zamanda son illərdə müxtəlif dövlət və qeyri-hökumət təşkilatları (QHT-lər), könüllülük hərəkatları tərəfindən gənclər üçün hüquqi maarifləndirmə proqramları, ictimai maarifləndirmə kampaniyaları həyata keçirilir. Bu layihələr vasitəsilə təşkil olunan hüquqi seminarlar, panel sessiyalar və interaktiv təlimlərdə yalnız hüquq fakültəsində təhsil alan tələbələr deyil, digər gənclərin də iştirakı üçün şərait yaradılması hüquqi maarifləndirmə prosesinə yaxından dəstək olar.

Bildiyimiz kimi, müasir texnologiyaların günümüzə sürətlə axın etdiyi bu dövrdə gənclərin əksər hissəsi vaxtlarını sosial şəbəkə platformalarında keçirməyə, əylənərək öyrənmək, audiovizual şəkildə yeni biliklər əldə etməyə üstünlük verirlər. Gənclər üçün lazım olan hüquqi məlumatları, hüquqi maarifləndirməni onların maraqlandığı sosial platformalar vasitəsilə təqdim etmək daha əlçatan və əsas hərəkətverici qüvvə olar. Hüquqi savadlı gənclərin uğurlu addımlarını sağlam gələcəyə, dinamik inkişafa təsir edən əsas faktor kimi qiymətləndirə bilərik. Bu zaman gənclər daimi inkişafda daha məqsədyönlü addımlar atır, hüquqi çərçivələri bilməklə özlərini müxtəlif təhlükələrdən və risklərdən qoruya bilirlər.

Yekun olaraq deyək ki, gənclər hər hansı sahədə addım atmaqdan əvvəl diqqətli olmalı, hüquqşünaslarla məsləhətləşməli, hüquqi biliklərə yiyələnməlidirlər. Bu yolla ölkəmizdə həm hüquqi savadlılıq artar, həm də gənclər cəmiyyətdə, ictimai müzakirələrdə daha fəal təmsil olunar, qanunların tənzimlənməsində və sosial problemlərin həllində öz mövqelərini özgüvənli şəkildə ifadə edərlər. Unutmayaq ki, gənclərdə hüquqi savadlılığın artırılması yalnız onların fərdi inkişafına deyil, bütövlükdə, bir cəmiyyətin gələcəyinin tərəqqisinə xidmət edən əsas mexanizmdir. Bu sahədə maarifləndirilmiş, fəal və məlumatlı gənclər yaranan ictimai problemlərə biganə qalmır və gələcək nəsillərə güclü bir hüquqi sistem ötürürlər. Gənclərin hüquqi biliklərinin zənginliyi, sosial fəallığı və dinamik inkişafı davamlı inkişaf edən bir cəmiyyətin özəyini təşkil edən əsas mexanizmdir.

Bəhriyyə HÜSEYNLİ

Naxçıvan Dövlət Universitetinin

hüquqşünaslıq  ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 17.06.2025 14:54