NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Gənclərə effektiv ünsiyyət metodları öyrədilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Emosional zəka və ünsiyyət strategiyaları” mövzusunda təlim keçirilib. Mədəniyyət sahəsində fəaliyyət göstərən gənclərin qatıldığı tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin təşkilatçılığı, Naxçıvan Təlim Mərkəzinin dəstəyi ilə baş tutub. Təlim əməkdaşların emosional zəka bacarıqlarını artırmaq, ziyarətçilərlə empatik və peşəkar ünsiyyət qurmaq, konfliktləri idarə etmək və çətin situasiyalarda öz emosiyalarına nəzarətetmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. 

Əvvəlcə təşkilatçı qurumların nümayəndələri çıxış edərək təlimin əhəmiyyəti və gənclərin şəxsi inkişafında oynadığı roldan danışıblar. Qeyd olunub ki, emosional zəkanın inkişafına dair müasir təlim metodları gənclərin ünsiyyət bacarıqlarını gücləndirməklə yanaşı, onların yeni təcrübələr qazanması, peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfə verir. 

Təlimçi, ASA Tədris Akademiyasının rəhbəri İlhamə Novruzova emosional zəkanın komponentləri, bədən dili, duyğusal məlumatların tanınması və emalı, habelə effektiv ünsiyyətin əsas prinsiplərini iştirakçıların diqqətinə çatdırıb. Təlim interaktiv formada təşkil olunub. İştirakçılar komandalar şəklində tapşırıqlar yerinə yetirərək real situasiyalar və simulyasiyalar əsasında praktiki bacarıqlarını nümayiş etdiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlim testlərlə yekunlaşıb.

Nəşr edilib : 13.05.2025 16:19